Kövrək xatirələrdə yaşayan üəllim   

            

 

Mən Sərxan müəllimi əvvəlcə qiyabi – Mətbuatdan, sonralar isə bir həmkar kimi tanımışam. Öz yazılarını və haqqında yazılanları oxumuşam. İndi çoxu kitab oxumur. Mənə elə gəlir ki, hər bir insanın özü də bir kitabdır. Onu vərəq-vərəq oxuduqca qarşında canlı bir portret canlanır. Hər səhifəsində hərənin özünəməxsus bir cəhətini görürsən. Ömrünün kələ-kötür yolları ilə addımladıqca istər-istəməz onunla yol yoldaşı olursan. Elə kitabı ilə həmsöhbət olduğum Sərxan Sabir oğlu Bəbirov kimi…

Sərxan müəllim İsmayıllı təhsilində, cəmiyyətdə yaxşı tanıyırlar. Haqqında çox danışılmış, yazılmış gözəl dilçi müəllimimiz, şairimizdir. Onun keçdiyi yol heç də hamar olmayıb. O, mənalı ömür yolunu öz zəhməti ilə qət edib. Öyrənib və öyrədib. Öyrəndikləri onu ucaldıb, elm fədaisi edib, xalqa tanıtdırıb. Başqa sözlə desək, onu Sərxan müəllim edibdir.

Sərxan Sabir oğlu 1935-ci ildə İsmayıllı rayonunun Gəraybəyli kəndində dünyaya göz açmışdır. Qubaxəlilli kəndinə orta təhsili başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunda təhsil almışdır. Göyçay şəhərində oxuduğu illərdə şeirləri rayonda çıxan “Qalibiyyət bayrağı” qəzetində çap olunmağa başlamışdır. 1958-1964-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində qiyabi ali təhsil almışdır. 1957-ci ildən müəllimlik fəaliyyətinə başlamış, 1958-ci ildən İsmayıllı rayonunun Qubaxəlilli kəndində və 2001-ci ildən2018-ci ilədək Bakı şəhər 130 nömrəli tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir.

Pedaqoji sahədəki yüksək nailiyyətlərinə görə 1974-cü ildə “Qabaqcıl maarif xadimi” döş nişanı, 1978-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı, 1980-ci ildə “SSRİ maarif əlaçısı” adı ilə və Azərbaycan Maarif Nazirliyinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

Hər bir insanın özünəməxsus alın yazısı, bir də seçdiyi peşə var. Sərxan müəllim də hələ orta məktəbdə oxuyanda Azərbaycan ədəbiyyatını sevə-sevə oxuyur, dünya ədəbiyyatı ilə dərindən maraqlanırdı. Həmin illərdə məktəblərdə sinifdənxaric oxu da vardı.  Kaş bu gün də elə olaydı. Bir çox bədii əsərlər sinifdənxaric oxu materialı kimi oxunardı. Bədii əsərlər tətil günlərində oxunar, hətta məzmuna uyğun səhnəciklər də hazırlanardı. Beləcə, dilə, ədəbiyyata olan sevgi artırılardı. Bax, elə bu tədbirlər S.Bəbirova ixtisas seçimində yardımçı oldu. Ədəbiyyatımıza, dilimizə olan sonsuz  sevgisindən filoloq oldu. Çünki filologiya həssas, duyğusal sahə olmaqla yanaşı, insanı, milləti, milli dəyərləri öyrənən elmdir. Filologiya dili, onun tarixini, genetikasını, dünənini və bugününü öyrənir. Belə olanda insan sevinir. Ona sevinir ki, özünü dərk edir, kimliyini bilir.

Tale Sərxan müəllimi xeyirxah insanlarla qarşılaşdırıb. Həyatının çox hissəsi kitablarla, kitabxanalarda keçib. Oxuyub, öyrənib və öyrədib. Şagirdləri üçün nə lazımdırsa edib. Həyatını, işini, məqsədini bilən və öz əqidəsinə sadaqətlə bağlı olan təcrübəli bir təhsil işçisi olub. İşindən həmişə zövq alıb. Çalışdığı kollektivlərdə də Sərxan müəllimi məqsədi aydın, fəaliyyəti real olan əsil təhsil işçisi kimi tanıyıblar. O, hər bir şagirdə öz övladı kimi baxıb,  gələcəkləri barədə düşünüb. Elə buna görə də ad-san sahibi olub. Onun müəllimlik fəaliyyəti bir dastandır, qalın bir kitabdır, yəqin ki, haqqında dediklərimi sevimli şagirdləri saf gerçəklik kimi xatırlayıb təsdiqləyəcəklər.

Həmkarımın bədii yaradıcılığı da ömrü kimi mənalı və çoxşaxəlidir. Bu yaxınlarda əlimə Sərxan müəllimin 2021-ci ildə çapdan çıxmış “Hikmət çələngi” kitabı keçdi. Əvvəldən axıra kimi oxudum. Oxuduqlarımdan müəllifin kimliyi canlandı gözlərim önündə, onun daxili  aləmindəki zənginliyə heyran qaldım…

İnsanın mənəvi saflığını, azadlığını, şəxsiyyətini hər şeydən uca tutan Sərxan Bəbirov öz hikmətlərində insan şəxsiyyətini, təbiət gözəlliklərini, ülvi məhəbbəti, sənətin, sözün  gözəlliyini beyt və bəndlərdə tərənnüm edir. Bu kitabda Vətən duyğusu, Vətən qayğısı və vətənpərvərlik hissləri çox önəmli və güclüdür. Sevgi, halalıq, kişilik, mərdanəlik bu hikmətlərdə öz əksini tapır:

Sevgidə də halallıq, zəhmətdə də halallıq,

“Qurani-Kərim”də də pislənibdir ziyanlıq.

