Şəhid Xəyyam Daşdəmirovun il dönümü qeyd olunub  

Zəfərlə bitən 44 günlük Vətən müharibəsinin təkan mərhələsi olan Tovuz döyüşlərində İsmayıllı rayonunun yetirməsi Xəyyam Daşdəmirov 3 il əvvəl – 12 iyul 2020-ci ildə şəhidlik zirvəsinə ucalanlardan biri olub.

X.Daşdəmirovun şəhadətə qovuşmasının 3-cü ildönümü münasibəti ilə məzarı ziyarət olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları YAP İsmayıllı rayon təşkilatının sədri, İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri ziyarətdə iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şəhidin ailəsi evlərində ziyarət edilib.

Çıxış edənlər Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşləri barədə danışıblar. Tovuz döyüşlərində vətənin müdafiəsi uğrunda canından keçən Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyiblər.

Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb və 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. İyulun 13-də doğulduğu İsmayıllı rayonunun Balik kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Şərh Yaz