Click here to move
O, səsi, nəfəsi, - varlığı  ilə şairədir -

O, səsi, nəfəsi, – varlığı  ilə şairədir

 

Bu gün Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda ədəbiyyat anlamı, şeirə sevgisi, sözə məhəbbəti və dəyər vermək bacarığı olanların çoxu bu imzanı tanıyır, bu yazarın yeni qələm nümunələrini oxumağa can atır. Bu imza TURAC HİLAL imzasdıdır. Səsi, nəfəsi, varlığı ilə şairə olan TURAC HİLAL.  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü – TURAC HİLAL.

 

 

 

Allaha sevgi

 

Körpəcə gülüşlərim

Mən böyüyüncə getdi.

Allah, xoşbəxt günlərim

Səndən qorxunca bitdi.

 

Xofun gətirdi dinə

Günahlarım cəm oldu.

Düşdüm cənnət eşqinə

Ömrüm cəhənnəm oldu.

 

Danışdı “pak” adamlar

Guya Sənin adından.

Çaşıb imdad dilədim

Sənin yarattığından.

 

Tutanmadım orucu,

Namazım batil oldu.

Sən Mələk yaratmışdın

Dedilər “kafir” oldu.

 

Məni Sənlə qorxudub,

“Əstağfurullah” edən.

Səni göylərdə gəzdi

Yerdə fırıldağ edən.

 

Başımın üstə deyil,

Yanımda gəzdim səni.

Bu tüfeyli, bu veyil

Canımda gəzdim səni.

 

Sən mənim ədalətim,

Sən mənim əqidəmsən.

Sən yaşamaq curətim,

Sən “Öz”ümsən, Sən “Mən”sən.

 

Mən Səni bir körpənin

Gözündə sevdim, Allah.

Axtarıb, axır tapıb,

Özümdə sevdim, Allah!

 

***

 

Bir diz ola baş qoyub darıxasan,

Bir əl ola yaran üstə sıxasan,

Bir yol ola Tanrıyacan çıxasan

Deyəsən ki, di at məni göyündən.

 

Dərd dirənə sümüyünə, güləsən.

Min il yanıb dönməyəsən külə sən.

Cəhənnəmdən betər nə var biləsən

Deyəsən ki, di göndər betərindən.

 

Ruhun candan, canın bezə əlindən.

Küfr edəsən şeytan qaça şərindən.

Çıxarasan dünyanı məhvərindən

Deyəsən ki, di qov məni evindən.

 

Bir diz ola baş qoyub darıxasan,

Bir əl ola yaran üstə sıxasan,

Bir yol ola Tanrıyacan çıxasan

Deyəsən ki, di at məni göyündən.

 

***

 

Sən ruhumun kölgəsi, sən üfüqün çizgisi,

Şeirimin aşkarı, ürəyimin gizlisi.

Hər kəsin misar-misra axtarıb tapmadığı.

Kimsənin çözmədiyi, kimsənin batmadığı.

 

Dünyanın ən sonuncu, ən sirli möcüzəsi,

Balıqların nəğməsi, kəpənəklərin səsi.

Xəyalımda itirib, gerçəyimdə tapdığım,

Nəfəsimdə ,könlümdə, canımda yaşatdığım.

 

Həm dərdim, həm dərmanım, həm Kəbəm, həm niyyətim,

Ən böyük qələbəmdir sənə təslimiyyətim.

Sən Tanrı sərgisinin ən mükəmməl əl işi,

Günəşin qürubudur kipriyinin enişi.

 

Min cəhənnəm qədərdir bir həsrət qığılcımı,

Qollarından öpərəm sanıb cənnət qucunu.

Səni elə sevdim ki, həsəd qoydum hər kəsi,

Heç bir nağılda olmaz bu sevgidən ötəsi.

 

Məni şair eyləyən eşq sənin əsərindir,

Bütün şeirlərimin ünvanı gözlərindir.

Oxuyanlar Leylidə yoxmuş bu hünər dedi,

Mənə “dəli” deyənlər, sənə “bəxtəvər” dedi.

 

***

 

Bitirdim bu savaşı, zəfəri yaz adına.

