Tarixə qızıl hərflərlə yazıldı  

     

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, tədbirlər planı çərçivəsində İsmayıllı rayonunda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib.

İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində təşkil olunan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, İsmayıllı Dövlət Peşə Tədris Mərkəzinin direktoru Cəlil Bağırov, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov iştirak ediblər.

RİH başçısının müavini S.Əhmədova çıxış edərək, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin Ümummilli liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirib. Ulu öndərin anadan olmasının 100  illiyinə həsr olunmuş hər bir tədbirin dünya şöhrətli siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsilə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Çıxış edənlər dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışıblar.

Ümummilli liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi və yeni çalarlarla zənginləşdirildiyi diqqətə çatdırılıb. Ümumbəşəri dəyərlərə inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, insan kapitalının inkişafı, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, tolerant, multikultural dəyərlərin təbliği və digər məsələlərin dövlət başçısının diqqət mərkəzində olduğu qeyd edilib. Müstəqillik tariximizin zirvəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunmasının, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin dayandığını, şanlı Ordumuzun qazandığı Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığı bildirilib.

İlqar Əhmədli

 

 

Şərh Yaz