DÜŞÜNDÜRÜCÜ HEKAYƏ                       

Bir nəfər cinayətdə şübhəli bilinərək həbs edilir və ona vəkil tutulur. İlk görüşmədə vəkil müştərisinə “narahat olma, qurtulacaqsan” – deyir. Məhkəmə olur və “edam edilsin” qərarı verilir. Məhkum vəkilinə əsəbləşir və onu yalançı adlandırır:

– Bəs məni qurtaracaqdın, nə oldu?

– Sən narahat olma, səni xilas edəcəm.

İş növbəti məhkəməyə gedir və yenə “edam edilsin” qərarı verilir. Günahkar daha da əsəbləşir və vəkili yenə yalançı adlandırır.

– Bəs məni qurtaracaqdın, nə oldu?

– Hələ narahat olma, növbəti təsdiq məhkəmələri var, səni qurtaracam.

Qərar yenə də “edam edilsin” olur. Bütün təsdiqləmələrdə “edam edilsin” qərarı verilir.

Məhkumu edam üçün meydana gətirirlər. Boğazından ipi asırlar və ayağının altına stul qoyurlar, sonra isə ayağının altından stulu çəkirlər. Adam bir müddət havada çapalayır. Bu zaman vəkil qaçaraq gəlir və ipi kəsərək müvəkkilini ölümdən qurtarır, ortalıq qarışır. Vəkili tuturlar və niyə belə etdiyini soruşurlar. Vəkil deyir:

– Bu adam edama məhkum idi, siz də onu edam etdiniz. Adamın ölüb-ölməməsi başqa məsələdir. Qərar “edam edilsin” idi, “edam edib öldürmək” yox.

Bu məsələ Kraliçanın qulağına çatır və vəkilin dediklərinə haqq qazandırır. Bundan sonra qanunda dəyişiklik edilir. Belə ki, “edam edilsin” qərarı “edam edilərək öldürülsün” ilə əvəz olunur.

Göndərən:

Tahir Rəcəbov

 

Şərh Yaz