Qələbəni elan et, sənə təslim qadına.

Bax udduğum dərdlərin göz yaşardan dadına,

Boğazından bir tikə keçsə, bağışlayardım.

 

Bir ordu xəyal qırdın, hamısı bakirəydi.

Dönüb sənə gəlməyə düz nə varsa kürəydi.

İçimdə hər gün qırğın,hər gecə aşurəydi.

Bütün olub-bitənlər heçsə, bağışlayardım.

 

Mən yeri alt-üst edib, göy üzünü fəth etdim.

Sənə gəlib çatınca kainatı qət etdim.

Neçə günah işlədim,neçə cür qələt edim.

Səni sevmək ən böyük suçsa, bağışlayardım.

 

Otur gözlə özünü, gör itirmək nətərdi?!

Yerlə göy arasında nəfəs almaq hədərdi.

Könlümün qırğınlığı bir toxunuş qədərdi,

Dara çəkib carmıxı qucsa, bağışlayardım.

 

***

Dinləyirəm gecənin ürək döyüntüsünü,

Yuxum ac pişik kimi gözümü cırmaqlayır.

Basır buz qaranlığı sinəm göyüntüsünə,

Üşüyən kürəyimi həsrətin qucaqlayır.

 

Zülmətə çapıq salır buludların davası,

Mürgüləyən Alabaş kölgəsinə havlayır.

Qovub qorxularını yetim sərçə balası

Qısılıb qaranlığa, gecəni sabahlayır.

 

Oxuyur bayan bayquş, külək tutur ritmini,

Könlümü almaq üçün rəqs edir yarasalar.

Mən səndə unuduldum mində birisi kimi,

Səni məndə taparlar harada arasalar.

 

Bu gecə sənsizliyin tablosunu yaradıb,

Tutunmaqcun sabaha necə səbəb gətirir.

Dodaqlarım vusalı dodaqlarında dadıb,

Uçub sənə gəlməyə ruhum qanad bitirir.

 

Sual düşsə, “darıxmaq necədir?” – imtahana.

Qurban dediyin eşqə qurban olandan soruş.

Gəl, bu sevgi uğrunda sən “şəhid” ol, mən “Ana”,

Kim yaşayır, kim ölü soruş, anandan soruş.

 

***

 

Uşaqkən məhləmizdə “sevir-sevmir” söyləyib,

Qorxardım, çiçəkləri yolan dəli qadından.

Deyirdilər sevdiyi – ən yaraşıqlı oğlan,

Öldürməzdi, qırardı quşları qanadından.

 

Deyirdilər özünü hörüyundən asıbmış,

Deyirdilər ürəyi köksündə daşlaşıbmış,

Deyirdilər yaddaşı qadına yadlaşıbmış,

Demirdilər o qadın çıxıb kimin yadından.

 

Kimsə ölməsin deyə hörüyünü kəsibmiş,

Aylar ilə saçları qucağında gəzibmiş.

Deyirdilər Tanrıdan milyon ildir küsübmüş,

Demirdilər nə çəkib Tanrının ucbatından.

 

Harda boş yuva görsə içinə daş düzərmiş,

Qurumuş budaqları gəlin kimi bəzərmiş,

Gunduzlər gülüşləri dağı-daşı gəzərmiş,

Gecələr diksinərmiş bayqular fəryadından.

 

Bütün günah onunmuş, günah yoxmuş özgədə.

Çəkdi, ağrısı qoydu ağrıları kölgədə.

Bəlkə də belə qadın heç olmayıb, bəlkə də

Özümdən danışıram sənə onun adından.

 

Bəlkə də belə qadın heç olmayıb…

 

***

Tale sifarişlə yazılmır axı

Boylanır ömürdən bəxt fağır-fağır.

Hərənin öz yükü özünə ağır.

Yanıb, kül olmaq da,

Küldən od olmaq da öz əlimizdə.

 

Kim vurub ömrünü bəxtəvər başa?!

Hələ çox arzular çırpılar daşa.

Bir zərrə ümidə sarılıb, yaşa,

Yaşa, xoş anları yazıb yaddaşa.

Qəmə qul olmaq da,

Sevinci duymaq da öz əlimizdə.

