Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb


Təbrikdə deyilir:


“Hörmətli həmvətənlər!
Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.
Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.
Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm.
Əziz bacı və qardaşlarım!
Ümidvaram ki, etdiyiniz dua və niyyətlər Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək, cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcəkdir.
Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!”

Ziyarətcilər razılıq ediblər

İyulun 24-də bir qrup qazilərin və müharibə veteranlarının istəyi ilə Fəxri xiyabana və İkinci Şəhidlər xiyabanına səfər olub.

Səfər iştirakçıları ilə birlikdə Fəxri xiyabanda ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Daha sonra İkinci Şəhidlər xiyabanında ölkəmizin suverinliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin eləcə də İsmayıllıdan olan şəhdilərimiz Fuad Tağızadə və Xeyrulla İbrahimovun, həmçinin general- mayor Polad Həşimovun və Milli Qəhrəman Mübariz İbrahimovun məzarları ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.

Ziyarətdən sonra səfər iştirakçıları ilə birlikdə nahar süfrəsi ətrafında səmimi söhbət edilib, qazilər keçdikləri döyüş yolundan danışıblar.

Səmimi səfərdən razı qalan müharibə əlilləri və veteranları təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkilib.

Şərh Yaz