Nakam şairin yeni kitabı

Mərhum nakam istedadlı şair, publisist, tərcüməçi Alim Məhərrəmlinin yaradıcılığının əsas komponentlərini ehtiva edən yeni kitabı çap olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbəəsində nəfis tərtibatda işıq üzü görən “Hardasan, evi tikilmiş…” adlı kitabda nakam, təkrarsız şairimizin şeirlərindən, tərcümələrindən ibarət yaradıcılıq nümunələri toplanılıb. Şairin özünün taleyi kimi taleyi qəribə olan kitab mərhum Xalq şairimiz Musa Yaqubun onun haqqında zamanında audivizual şəkildə səsləndirdiyi, şərti adı “Kədərli xatirələrdəki Alim” kimi xarakterizə olunan fikirləri ilə açılır. Kitabın ikinci ön sözü Alimin ən yaxın dostu, dünyamızdakı son gününə qədər onun qayğısını çəkən Məhəmmədhaqqı Ağayevin “Dərviş ruhlu Alim rahatlığını tənhalıqda tapırdı” yazısı ilə davam edir.

Jurnalist-publisist Nəzirməmməd Zöhrablının redaktorluğu və bədii tərtibatı ilə işıq üzü görən “Hardasan, evi tikilmiş…” kitabı “Kimim var Allahdan özgə!..”,  “Vətən harayı” və “Sətirlərdə donan sevgi…” adlı üç hissəli şeirlərdən, Alim Məhərrəmlinin müxtəlif məzmunlu tərcümələrindən, nakam istedadlı şairimizin özü, təkrarsız yaradıcılığı haqqında düşüncə adamlarının, həmkarlarının qələmə aldıqları, söylədikləri dəyərli fikirlərdən ibarət “Dünyamızdan Alim keçdi…” adlı xüsusi bölümdən və s. ibarətdir.

“Hardasan, evi tikilmiş…”in tərtibatçısı Məhəmmədhaqqı Ağayev, üz cildinin rəssamı Niyal Abbasquluzadə, korrektoru Firdovsi Quliyev, dizayneri Nicat Qasımovdur.

Xatırladırıq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, dərin məzmunlu, təkrarsız üslublu yaradıcılıq məhsulları ilə zəngin “Hardasan, evi tikilmiş…” Alim Məhərrəmlinin ikinci kitabıdır. Şairin “…Səni də öyrətdim ayrılıqlara” adlı ilk şeirlər kitabı özünün sağlığında – 2000-ci ildə çapdan çıxmışdır.

azpost.info

Şərh Yaz