 

Baxmağa gücüm yox, geriyə dönüb,

Könlümün ən parlaq ulduzu sönüb.

Bir dərdi ovundur, bir dərdi yenib.

Sənli də, sənsiz də bu dunya dönüb.

Bir boş yer olmaq da,

Boşluğa dolmaq da öz əlimizdə.

 

Bacar, öz qolunu çiyninə daya.

Dağ da dağ olmazdı sınsaydı qaya.

Barmaqla görsənmə ,barmaqla saya

Səni min il sonra gələn dünyaya.

Yolda daş olmaq da,

Daşda iz qoymaq da öz əlimizdə.

 

 

***

Sinən edam kürsüsü, nəfəsin cəllad olsa,

Ən günahkar qul olub qarşında diz çökərəm.

Əllərin ağ göyərçin, tellərin ilan olsa,

Ovcumda yuva qurub, buxağından öpərəm.

 

Gözləriylə gözümə dərdlərini yazanım,

Ürəyimi qoparıb tellərindən asaram.

Nəfəsinin ətrinə boyumu qurban kəsib

Gülüşünü qanayan yaram üstə basaram.

 

Mənim ağıllı dəlim, dəli bir istəyimsən,

Günahına batdığım cənnətin meyvəsisən.

Döndərmisən üzümü sevginin qibləsinə,

Can üstə qulağıma dolan azan səsisən.

 

Gecikən alın yazım, boş qalan qucaq yerim,

Səbrimin daşmasını gözləyən dodaq yerim.

Ruhumu əsir edən bir titrək pıcıltının

Həsrətindən közərib alışan ocaq yerim.

 

Sahildən küsən gəmim, içimi didən qəmim.

Qollarımda yurd salım, sən məndən şahlıq dilə.

Gəl üşüyən ömrümü isit od nəfəsinlə,

Döndərmə can umduğum dodaqları qatilə.

 

Sinən edam kürsüsü nəfəsin cəllad olsa,

Ən günahkar qul olub qarşında diz çökərəm.

Əllərin ağ göyərçın, tellərin ilan olsa

Ovcumda yuva qurub, buxağından öpərəm.

 

***

Çöldə payız havası,

Külək tökür hirsini

Bozaran buludlara.

Evdə köhnə televizor,

Bütün rənglər ağ-qara.

Xəbərci qız pıçıldayır;

– “Yenə göydən eniş etdi

Bir ulduzla aypara.

Lalələrin səbri çatmır bahara.

“Ehh… Yaman sıxılır ürəyim…

Fkrim məni aparır uzaqlara.

İndi səni məndən başqa

Çətin kimsə axtara.

Deyirəm ki, vaxtın olsa bir ara

Gəlim, biraz dərdləşək.

Yenə məhlənin tinini

Qeybət edən arvadlar

Döndəribdi bazara.

Yenə kor itin səsindən

Küçə gəlibdi zara.

Yenə qurub məhkəmə,

Dəli Həsən gur səsiylə

Bağırır uşaqlara.

– “İtlərə daş atmayın!

Yoxsa yenə qara köpək

Söyüş yazar divara!”

Evdə qalan qonşu qızı

Yenə də dən yerinə,

Qarğış tökür quşlara.

Gor söhbəti gətirib

Çıxardım hardan-hara.

Deyirəm ki, vaxtın olsa bir ara

Gəlim, biraz dərdləşək.

Burda hami birtəhər,

Burda hər şey qəribə,

Ya da mən yadam bura.

Orda varmı bir adam

Danışasan dərdini

Hərdən düşəndə dara?!

Yoxsa, sən də açırsan ürəyini daşlara?!

Bilsəydim ki, düzələr…

Anam demiş,

– “Can bala, düsərdim qapılara”

Ehh… bu təklik də edib məni tamam avara.

Deyirəm ki, vaxtın olsa bir ara

Gəlim, biraz dərdləşək.

Öz-ozumlə çox danışdım bu ara

Gəlim, biraz dərdləşək

 

Bir buluddum dənizlərə çırpılan,

Gah yağışa, gah küləyə dönürdüm.

Fırtınada hər limana sığınan

Gəmi kimi dalğalara yenildin.

