Vətəndaşların müraciətlərinə baxılmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ardıcıl davam etdirilməsi, ölkənin bugünkü və gələcək inkişafını təmin edən dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi Azərbaycanı regionun ən güclü dövlətinə çevirmiş, onun beynəlxalq nüfuzunu xeyli gücləndirmişdir. Ölkəmizin nüfuzu nümayiş etdirdiyi prinsipial mövqe ilə bütün beynəlxalq qurumlarda daha da yüksəlməkdədir.

Ölkə əhalisinin normal həyat şəraitini təmin etmək üçün yeridilən sosial siyasətin nəticələri günbəgün özünü göstərir. Şəhər və kəndlərimizin görkəmi tamamilə dəyişir, tikilən sənaye müəssisələri yeni iş yerlərinin açılmasını təmin edir, Bütün bunlar sözsüz ki, əhalini narahat edən problemlərin həlli deməkdir.

Ölkənin iqtisadi potensialı imkan verir ki, əhalinin daha çox köməyə ehtiyacı olan kateqoriyasının, o cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtiyacı olan digər insanların həyat şəraiti daha da yaxşılaşdırılsın.

Vətəndaşların müraciətlərinə artan diqqətdən danışarkən Azərbaycan Respublikası Prezidentinin bilavasitə tapşırıq və tövsiyəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin bölgələrdə keçirdikləri qəbulların rolu da xüsusi qeyd edilməlidir.

Azərbaycan Prezidenti çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə aidiyyəti dövlət qurumlarına və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına məlumat verməyi tövsiyə etmişdir. Həmçinin ölkə başçısı dəfələrlə dövlət orqanlarının rəhbərlərinə müraciət edərək vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı tələblərini irəli sürmüşdür.

Prezident İlham Əliyev ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu xüsusi vurğulamaq olar.

Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ birbaşa Konstitusiyamızın 57-ci maddəsində öz təsbitini tapmışdır. Həmçinin Konstitusiyada hərbi qulluqçuların bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilməsi də nəzərdə tutulur. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Qanunun 1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

Həmin Qanunun 7.1-ci maddəsində göstərilir ki, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Qanunun tələblərinə görə müraciəti qəbul etməkdən imtina qadağandır. Qanunun 7.11-ci maddəsinə əsasən yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.

Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.

Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində vətəndaş müraciətlərinə baxılması zamanı yol verilən pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 594-1-ci maddəsində əsasən:

– “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə;

– Vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə;

– Vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə;

– Dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594-1.1.4-cü maddəsində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə isə 20 iş günü müddətində baxılır.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

Qanunun 10.4-cü maddəsinə əsasən əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.

Vətəndaş müraciətlərinə baxılması işinin obyektiv və düzgün araşdırılması məqsədilə Qanunda həmçinin müraciətə baxan subyektlər tərəfindən vətəndaşların bilavasitə qəbul edilməsi ilə bağlı müddəalar da nəzərdə tutulmuşdur. Belə ki, Qanunun 11.1-11.3-cü maddələrində qeyd olunur ki, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul etməlidir. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və Qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Vətəndaşların müraciətlərinə baxılarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılması təmin edilməli, məsələnin mahiyyətini öyrənilməli və onun həlli üçün lazımi sənədlər tələb edilməli, müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verilməli, müraciət təmin edilmədikdə bunun səbəbləri göstərilməli, şikayət vermək qaydası izah edilməli, müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsi və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsi həyata keçirilməlidir.

Asim Musayev,

Zaqatala hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru

Şərh Yaz