Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlləri  

 

Azərbaycan Respublikasında narkomaniya və narkomanlığa qarşı mübarizə sahəsində qətiyyətli addımlar atılır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur.

“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanı ilə  insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifə kimi müəyyən edilmişdir.

Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib, müvafiq sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə 2024-cü ilə qədər olan dövrü əhatə edən, sayca beşinci “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

1999-cu ildə “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.  2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, və Azərbaycan Respublikasının tərəfdar olduğu Beynəlxalq Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Qanun narkotiklərlə mübarizə istiqamətində dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin müvafiq hüquqi bazasını təşkil etmişdir.

Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, istifadə edilməsi, onların dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanmasını imperativ qaydada qadağan etmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə dair müvafiq normalar məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-241-ci maddələrində öz əksini tapmışdır. Bu cinayətlərin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı verilmişdir. Belə ki, həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşıyır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı sözügedən qanunun 1.0.8-ci maddəsində müəyyən edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərilməklə keçirilməsi həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı  müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşıma və ya göndərmə həm də qaçaqmalçılıq cinayəti kimi tövsif olunur.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı qeyd edilən qanunun 1.0.11-ci maddəsində verilmişdir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının müəyyən maddi xarakterli öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinə müvafiq olaraq, narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayətkar yolla əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 1 nömrəli qərarının 17-ci bəndinə əsasən, narkotik vasitələrin könüllü surətdə təhvil verilməsi dedikdə, həmin vasitələrə istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin bu vasitələri hakimiyyət nümayəndəsinə könüllü təhvil verməsi başa düşülür.

Beləliklə, yuxarıda istinad edilmiş akt və normaların məzmunundan görünür ki, müvafiq qanunvericilik cinayət əməllərini törətmiş şəxslərin cəzalandırılması ilə yanaşı həmin şəxslərin islah olunması üçün də şərait yaradır.

Murad Yusifli

İsmayıllı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor                                                             

                                                                                                                       

 

 

Şərh Yaz