Vətəni, torpağı, xalqı azad görmək arzusu

Məmmədov Faiz Kərim oğlu 14 sentyabr 1971-ci ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. Orta təhsilini kənddəki orta məktəbdə alıb. 1989-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. İki illik hərbi xidməti başa vuran Faiz doğma kəndə qayıdır…

Əsgərlik dövründə bir qədər də boy-buxuna dolmuş Faiz əsl peşəkar idmançı görkəmi almışdı. 1990-cı ilin yanvar hadisələrindən sonra onda torpaqlarımıza düşməncəsinə göz dikənlərə qarşı mükəmməl kin, qəzəb, nifrət oyanmışdı. Bu cəhətdən mənəvi rahatlıq bilməyən Faiz heç kimə bildirmədən ordu sıralarına çağırılmaq üçün rayonun Hərbi Komissarlığına müraciət edərək bir gənc kimi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılmağı özünə borc bilir. Komissarlıqda sözü eşidilən gənc birbaşa Ağdamın qaynar döyüş gedən bölgəsinə göndərilir. Hərbi təcrübəsi olan Faiz Ağdamın Çuxurməhəllə, Sırxavənd istiqamətlərində gedən qanlı döyüşlərdə fədakarlıqla döyüşür. Qorxu bilməz igidimiz həmin döyüşlərdən birində – oktyabr ayının 30-da 1992-ci ildə qəhrəmancasına həlak olur. Allah ruhunu şad etsin…

Döyüş yoldaşlarının dediklərinə görə Faiz həqiqətən də çox cəsur və çevik bir döyüşçü olub. Məqsədi və amalı düşmənə layiqli cavab vermək, onları son nəfərə kimi torpaqlarımızdan qovmaq, Vətəni azad, xalqı xoşbəxt görmək idi. Ürəyindəki arzular, Vətən, torpaq, yurd, xalq sevgisi onu şəhidlik zirvəsinə ucaltdı.

Birinci Qarabağ döyüşlərində, müxtəlif tarixlərdəki təxribatlar nəticəsində, eləcə də 44 günlük Vətən müharibəsində şəhid olmuş minlərlə oğulun, doğma kəndimizin – Qurbanəfəndinin yetirməsi olan şəhid mayor Sübhi Mürsəlovun da ruhu indi şaddır. Şəhidlərimizin ruhu ona görə şaddır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində Vətən müharibəsi Qələbə ilə başa çatdı.

Çoxlu sayda canlı qüvvə və hərbi texnika, sözün həqiqi mənasında başını itirmiş düşməndən qisas alındı. Artıq bir sıra anım günlərində şəhidlərimizin məzarı önündə başıaşağı deyil, qürurla dayanırıq. Düşməndən intiqam alan qalib ölkənin vətəndaşları kimi şəhid məzarlarını ziyarət edirik. Ən önəmlisi odur ki, 30 il əvvəl öz yurd-yuvalarından qovulan, didərgin düşən soydaşlarımız bundan sonra öz davamçıları ilə doğma ata-baba torpaqlarında yaşayacaqlar. Dünyaya gələn körpələr bir də Qarabağ həsrəti ilə böyüməyəcək.

Vaxtı ilə öz ev-eşiyindən ayaqyalın-başaçıq qovulanlar indi Azərbaycan dövləti və ordusunun qalib əsgəri, vətəndaşı kimi həmin torpaqlar, geri qayıdır. Biz bu şan və möhtəşəm Qələbəyə görə Ali Baş Komandanımıza, son nəfəsinə qədər qəhrəmancasına döyüşən, yaralı döyüş yoldaşını xilas etmək üçün, düşmən gülləsinə qorxmadan özünü sipər edən, torpağına canını qurban verən şəhidlərimizə, Vətən yolunda sağlamlığını fəda edən qazilərimizə hər zaman borcluyuq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Kamal Allahverdiyev,

Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz