Cəfakeş, sevimli müəllim, dəyərli insan  

Hərdən adama elə gəlir ki, yolların hamısı eynidir. Bir başlanğıcı var, bir də sonu. Amma bu yolları gedənlərin taleyi müxtəlifdir. Hətta, ona verilmiş ömrü şərəf və ləyaqətlə yaşayan dünyanın ən bəxtəvəridir. Bu cür insanlar sırasında müəllimlərin də öz yeri var.  Müəllimlər arasında isə belələri daha çoxdur. Çünki ən müqəddəs peşə sahibidir müəllim. Müəllim sanki yaşadığı ömrü özünə yox, başqalarına həsr edir. Özünü şam kimi yandırır, başqalarının yoluna işıq saçır. Cəfər Talıb oğlu Bağırov da belə işıqlı insanlardandır – müəllimdir.

O, 1947-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuş və burada orta məktəbi bitimişdir. Müəllim olmaq arzusu ilə 1966-cı ildə Azərbaycan Pedoqoji İnstitutunun (APİ) kimya fakultəsinə daxil olmuşdur. Cəfər Bağırov 1970-ci ildə APİ-ni bitirib kimya müəllimi kimi İsmayıllı rayonunun Əhən kənd məktəbində pedoqoji fəaliyyətə başlamışdır. Hərbi xidmətə qardaşım Ağaməmməd müəllimlə (Allah rəhmət eləsin) birlikdə gedib. Elə o vaxtdan da Cəfər müəllimlə tanışıq. Hərbi xidmətdən sonra Cəfər müəllim Burovdal, Ağaməmməd müəllim isə qonşu Qoydan kənd məktəbində  pedoqoji fəaliyyətlərini davam etdiriblər. Tanışlıq, yaxınlıq, ünsiyətimizin tutması səbəbindən tez-tez görüşər, fikir mübadilələri edərdik.

1974-cü ildən isə Cəfər müəllim pedaqoji fəaliyətini Siyəzən şəhərində davam etdirib. O, burada 1989-cu ilə qədər şəhər 3 nömrəli məktəbdə direktor müavini kimi çalışır. 1989-cu ildə onu həmin məktəbin direktoru vəzifəsinə irəli çəkirlər. 1993-cü ildən Cəfər müəllimə daha məsul vəzifə tapşırılır. 1994-cü ildən 2004-cü ilə kimi Siyəzən Rayon Təhsil Şöbəsində Metodik kabinetinin direktoru vəzifəsində çalışır. Səriştəli, bacarıqlı və xeyli təcrübə qazanmış Cəfər müəllimi 2004-cü ildən yenidən Siyəzən şəhər 2 nömrəli məktəbə direktor təyin edirlər.

Savadı, qabiliyyəti və işgüzarlığı ilə fərqlənən Cəfər müəllim Siyəzən rayonunun ictimai həyatında da fəal iştirak edib. Qabaqcıl müəllim kimi tanınıb, müxtəlif vaxtlarda Fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb.

Daim öz üzərində çalışan, bilik və bacarıqlarını durmadan artıran, təkmilləşdirən Cəfər müəllim attestasiyasının nəticələrinə görə “Ali kateqoriyalı müəllim” dərəcəsi alıb. Arada elmi araşdırmalarla da məşğul olub. Respublika, rayon qəzetlərində elmi-metodik məqalələrlə çıxış edib.

Vətənpərvər gənclər tərbiyə edən müəllimin yetirmələri yüzlərlədir. Daim yeniliklərə can atan Cəfər müəllim dərslərində internet resurslarından, İKT-dən geniş istifadə edib. Elə bu yüksək fəaliyyətinə görə 2009-cu ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ona Əməkdar müəllim fəxri adı verilmişdir.

Cəfər müəllimdə nə böyük vəzifə, nə var-dövlət, nə təkəbbür, nə də lovğalıq var. Onda sakit, ağır təbiət, mənalı baxış, həyata, cəmiyyətə, insanlara obyektiv münasibət var. Hərdən onunla görüşəndə mənəviyyatca zəngin, fərqli müsbət xüsusiyyətlərə malik olduğunu görürəm. Çox məlumatlı, fitri yaddaşa sahib, sadə səmimi, səbirli insandır Cəfər müəllim.