 

Taleyimlə başlamışdım savaşa,

Olmazları edəcəkdim ol hələ.

Sevdirərdim hər yaranı bir daşa,

Ağrıları tanısaydın bir kərə.

 

Saray etdim çöp yuvamı bəzədib,

Yalanında doğruları danardım.

Gözlərini göy üzünə bənzədib,

Qanad açıb uçacağam sanardım.

 

(Nağıla inanıb divi sevirdim,

Sənin varlığındı mənim möcüzəm.

Həyatın altını üstə çevirdim,

Fəlakətim imiş sənin möcüzən.)

 

Bir buluddum dənizlərə çırpılan

Gah yağışa, gah küləyə dönürdüm.

Fırtınada hər limana sığınan

Gəmi kimi dalğalara yenildin.

 

***

 

Yanında eyforiya, uzaqsan depressiya.

Səni tapıb, itirib ruhum tarazlığını.

“Sevgi azaddır”, deyib ovudursan sən guya?

Ən qəddar diktatordur, alıb azadlığımı.

 

İçimdəki savaşdan gözüm qana bulaşır-

Vətəndaş qırğınıdı urək- beyin döyüşü.

Niyə özgə işinə ,görən, ağıl qarışır?-

Deyirdin axı sevmək könül işi, qəlb işi.

 

Elə bu dünyada da cismim yanmağı seçib,

Sən o dünyanı boş ver, bu günahın savabdı.

Onu bil ki, birdənəm, bu təkamülü keçib

Mənim sənə çevrilməm ən böyük inqilabdı!!!

 

***

Sənsiz yadların şəhəri,

Qəfil ölüm xəbəriyəm.

Sənsiz korların səhəri,

Ölüsüylə yatanın

Gecəsiyəm, bilirsən?

 

Qırıb körpə qanadımı,

Kimdə unutdun adımı?!

Həsrətə küçə qadını,

Atılmış körpələrin

Küçəsiyəm, bilirsən?

 

Ölümə can atıram,

Az qalıb, bax, çatıram.

Günü-günə satıram,

İlin, ayın, həftənin

Neçəsiyəm, bilirsən?

 

Sənə susayıb içim

Ver, günahından içim.

“Bizə” qovuşmaq üçün,

Hələ Qıl körpüsündən

Keçəsiyəm, bilirsən!

 

***

Bu yük duz yükü deyil ki,

Yarana basıb gedəsən.

Qıfıla düşən bəxtini

Qapından asıb gedəsən.

 

Tutasan yolun ucundan,

Yol yorula yolçusundan.

Alıb ovu ovçusundan

Bərəni aşıb gedəsən.

 

Dərdimin bar verən çağı

Gəlib olasan qonağı.

Sinəmə çəkdiyin dağı

Gəzib-dolaşıb gedəsən.

 

Qanadım Qu qanadından

Daş asdılar ayağımdan.

Gözümün duz bulağından

Qaynayıb, daşıb gedəsən.

 

Bu get-gəllər yetə sona

Səbir qabın düşüb sına.

Bəxtəvərin qapısına

Ayağın çaşıb gedəsən.

 

***

Hər aldığım nəfəsdə

Sənsizliyi dadıram.

Ən mahir yalançıyam,

Özümü aldadıram

 

Mini gələr ağrının

görsə biri çəkilib

Vurduğun yarların

sanma yeri çəkilib

Bir az irəli gedib

bir az geri çəkilib

İzimi aldadıram

 

Bir səbəbin yerinə

min bəhanə sayıram,

Gözlərimi bağlayıb,

Yaylığa ağlayıram,

Gözümü aldadıram.

 

Yalanımda qoymadım

şübhə yeri, şəkk yeri

Ağrı necə gizlənir?

Təbəssümdü tək yeri

Dodağımla gülürəm,

üzümü aldadıram.

 

Bu tale tərs yazılıb,

ha yanından çevirsən.

Mən səni çox sevirəm,

Sən də məni sevirsən

Sözümün üstə durub,

sözümü aldadıram

Ən mahir yalançıyam –

Özümü aldadıram.

Turac Hilal

 

Şərh Yaz