Soyadını dəyişdi, özü dəyişməz qaldı 

       

Səhər saat 8 radələrində həyət qapımız döyüldü. Səsə çıxdım. Qapını döyən kəndimizin ən yaşlı sakini Novruz kişinin kiçik oğlu Raqub idi. Görüşdük. Hal-əhval tutdum. Xeyir ola, ay Raqub? – deyə soruşdum.

Heç, Allaha şükür salamatlıqdır. Amma kişi bir az nasazlayıb. Sizi arzulayır. Maşınla gəlmişəm. Mümkünsə, əyləşin, gedək. Ani olaraq fikrə getdim. Hə, gedək. Amma qoy evin qazını, işığını qaydaya salım. Tez dediklərimi edib, çölə çıxdım. Məsafə yaxın olduğundan mənzilə tez çatdıq. Raqub qoluma girib məni çöl qapısından içəri saldı. Novruz kişi məni görcək özünəməxsus əda ilə:  Əşşi, gəl çıx da, gözümün kökü saraldı ki, – dedi.

Çatıb görüşdüm. Bu nə vaxtın uzanmağıdır? – dəyə səsləndim. Novruz kişi bir yanı üstə uzanmışdı.  Dirsəklənib mütəkkəyə söykəndi. Raqub atasının divanda rahat oturmasına kömək etdi. Jurnal stolunu  münasib məsafəyə çəkdi. Növruz kişinin yanında əyləşib əlindən tutdum. Həkimlərsayağı əlimi alnına qoydum. Hər şey qaydasında idi.

Bu dəm ağsaqqalın həyat yoldaşı Gülyaz xanım içəri evdən eyvana çıxdı. Səmimi salamlaşdıq və xanım dərhal:

– Kişi dünəndən səni arzulayır, – dedi. Az söhbətdən sonra stola çay gəldi. Çay içə-içə xeyli söhbətləşdik. Maraqlı mövzulara toxunduq. Ordan-burdan danışdıq. Kişi birdən köks ötürdü və:

– Uzun illər işləmişəm, ictimaiyyət arasında olmuşam. İndi sanki yoxam. Bir soruşan, maraqlanan yoxdur ki, a kişi, sən hardasan, necəsən, necə dolanırsan, nə dərdin var? Bu sualları cavabsız qoyub, gülüşdük. Şükür edək ki, bu günə gəlib çatmışıq, – deyə Novruz kişi özü-özünə təsəlli verməyə çalışdı.

1936-cı ildə İsmayıllı rayonunun Zanqı kəndində anadan olmuşam. Üç yaşım olanda atamı, əmilərimi, kənddən daha bir neçə nəfəri tutub gedər-gəlməzə göndəriblər. Az sonra anam və üç qardaşımla Buynuz kəndində məskunlaşmışıq. Bizi xalq düşməninin övladları kimi hər şeydən məhrum etmişdilər. Hətta məni ibtidai məktəbə də qəbul etmirdilər. Ortancıl qardaşımdan yazıb-oxumağı öyrənmişdim. Topçu 7-illik məktəbinə getdim. Sənədlərim yanıb dedim. Sorğu-sualla imtahan etdilər 5-ci sinfə qəbul olundum. Oranı bitirib İsmayıllıdakı orta məktəbə daxil oldum…

Novruz kişinin doluxsunduğunu görüb, əlimi kürəyinə qoydum. Yaxşı, yaxşı, özünü ələ al, – dedim. O bir azdan sözünə davam etdi. Axı sən bilirsən, mən nə zülmlər çəkmişəm…

Orta məktəbi əla qiymətlərlə bitirdim. Dövlət universitetinə sənəd vermək istədim. Yenə də xalq düşməninin övladı olmağım işləri korladı. Sənədlərimi qəbul etmədilər.

Kəndə qayıtdım. Dünyasını dəyişmiş yaxşı kişilərə Allah rəhmət eləsin. Kəndin bir neçə ağsaqqalı məsləhət gördü ki, familyamı dəyişim. Bu məsələ asanlıqla həllini tapdı. Familyamı dəyişib yeni sənədlə yenidən Bakıya getdim. Amma sənəd qəbulunun vaxtı başa çatmışdı.

Bu arada elə mənim tay-tuşum olan bir gənc mənə yaxınlaşdı. Mən də gec gəlmişəm dedi. Amma Rabitə Texnikumuna hələ sənəd qəbul edirlər. Tərəddüd etmədən həmin oğlana qoşulub sənədlərimi Rabitə Texnikumuna verdim. 3 gündən sonra imtahanlar başlayacaq dedilər. İmtahanlardan sevinə-sevinə bərabər çıxdıq. Qəbul olunduğumu biləndə çox sevindim. O oğlan isə 2-ci imtahandan qiymət ala bilməmişdi (İndi əgər sağdırsa, Allah canını sağ eləsin. Dünyasını dəyişibsə, Allah rəhmət eləsin).

