Rəqəmsal inşa müsabiqəsi keçirilib                     

 

21 fevral 2023-cü il tarixdə İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektoru, rayon Gənclər və İdman İdarəsinin birgə təşkılatçılığı ilə “Heydər Əliyev İli” və “21 Fevral-Beynəlxalq Ana Dili Günü” münasibətilə “Heydər Əliyev ana dilimizin himayədarıdır!“ mövzusunda rəqəmsal inşa müsabiqəsi keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektorunun metodistləri, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktorları, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi, təhsil işçiləri və məktəblilər iştirak edib.

Müsabiqədə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan Təhsil sektorunun əməkdaşı Ülviyyə Zeynalova qonaqları salamlayaraq qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyub inkişaf etdirən mühüm və  güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Digər çıxışçılar ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu vurğulayıblar.

Tədbirdə çıxışlarla yanaşı məktəblilər tərəfindən hazırlanan və ana dilimizin gözəlliyini təcəssüm etdirən ədəbi-bədii kompazisiya da nümayiş etdirilib.

Rəqəmsal inşa müsabiqəsi iştirakçıları onlara verilən vaxt çərçivəsində öz fikir və duyğularını səhifələrə qeyd ediblər. Qaliblər təşkilatçı heyət tərəfindən təşkil olunan yoxlama komissiyası tərəfindən müəyyən edildikdən sonra diplom və medallarla mükafatlandırılıb.

 Ü.Zeynalova

Şərh Yaz