Səmimi insan, səriştəli təhsil işçisi və yaxud bir ömrün işığı

Haqqında götürdüyüm qeydləri nəzərdən keçirəndə bu qənaətə gəldim ki, insan ömrü də ulduz kimidir. Səmadakı ulduzların da hamısı eyni cür işıq saçmır. Birinin işığı az, birininki bir qədər çox, bəziləri isə tamamilə parlaqdır…

Elə insan var ki, evində, elələri də var ki, elində tanınır və sevilir. İnsan ömrünü işıqlı edən isə onun çalışqanlığı, başqalarına gərəkli olmasıdır. Çırağın işıqlı olması onun piltəsi və yanacağından asılıdırsa, insanın nurlu olması onun, istedad və zəhmətsevərliyinin bəhrəsidir. Kim daha qəlbdən çalışırsa, o daha nurlu, daha ziyalı, daha sevimli olur.

Bəzi yaşıdları kimi hərəkət etsəydi, bəlkə də uzun illər kitab-dəftərlə, qələmlə deyil, müxtəlif kənd təsərrüfatı alətləri ilə ünsiyyətdə olacaq, müəllim kimi deyil, başqa bir əmək sahəsinin adamı kimi tanınacaqdı.

Hələ 60 il əvvəl balaca Bədir məktəb, müəllim kəlmələrinə həvəsli, maraqlı idi. Elə məktəbə getdiyi ilk günlərdən məktəbi, müəllimini sevdi. Rəhmətlik atasına, Niyaz kişiyə: böyüyəndə mən də müəllim olacağam, – deyib öyünərdi. Bədirin bu hərəkətləri Niyaz kişini əməlli fərəhləndirərdi.

İllər tez ötdü. Bədir Qalacıq kənd orta məktəbini bitirəndə 1974-cü il idi. Ali təhsil almaq üçün sənədlərini Nəsirəddin Tusi adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə verdi. İmtahanları vermək üçün biliyi yetərli oldu. Tələbə adını qazandı, sevincini doğmaları, yaxınları ilə bölüşdü.

Tələbəlik illərini arxada qoyan Bəbir Bəbirov gənc müəllim kimi əmək fəaliyyətinə Buynuz kəndində başladı. Burada demək olar ki, onu ilk gündən hamı tanıdı və bir müəllim kimi hörmətini saxladı. O da qonşu kəndin şagirdlərində tarixə yeni baxışla baxmağı öyrətdi, tədris etdiyi fənni onlara ürəkdən sevdirdi.

Bədir müəllim pedaqoji fəaliyyəti dövründə səriştəli, səmimi, innovativ təlimçi, tələbkar və öz üzərində yorulmadan çalışan bir təhsil işçisi kimi tanındı. İş yerini dəyişsə də, təlim-tərbiyə işindəki prinsiplərini dəyişmədi. Uzun illər anadan olduğu doğma Qalacıq kəndinin şagirdləri üçün mürəkkəb, keşməkeşli tariximizin görünən, görünməyən tərəflərini işıqlandırdı. Yetişən nəslə vətənpərvərlik, yurdsevərlik hissi aşıladı.

Qalacıq kənd tam orta məktəbinin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini işlədiyi illərdə milli ruhun qorunması, adət-ənənələrin yaşadılması istiqamətində də mütəmadi iş aparmışdır.

Bu yaxınlarda müəllim kimi təqaüd yaşına yetişən Bədir müəllim illərin nə tez keçdiyini deyir. Bəli, illəri boş ötürməyən təcrübəli pedaqoq vaxtın ötməsindən təəssüflənsə də, illəri hədər yola salmadığından qürur duyur. Bədir ata bir oğul, üç qız övladını böyüdüb, onlara təhsil, tərbiyə verib.

Hər birinin sevimli peşəsi var.

B.Bəbirov Qalacıq kəndinin sevilən, hörmətli sakinlərindən, ağsaqqal müəllimlərindəndir. Yetirmələri, valideynlər, tay-tuşları hər zaman ondan razılıq edirlər. Bu razılıq onun uzun illər çalışdığı pedaqoji kollektivdə daha yüksəkdir. Axı müəllim ömrünün ən dəyərli anlarını məktəbə, kollektivə, tərbiyəçisi olduğu şagirdlərinə bəxş edir. Bədir müəllimi də sevdirən məhz bu məziyyətləridir.

İnanırıq ki, qarşıdaki illərdə də bir müəllim olaraq bu zəhmətkeş insan bilgilərini gənc müəllimlərdən əsirgəməyəcək, məktəblə, təhsillə əlaqəni kəsməyəcəkdir.

Qarşıdakı illərdə də Bədir müəllimə can sağlığı, mənalı ömür arzulayırıq.

Hacıməmməd Məmmədov

Şərh Yaz