Xilaskar qazi

Hekayəyə bənzər olmuş əhvalat

Divanda oturub televizora baxırdım. Telefonuma zəng gəldi. Nəvəm idi. Səsindən tanıdım:

– Salam, baba! Sabah doğum günümdü. Unutmamısan ki?

– Yox, mənim balam! Allah qoysa, səhər yanındayam, – deyib sağollaşdıq. Telefondan ara-sıra xidmətindən istifadə etdiyim oğuzlu avtobus sürücüsünün nömrəsini tapıb əlaqə saxladım. Sabahkı Bakı gedişində mənə yer saxlamasını xahiş etdim. Saat 9-da yol kənarında ol, – dedi

Vaxt itirmədən lazım ola biləcək bəzi şeyləri yol çantama yerləşdirib yatmağa qərar verdim.

Adəti üzrə səhər saat 7-də durdum. Bir qədər idman hərəkətlərindən sonra yuyunub səhər yeməyinə başladım.

Nahar edə-edə gecə gördüyüm yuxunu yozmağa başladım. Eh, əgər gördüyüm yuxuların yarısı həqiqət olsaydı, indi mən gərək böyük bir şirkətin sahibi olaydım. Yuxuda gördüyünü elə orada itirirsən…

9-a az qalırdı. Əl çantamı götürüb kəndin içindən keçən əsas yola çıxdım. Rayon mərkəzində işləyən həmkəndlimin maşınında baş yola çıxdım. Ağ rəngli “Mersedess” markalı mikro-vtobus deyilən vaxtda özünü çatdırdı. Qapı açılan kimi içəri keçdim. Salamlaşıb, səfəriniz uğurlu olsun deyib, sürücünün arxasında, ikinci cərgədəki boş yerdə əyləşdim. Oturacaq yoldaşım olan gənc oğlan əlindəki telefonda hərbidən bəhs edən nəyə isə diqqətlə baxmaqda idi. Əksər sərnişinlər qonşu kimi söhbət etməkdə olsalar da, yanımdakı gəncin öz marağına sərf etdiyi vaxta müdaxilə etməyə sanki cürətim çatmırdı.

Növbəti rayonun yolkənarı yeməkxanası qarşısında avtobusu saxlayan sürücü 10-15 dəqiqəlik fasilə elan etdi.

Hamı salonu tərk etdi. Hərə bir yana getsə də, qısa vaxtda geri dönənlər avtobusun qapısının açılmasını gözləyirdi. Qapı açıldı və minik başlandı. Əvvəlcə qadınlar, qızlar mindilər. Oturacaq yoldaşım ağsaqqallığıma görə keçməyimi təklif etdi. Təşəkkür edib:

– Sən pəncərə tərəfdə oturursan. Səndən sonra mən keçərəm, – dedim. Cavan oğlan sol ayağını avtobusun pilləkəninə qoyub sağ əli ilə açıq qapının tutacağından yapışdı. Xeyli çətinliklə sağ ayağını da çəkib pillələri qalxdı. Belə halda kimlərsə onun xəstə, ya da içkili olduğunu düşünə bilərdi.

Bu dəmdə arxadan gələn bağırtılı səs: “Tez ol qalx da, baranın biri baran!” nidası hamını dönüb arxaya baxmağa məcbur etdi. O, özündən razı, cüssəli, son dəblə geyinmiş birisi idi. Nədənsə bu hərəkətə münasibət bildirən olmadı. Heç mən də dinmədim. Keçib gəncin yanında əyləşdim. Onun əsəbdən tir-tir əsməsi aydınca görünürdü. Rəngi dəyişmiş, sanki ağzından bir söz çıxmasın deyə dodaqlarını biri-birinə sıxırdı.

Əlimi çiyninə qoyub: Oğlum, sakit ol, əhəmiyyət vermə, dedim.

O, yalnız mənim eşidə biləcəyim tərzdə: Axı o bilmir mən kiməm, niyə məni təhqir edir? Heç olmasa sizdən utanaydı. Ağsaqqalsınız…

Narahat olma, deyib, çiynində olan əlimin yerini dəyişdim. Əlim gənc oğlanın dizinə toxunanda bədənimdən sanki elektrik cərəyanı keçdiyini duydum… Bu yaraşıqlı gəncin dizi soyuq dəmir parçası idi. Heyrətdən donmuşdum. Sükutu oğlan pozdu.

Əmi, mən xüsusi təyinatlı döyüşçülərdən biriyəm. 44 günlük Vətən müharibəsinin ən qızğın nöqtələrində olmuşam. Şuşanın alınmasında iştirak etmişəm. Məni təhqir edən oğlan evində, isti yorğan-döşəkdə yatanda mən və döyüşçü dostlarım Murovda qar üstündə yatmışıq. Aşılmaz qayalardan aşmaq üçün saatlarla kəndirdən asılı qalmışıq. Şuşada kiçik bir dəstə ilə əlbəyaxa döyüşlərdə düşmənin anasını ağlatmışıq. Daha nələr, daha nələr. Mənə “baran” deyənə bir bax. Mənzil başında ona göstərərəm “baran” kimdir…

Astadan: “Onun səviyyəsinə enmək sənə yaraşmaz, oğlum”, – dedim.

