Tarixi abidələrlə zəngin olan Sulut kəndi

Sulut kəndi Azərbaycanın qədim və gözəl yaşayış məntəqələrindən biridir.

Sulut İsmayıllı şəhərindən 45 km. Şərqdə, Şamaxı şəhərindən 39 km. Şimali-Qərbdə Fit dağının ətəyində, Böyük Qafqaz dağlarının cənubunda yerləşir.

Kənd sənətkarlıq mərkəzi olan Lahıc, Basqal, Mücü, Xankəndi, Ağsu rayonunun bir neçə kəndi ilə – Sanqalan, Quzay, Qırlar, Kalva, Hacman, Şamaxı rayonunun bəzi kəndləri ilə əhatə olunub. Kəndin ərazisində olan qala, tikili qalıqları, tapılan maddi-mədəniyyət nümunələri, müxtəlif dövrlərdə zərb edilmiş pullar burada eramızın ilk əsrlərindən yaşayış olmasını sübut edir. Kəndin tarixi çox qədim olsa da, dəqiq müəyyənləşdirilməmişdir.

Buzxana…

XIX əsrin əvvəllərində sonuncu Şamaxı xanı Mustafa xan tərəfindən (Fit dağı yaxınlığında) inşa edildiyi güman edilir.

Abidə XIV-XVIII əsrlərə aid edilir. Uzunluğu 12, eni 7 metr olan bu abidə çay daşından tikilib. Abidənin üstü tağvar formada tamamlanıb. Onun əsas hissəsi yerin altındadır və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfindən divarların bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Kənd sakinləri buna “Şamaxı daşı” deyirlər.

Buzxananın Cənub-Qərb küncündə onun kiçik və darısqal qapısı yerləşir. Belə söyləyirlər ki, Şirvan xanları buradan ərzaq məhsulları saxlamaq üçün soyuducu kimi istifadə ediblər. Lakin bu, o qədər də inandırıcı deyildir. Çünki Fit dağının dibində, Sulut və Haram çaylarının boğazında əfsanəvi “Buz bulağı”nın, necə deyərlər, lap beş addımlığında açıq hava özü elə soyuducudur. Belə olduğu halda, əlbəttə, orada əlavə bir soyuducuya ehtiyac ola bilməzdi.

“Buzxana” adı ilə məlum olan bu tikilidən bir zamanlar hansı məqsəd üçün istifadə edildiyini dəqiq demək çətindir. Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, ora daha çox kiçik həbsxana kamerasını xatırladır. Ola bilsin ki, mövcud qaydaları pozanlar, itaət göstərməyənlər buraya salınmaqla cəzalandırılıb. Binanın quruluşu məhz bu cür düşünməyə əsas verir.

İsmayıl Faxtiyev

Şərh Yaz