Qələbə paradı şanlı tariximizin devizidir

Azərbaycan Ordusunun Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçirilib. Dekabrın 10-da paytaxtın Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə hələ çox yaddaşlarda qalacaqdır.

Bu paradda döyüşlərdə hərbi hissələrin nümayəndələri iştirak edib. Həmçinin 44 günlük Vətən Müharibəsində istifadə olunan texnikalar nümayiş olunub. Qələbə paradında Azərbaycan şahinləri də öz məharətini göstəriblər. Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin – həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu, Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya imza atmağa məcbur oldu.

Göründüyü kimi, qısa müddətdə Ermənistanın hərbi, siyasi, diplomatik cəbhələrdə üstünlüyünün darmadağın edilməsi və təşəbbüsün ələ alınması əlbəttə, təntənəli hərbi keçidlə qeyd olunmağa layiqdir. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya nümayişidir.

Rəvanə Firudinli,

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi.

Şərh Yaz