Kişilik, mərdanəlik dözümdür, dəyanətdir,

Öz-özünü təsdiqdir, Vətənə sədaqətdir.

Sərxan müəllim həqiqətdən danışarkən onu necə də gözəl ifadə edir:

Həqiqətin üzü sərt olsa da düşünürəm,

Yalançı, boş sözlərdən qiymətlidir o hökmən.

Bər-bəzəkli sözlərdə yalan tutubsa maya,

Onları ilk görüşdən axıdardım mən çaya.

Sərxan Bəbirov öz müəllimlik fəaliyyətində də həmişə düzlüyün, həqiqətin yanında olub.

Kitabda verilən nümunələrin əsas mahiyyəti, əsas qayəsi məhz göstərilən ideya istiqamətlərini əhatə edir, oxucunun mənəvi-estetik hisslərini oyadır, hərəkətə gətirir. Daha aydın olsun deyə, bir nümunəyə diqqət edək:

Sözü bütöv olmayan adam sayılmır kişi,

Kəlbətin kara gəlməz sınıq olanda dişi.                                                                                                     

Vətənsiz yaşama ki, canı tapşıran zaman

Xatircəm olmaq istər gora gedən hər adam.           

Sevmək, sevilmək üçün cahana gəlib insan,

Sevgidən doğulmayan məlum şeytandır, şeytan!

Duyğuya, düşüncəyə çox da etmə etibar,

Əqlə, idraka söykən, şüurda zor gücü var.

Onsuz dünya özü qəfəsdir, qəfəs,

Sözsüz bu kainat heç nəyə dəyməz.

Füzuli demişkən, sözə versən can,

Ölüm nə şeydir ki, ondan qorxasan.

Mənəvi-estetik təsirinə görə diqqəti cəlb edən bu şeirləri həyəcansız oxumaq olmur. Haqqında söz açdığım kitabda 723 bənddən ibarət hikmətli fikirlər cəmlənib. Əslində bunların hərəsi bir əsər, bir mövzunun materialıdır.

Yaxşı ki, gecəni yaradıb Tanrı,

Yoxsa bağlanmazdı alver bazarı!

Bığlı tarakanlar, bu yarasalar,

Əbədi gündüzdə nə olardılar?!.

Çox gözəl deyimdir.

Aslandan, pələngdən qorxma o qədər,

Onlar gücə layiq bir həyat sürər.

Şaqqaldan, tülküdən eylə ehtiyat,

Çünki qorxunc olur xırda həşərat.

İnsanın bütün həyatını göz önünə gətirən həm də nikbinliklə bərabər qəm-qüssə hissi oyadan misralardır. Hansı tərəfdən baxsaq, hansı tərəfə çevirsək həmin misraların təsiri böyük bir məna tutumunu qəlbimizə hakim kəsilir: həyat gözəldir! Həyat o zaman gözəl olur ki, ömrün ötən illərini mənalandıra, həyatı həyat kimi yaşada bilirsən. Qəlbinin dərinliklərindən gələn bu sözləri əməli fəaliyyət üçün əsas götürürsən. İstər-istəməz ürəyinin səsinə qulaq asırsan: hələ yaşamağa dəyər!..

Mövzu rəngarəngliyi ilə diqqəti cəlb edən, hamıya doğma olan analara, qadınlara həsr olunan kəlamları da həyəcansız oxumaq olmur:

Qadın sevgilidir, qadın anadır,

Cahan bir yanadır, o, bir yanadır.

Öpün, qucun onu, o sizə gülsün,

Ona məftun ol ki, dərdindən ölsün

O, papaq kimidir, atıla bilməz,

O, ürək kimidir, satıla bilməz.

Oğula anadır, qardaşa bacı,

Onunla bağlıdır hər ağrı, acı.

Ətraf aləmin, ayrı-ayrı obyekt və hadisələrin, ictimai proseslərin, həyat-məişət anlarının mahiyyətindən bəhs edən bu hikmətləri oxuduqca bədii təfəkkür zəminində yaranan söz-sənət incilərinin təsiri ilə fikir, düşüncələr aləminə qərq olursan, Sərxan Bəbirovun istedadına, həyat hadisələrini nəzmə çəkmə qabiliyyətinə heyran qalırsan, sanki hər şeirdə onun daxili aləmini görürsən.

S.Bəbirovun müəllifi olduğu dörd kitabdan həcmcə ən kiçiyi ilə tanışlıqdan sonra qələmə aldıqlarımı sizlərə təqdim etdim. Məsləhət görərdim ki, oxucu olaraq müəllifin bu kitabla bərabər  “Sözümün işığı”, “Qızaran üfüqlər” və “Qəzəllər” adlı kitablarını da oxuyasınız. Onda siz Sərxan müəllimin söz dünyasına tam səyahət etmiş olacaqsınız.

Bu nəsihətamiz kitab haqqında fikrimi elə müəllifin öz sözü ilə bitirirəm:

Sözlə qanadlanıb gülə bilərsən,

Sözün təsirindən ölə bilərsən.

Bir sözlə hirslənib qan tökmək olar,

Sözdə Tanrı gücü, el qüdrəti var.

Hacıməmməd Məmmədov                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

Şərh Yaz