Texnikumun birinci kursunu bitirmişdim ki, hərbi xidmətə çağırıldım. Xidmət zamanı rabitəçi olduğumu nəzərə alıb rabitə qovuşağında işləməyə başladım. Üç il xidmət etdikdən sonra Vətənə qayıtdım. Təhsilimi davam etdirib rayondakı rabitə qovuşağında işə düzəldim. Üç ay işlədikdən sonra məni Topçu poçt şöbəsinə müdir təyin etdilər. Poçt şöbəsi yeddi kəndə xidmət edirdi. Sonradan – 1970-ci ildə dörd kəndi ayırıb yeni bir şöbə yaratdılar. Mənim çalışdığım sahə Topçu, Buynuz və Qurbanəfəndi kəndləri oldu. İşimiz əhalini mətbuata abunə etmək, qəzet və jurnalları, pensiyaları, müavinətləri, məktub və teleqramları vaxtına ünvana çatdırmaqdan ibarət idi. Şöbənin tək bir poçtalyonu vardı. Bəzən işi tam başa çatdırmağa imkan da olmurdu. Evlərə çanta-çanta qəzet-jurnal daşınırdı…

Yaxşı yadımdadır. Rayon Partiya Komitəsinin birinci katibi kəndə, idarə binasına gəlmişdi. Poçt şöbəsi də idarə binasının kiçik bir otağında yerləşirdi. Birdən qapı açıldı, katiblə bərabər  rayon qəzetinin redaktoru Musa Yaqub içəri girdilər. Tez ayağa durub salamlaşdım. Katib şkafa səliqə ilə düzülmüş qəzetlərdən birini götürdü və: Bu ki, dünənki qəzetdir. Nə əcəb hələ də ünvanına çatmayıb?

-bu qəzetlər Qalacıq kəndinin qəzetləridir, indi gəlib aparacaqlar, – dedim.

Katib çox ciddi tərzdə: Belə yaramaz, xalq qəzet materiallarını elə qəzetin çıxdığı gündə oxumalıdır, – dedi. Belə görürəm ki, bura sənlik deyil, – dedi. Redaktor katibin qoluna girib otaqdan çıxanda:  Cavandır, çalışar, səhvini düzəldər, – dedi.

Sovetlər dönəmində iş də çox idi, işləmək də çox çətin idi. O çətinliklərə baxmayaraq, hər iş günündə  Buynuz-Topçu kəndləri arasındakı 6 kilometrlik məsafəni yağışda-qarda piyada gedib-gəlirdim. 44 il fasiləsiz və qüsursuz işlədim. Rəhbərlik tərəfindən dəfələrlə Təşəkkürnamələrə, Fəxri fərmanlara layiq görülmüşəm. Rayonun poçt şöbələri arasında hər il keçici bayraq alırdıq. Çətinliklərə, işin ağırlığına baxmayaraq layiqincə işləmişəm, – deyib ürəyini boşaltdıqdan sonra yenidən köks ötürdü.

Novruz kişi, bütün söylədiklərini bilsəm də dinləmək borcum idi. Belə anladım ki, diqqətə, həmsöhbətə ehtiyacın var. İmkan tapanda yenə gələrəm. Allah sənə ömür versin. Buynuzda Zanqı doğumlulardan qalanı təkcə sənsən. O gün olsun ki, 100 yaşının təntənəsinə yığışaq. Razılıq versəydin, söylədiklərini bir məqalə şəklində sənin görmədiyin, oxumadığın “İsmayıllı xəbərləri” qəzetində dərc elətdirərdim. Onun da bir qədər oxucusu var. Qoy haqqında məlumatları olsun.

Novruz kişinin söhbətlərinə qulaq asdıqca, keçdiyi mənalı ömür yolu gözlərim önündə yenidən canlanır. O olduqca zəhmətkeş və xeyirxah bir insandır. Gözəl ailə başçısı, mehriban babadır. Üç oğul, bir qız böyüdüb Gülyaz xanımla birlikdə. Övladların hər birini ali təhsil almağa istiqamətləndirib. Böyük oğlu Neft Şirkətində, Nəqliyyat Deportamentində məsul vəzifədə çalışır. Ortancılı həkim-pediatordur, rayonda işləyir. Kiçik oğlu mədəniyyət işçisidir.  Əlbəttə, uşaqların da öz ev-eşiyi, uşaqları var. Ona dayaq duran isə yuxarıda Allah, Buynuz kəndində isə həyat yoldaşı Gülyaz xanımdır. 63 ildir ki, biri-birinə güvənib yaşayırlar. Çox şükürlər olsun ki, hər ikisi oğul-uşaqdan, balalarından razılıq edir.

Novruz kişinin ürəyini boşaltdıqdan sonra rahatlıq əldə etdiyini duyub sağollaşıram. Salamat qalsam, tez-tez baş çəkəcəyimi, onu darıxmağa qoymayacağımı vəd edirəm. Yaxşı insanlara – ona, özümə də can sağlığı arzulayıb ayrılıram. Birdən yadıma düşür ki, Novruz kişinin səksən illik yubileyində bir şeir yazmışdım:

Həyatın zəhmətlə keçibdir sənin,

Köməyi dəyməyib sənə heç kəsin.

Hamının yanında vardır hörmətin

Bu haqqı, hörməti qazanan sənsən,

Heç demə tez gəldi, tələsdi səksən!

 

Ömür-gün yoldaşın sənə mayakdır,

Oğul-uşaq sənə daim dayaqdır.

Hələ ki taleyin gülür, oyaqdır,

Deyirəm bu bəxtə, taleyə əhsən,

Heç demə tez gəldi, tələsdi səksən!

 

Şükürlər olsun ki, sulusan, sağsan,

Yüzə də çatarsan, özünə baxsan.

Hələ qabaqdadır səksən beş, doxsan,

Çatarsan əhdinə, yüzü də gör sən

Heç demə tez gəldi, tələsdi səksən!

 

Hamıdan gec yatıb, erkən durmusan,

Özünə isti bir yuva qurmusan.

Hamıya nümunə, örnək olmusan,

Nəslin ağsaqqalı, böyüyü sənsən,

Heç demə tez gəldi, tələsdi səksən!

Əvəz Küskün,

İsmayıllı Yazarlarıədəbi-ictimai birliyinin üzvü

 

 

Şərh Yaz