Şəhərin girəcəyində tıxaca düşdük. Hamı narahtlıqla deyinməkdə idi. Təkcə gənc oturacaq yoldaşım narahat deyildi. Burda narahatlıq ola bilən nə var axı? Dərin dərələrdə, kimsəsiz meşəliklərdə günlərlə ac-susuz gözləməli olmuşuq. Belə şeylərə öyrəncəliyəm…

Tıxac yavaş-yavaş sovuşdu. Sürücü avtobusu şəhərin münasib yerində saxlayıb qapını açdı. Özündənrazı deyingənimiz özünü dərhal çölə atdı. Görünür çox tələsirmiş. Bu arada avtobusdakı qadınlardan hansınınsa qışqırıq səsi gəldi. Yanımdakı oğlan: Bağışlayın, – deyib əlini çiynimə qoydu və təkanla qalxıb tez avtobusu tərk etdi. Nə baş verdiyini bilmək marağı ilə mən də birtəhər bayıra çıxdım…

İzdiham seyrəldikdən sonra bir nəfərin uzanmış vəziyyətdə yerdə qaldığını gördüm. Yanımdakı gənc isə ona ilk tibbi yardım göstərirdi. Gənc çiyninə aşırma qaydasında keçirtdiyi kiçik çantadan götürdüyü qayçı ilə şalvarının balağını tikiş boyu dizinə qədər açaraq, qıçın sınaraq üzə çıxan lülə sümüyündən azca yuxarı belindən açdığı kəmərlə bandaj etdi. Dayanıb tamaşa edən polis nəfərindən zərərçəkmişin yaralı ayağından bərk yapışmağı xahiş etdi. Özu isə yaralını oturaq vəziyyətə gətirib qəfil özünə tərəf, arxaya çəkdi. Yaralı bu anda bərkdən qışqırdı. Nəhayət, bundan sonra polis nəfərinin yadına təcili yardım çağırmaq düşdü. İnsafən desək, təcili yardım maşını tez gəldi. Yaralının sifəti ağarmışdı. Bir qədər əvvəlki bağırtısından əsər-əlamət qalmamışdı, zəif səslə zarıyırdı.

Ambulans maşınında gələn yaşlı tibb işçisi mənzərəni görüb, aparılmış ilkin yardımı diqqətlə nəzərdən keçirdi və:

-Kimin işidir? – deyə ətrafı baxışları ilə süzdü. Oğlan asta səslə:

Bacardığımı etməyə çalışdım – dedi.

– Həkimsiniz?

– Xeyr. Xüsusi təyinatlının əsgəri olmuşam.

– Təşəkkür edirəm. Yaxşı əsgər olmusan.

Xəsarət almış sərnişini maşına yerləşdirəndə hadisə yerindəki polis nəfəri tibbi yardım göstərən gəncin kimliyi, hadisənin necə baş verməsi ilə maraqlandı.

Adım Cəfər, soyadım Əmirovdur.

Hadisə barədə ətraflı məlmatı hələ də tam dağılışmayan şahidlər verdilər. Sürücü də avtobusu qaydaların tələbinə uyğun yerdə saxlamışdı. Qeydə aldığı məlumatları lazımi yerə məruzə etdikdən sonra polis ətrafdakılara: Hamınız sərbəstsiniz. Gedə bilərsiniz, – dedi.

Bu hadisə baş verməsə, bəlkə də qazimizin adını da bilməyəcəkdim. Cəfərin qoluna girib şəhərin hansı istiqamətinə gedəcəyi ilə maraqlandım. “Neftçilər” metrosu tərəfə getdiyini biləndə, elə mən də o istiqamətə gedirəm dedim. Məqsədim onunla yaxından tanış olmaq, cəbhə xatirələrini dinləmək idi. “20 Yanvar”dan “Neftçilər”ə gəlməyimiz o qədər də vaxt aparmadı. Cəfərin istəyi ilə metronun sağ tərəfə olan çıxışına tərəf getdik. O, buradakı yaxın dostu ilə görüşmək istəyirdi.

Günortadan xeyli keçmişdi. Baş verən hadisə vaxtında nahar etməyimizə imkan verməmişdi. Metronun çıxışından 30-35 metr aralıda kafe vardı. Cəfərə bərabər nahar etməyimizi təklif etdim. Onunsa fikrindən məni qardaşıgilə qonaq aparmaq keçirdi. Mən etiraz etdim və kafedə oturmalı olduq. Xidmətçi oğlan yaxınlaşıb salam verib, 10-15 yeməyin adını çəkdi. Seçim etdik. Cəfərdən süfrə hazır olana qədər keçdiyi döyüş yolu barədə qısaca danışmağı xahiş etdim. Cəfər gülümsünüb:

– Hamısını danışmağa vaxt çatmaz. Orasını deyim ki, Qələbə arzusu və hissi ilə yalnız irəli gedirdik. Şuşanın alındığı gün idi. Döyüşlər gedə-gedə vaxt bizi axşama doğru aparırdı. Hava qaralmaqda idi. Birdən haradan düşdüyünü bilmədiyim qumbara düz yanımda partladı. Orda aldığım yaralardan komaya düşdüyümü 5 gün sonra Gəncə hospitalında bildim. Gözümü açanda başımın üstündə durmuş şəfqət bacısını gördüm. Elə bu vaxt yaralıları nəzərdən keçirməyə gələn həkim əlini çiynimə qoyub:

Şükür Allaha, səni ölümün pəncəsindən ala bildik, – dedi.