Məktəb direktoru kimi məsuliyyətli bir vəzifəni şərəflə yerinə yetirib Cəfər müəllim. Tədris prosesinin təkmilləşdirilməsinə, onun səmərəliliyinin yüksəldilməsində həmişə fərqlənib. İş yoldaşları bildirirlər ki, o,  pedoqoji kollektivin fəaliyyətinin yüksək, məqsədyönlü təşkili üçün işini düzgün, elmi şəkildə qururdu. Onun rəhbərlik etdiyi məktəbdə 130 müəllim 1072 şagirdə təhsil verirdi.

Cəfər müəllim gənc müəllimlərə kömək göstərir, təhsildə geri qalan şagirdlərin müəyyənləşdirilməsinə özü şəxsən nəzarət edirdi. Şagirdlərin milli mənlik, hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, bu mövzularda əlaqədar tədbirlərin hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Şagirdlərin hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Axı, şagirdlərin nitq və bədii təfəkkürünün inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması direktor fəaliyyətinin tərkib hissəsidir. Bu işdə Cəfər müəllim kollektivlə birgə üzərlərinə düşən işləri çox səmərəli şəkildə təşkil etmişdir.

Fəaliyyətində ulu öndər Heydər Əliyev idealarını rəhbər tutan Cəfər müəllim işinə, vəzifəsinə məsuliyyətlə yanaşıb. Onun həyat yolu məktəbə və şagirdlərinin taleyinə bağlı olub həmişə. Çalışdığı  məktəbin məzunlarının əksəriyyəti hər il ali məktəblərə yüksək ballarla daxil olub. Məktəbin keçmiş məzunlarının bir çoxu xaricdə təhsil almış, bu gün müxtəlif ölkələrdə çalışmaqdadırlar. Onlardan Rövşən Sadıqov Kaliforniya Universitetinin professoru, Şəmsəddin Mütəllimov və Rəsul Muradov (dünyasını dəyişib. Allah rəhmət eləsin) Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

Olimpiyadalarda, bilik yarışlarında rəhbərlik etdiyi məktəbin naliyyətləri həmişə yüksək olurdu. O, hər bir şagirdin psixologiyasını, istedadını yaxşı bilir, bacarıq və qabiliyyətini düz yola istiqamətləndirirdi.

Cəfər müəllim hər kəsin qəlbinə yol tapan ziyalıdır. Heç kəsin zərrə qədər də qəlbinə dəyməyib. Daim müəllim və şagirdlərlə mehriban danışıb, həmişə halallığın tərəfində olub. O, həmişə deyir ki, halal zəhmətlə qazanılan nailiyyətlər daha şirin olur və insan bununla mənən rahatlıq tapır… Cəfər Bağırov mənəvi dəyərləri maddi dəyərlərdən üstün tutaraq, bir sözün belə insan üçün nə qədər faydalı ola biləcəyini deyir. Hamıya da halal zəhmət dalınca getməyi məsləhət görür.

Cəfər müəllim ziyalılığından çox yazmaq, çox danışmaq olar. O, həm də nümunəvi ailə başçısıdır. Ali təhsilli mühəndis, ömür-gün yoldaşı, hazırda təqaüddə olan Nazilə xanımla birlikdə üç övlad boya-başa çatdırıblar. Hər üçü ali təhsilli mütəxəssisdir.

Qızı Şəfəq xanım müəllimdir. Oğlu Famil Sərhəd Qoşunlarında xidmət edir. Fazil isə incəsənət sahəsində çalışır. Xoşbəxt, qayğıkeş, sevimli babanın doqquz nəvəsi var.

Peşəsinə qəlbən bağlı ziyalı bir neçə ildir ki, təqaüdçüdür. Bu gün işləməsə də, təhsil yenilikləri ilə maraqlanmaqdan, mütaliə etməkdən yorulmur.

Bu sevimli ziyalıya, dəyərli insana möhkəm can sağlığı və uğurlar arzulayıram. Qoy ona bol-bol nəvə-nəticə toyları qisməti olsun. Bundan sonra da görəcəyi işlərində uğurlar əldə etsin. Şəxsinə və ailəsinə səadət, ruzi-bərəkət arzusu ilə bu kiçik yazıma nöqtə qoyuram.

Hacıməmməd Məmmədov

 

Şərh Yaz