Yazıçı-publisist Nizami Mirzənin yubileyi qeyd olunub  

İyun ayının 2-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində yazıçı-publisist Nizami Mirzənin 75 illik yubileyi qeyd olunub.

Yubiley tədbirində RİH-nin əməkdaşları, yazıçının qələm dostları, rayonun idarə, müəsissə və təşkilatlarının,  ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirin aparıcısı Əməkdar müəllim Çingiz Muradlı Nizami Mirzənin yaradıcılığı haqqında geniş məlumat verərək qeyd edib ki, 1970-ci ildən etibarən dövri mətbuatda Nizami Mirzə imzası ilə maraqlı bədii əsərlər, publisist məqalələr dərc edilmiş və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Nizami Mirzə “Mavi gözlər”, “Ömür yolu”, “Ayrılığın üzü dönsün”, “Qatil”, “Ömürdən ötən illər”, “Cığırdan zirvəyə” kitablarının müəllifidir. Nizami Mirzə “Qızıl Qələm”, “Araz”, “Məmməd Araz” və “Azərbaycan bayrağı” media mükafatları laureatıdır.

Tədbirdə çıxış edən yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi yubilyarı təbrik edərək ona Azərbaycan Yazıçılar Birliyinin Fəxri fərmanını təqdim edib.

Tədbirdə iştirak edən yazıçının qələm dostları Nizami Mirzə yaradıcılığının zənginliyindən danışıb, 75 illik yubileyi münasibətilə ona xoş arzularını çatdırıblar.

İsmayıllı ziyalıları çıxış edərək Nizami Mirzə yaradıcılığının çoxşaxəli olduğunu bir daha diqqətə çatdıraraq, onu yubiley münasibətilə təbrik ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova yubilyarı və qonaqları rayon İcra Hakimiyyəti başçısı adından salamlayaraq, RİH başçısı Nahid Bağırovun Təşəkkürnaməsini yubilyara təqdim edib.

Yazıçı-publisist Nizami Mirzə tədbirin təşkilatçılarına, iştirakçılara və səsləndirilən xoş fikirlərə görə hamıya öz minnətdarlığını bildirib.

Tədbir həzin musiqi nömrələri ilə sona yetib.

 

 

 

Şərh Yaz