Kazımov İzhar Məmmədkazım oğlu

Kazımov İzhar Məmmədkazım oğlu 1947-ci ildə İsmayıllı rayonunun Müdri kəndində anadan olub. Orta təhsilini öncə Müdri kənd yeddiillik məktəbində almış, daha sonra Lahıc qəsəbə orta məktəbində tamamlamışdır.

1964-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, ali təhsilini başa vurduqdan sonra zabit kimi ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1972-1977-ci illərdə İsmayıllı rayonunun Qalınçaq kəndindəki orta məktəbdə, 1977-1978-ci illərdə İsmayıllı rayon qiyabi orta məktəbində, 3 nömrəli orta məktəbində riyaziyyat müəllimi işləmişdir.

1979-1985-ci illərdə İzhar Kazımov İsmayıllı şəhər 1 nömrəli orta məktəbində direktor müavini, 1985-1991-ci illərdə İsmayıllı Rayon Təhsil Şöbəsində metodist, inspektor vəzifələrində çalışmışdır.

1991-ci ildən İsmayıllı şəhər 1 nömrəli orta məktəbində riyaziyyat və informatika müəllimi işləmiş, rayonda qabaqcıl riyaziyyat və informatika müəllimi kimi tanınmışdır.

1991-ci və 1992-ci illərdə İzhar Kazımov “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, Bakı məktəblərində kompüterin imkanlarından istifadə etməklə riyaziyyatdan və digər fənnlərdən ayrı-ayrı mövzuların proqramlaşdırılması ilə nümunə dərsləri keçmiş, 1992-ci ildə bu müsabiqənin qalibi olmuşdur.

İzhar Kazımov yaxşı işinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rayon Təhsil Şöbəsinin, rayon rəhbərliyinin Fəxri fərmanlarını, metodist müəllim, ali kateqoriyalı müəllim adlarını almışdır. O, “Azərbaycan Respublikası “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

2012-ci ildə İzhar Kazımov Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

2017-2022-ci illərdə İsmayıllı Dövlət Humanitar ve Texnologiya Kollecində müəllim işləmişdir.

Hamının sevimlisi, xüsusilə gənclərin hamisi olan İzhar müəllim 14 avqust 2022-ci ildə dünyasını dəyişmişdir. Onun örnək olan ömür yolu, işıqlı xatirəsi uzun müddət tanıyanların qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin

İsmayıllı Rayon İcra Hakimiyyəti,

Dostları və iş yoldaşlarından bir qrupu

Şərh Yaz