Ulu öndərin çox sevdiyi İvanovka kəndində yubiley tədbiri 

 

“Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq, Ulu öndərin çox sevdiyi İsmayıllı rayonunun İvanovka kəndində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı geniş tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Daha sonra İvanovka Mədəniyyət sarayında ulu öndər Heydər Əliyevə həsr olunmuş foto sərgiyə baxış keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. İvanovka kənd tam orta məktəbinin müəllimi Gülnar Mustafayeva “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda  məruzə ilə çıxış edib.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə birgə İvanovka kəndinə olan səfərindən danışılıb, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərinə nəzər salınıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup ictimaiyyət fəalı RİH başçısı N.Bağırov tərəfindən təltif edilib.

Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.

 

Şərh Yaz