Bir həftə sonra mən də daxil olmaqla bir neçə nəfər yaralını Türkiyəyə yola saldılar. Qardaş ölkədəki xəstəxanalardan birində bizi ortopedik-protez mərkəzinə yerləşdirdilər. Artıq 10 gün idi ki, burada müalicə alırdıq. Palatamıza daxil olan yaşlı həkim: Cəfər kimdir? – deyə soruşanda, səsimi çıxardım. Stul çəkib yanımda əyləşdi, əlimi əlinə aldı:

– Səhər protezlərinin hazırlanmasına başlayacağıq, – dedi. Sağ ayağım dizdən, sol ayağım isə topuqdan azca yuxarı anputasiya olunmuşdu.

– Oğul, mən də Azərbaycandanam. Əslimiz Şamaxıdandır. Zəlzələ vaxtı babalarım bura köçüblər. Sizin, daha doğrusu, hamımızın sevimli Prezidenti İlham Əliyevin tapşırığı ilə hamınıza ən müasir protezlər hazırlanacaq…

Söhbətin bu yerində yeməyimiz gəldi. İri nimçələrdəki xəngəl elə görünüşü ilə iştah açırdı.

– Cəfər, oğlum, böyüklərimiz deyib: Gördün yemək, daha nə demək. Bismillah elə.

Cəfər xəngəldən bir neçə yarpaq dadandan sonra: Anamın bişirdiyi xingaldan olmaz, yarpaqları çox nazik olur…

Görünür vaxtın azlığını nəzərə alan Cəfər yeyə-yeyə söhbətinə sonluq verdi:

İki ay Türkiyədə qaldım. İlk günlərdə qoltuq ağacları gəzdirirdim. Bir müddətdən sonra çəliklə gəzdim. Allaha şükürlər olsun ki, indi ona da ehtiyac yoxdur. Sərbəst gəzirəm.

Nədənsə bu arada Cəfərin səsi birdən dəyişdi. Məni bağışlayın, bu protezlər mənə “baha” başa gəldi: Türkiyədən qayıdanda məni qarşılayanlar arasında Şərqiyyəni görmədim. Bacımdan soruşdum…

Gələ bilmədi. Evdən buraxmayıblar… Eybi yoxdur dedim. Dediyi də bu olubmuş ki: Mən bir topa dəmir-dümürlə ailə qura bilmərəm…

İlk vaxtlar çox üzüldüm. Sonralar ürəyimdən çıxarıb rahatlaşdım. Bu yaxınlarda valideynlərimin məsləhəti ilə Səidə adlı bir qızla nişanlanmışıq. İnşallah xeyirli olar.

Yol yoldaşımın son dediklərindən xeyli mütəəssir olsam da, gülümsünüb: Əlbəttə, xoşbəxt olun! – dedim.

Bərabər etdiyimiz naharın hesabını Cəfər vermək istəsə də razılaşmadım:

Oğlum, sənə hələ pul çox lazım olacaq. Pulu qocalar, mərifəti gənclər xərcləyər. Sən də ki, maşallah olsun, görmək arzusunda olduğum əsl Azərbaycan övladısan!

Ayrılmalı idik. Avtodayanacaq da lap yaxında idi.

Cəfər qoluma girdi. Baxışları ilə sanki şəklimi çəkirdi.

Sizi – Baba, – deyib çağırsam, olarmı?- deyə soruşdu.

– Niyə olmur? Babayam da, – deyə güldüm.

İstəyərdim babam kimi toyumda iştirak edəsiniz.

Oğul bala, sən ünvan ver, əgər o vaxta sağ qalsam, mütləq gələrəm.

Cəfər cibindən çıxartdığı şəxsi məlumatlar kartını mənə uzatdı. Baba, indi sən ünvanını de. Telefon nömrəmi götürsən yetər məncə. Cib telefonuna telefon nömrəmi yazdı və bağışlayın səhərdən heç soruşmamışam da. Adınız?

– Yaz, Cəfərin babasıƏvəz Küskün…

Bu dəmdə avtobus gəldi. Cəfər avtobusa minəndə: Baba, mütləq gəlin, gözləyəcəyəm, – dedi.

Sağlıq olsun! Gələcəyəm.

Qismət olsa, toydan sonra da nəsə yazaram…

Əvəz Küskün,

Buynuz kəndi,

25 may 2022-ci il

Şərh Yaz