İsmayıllıda mediatur                    

14 oktyabr 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzəliyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, İsmayıllı Rayon Təhsil Şöbəsi və Peşə Təhsil Mərkəzinin əməkdaşları, media qurumlarının rəhbərləri, KİV və rayon ictimayyəti nümayəndələrinin  iştirakı ilə mediatur təşkil edilib.

İlk öncə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.

Mediatur iştirakçıları Şəhidlər xiyabanını, həmçinin tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarını ziyarət edib, şəhidin evində olub və ailə üzvləri ilə görüşüblər.

İştirakçılar İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətindəki, şəhidlərin şərəfinə inşa olunmuş xatirə kompleksini ziyarət edib və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyasını da həyata keçiriblər.

Mediatur iştirakçıları İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, burada yaradılmış şərait, ixtisas otaqları ilə tanış olublar. Mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib.

Təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə İsraildən gəlmiş mütəxəssislər tərəfindən keçirilir.

İsmayıllı Peşə Təhsil Mərkəzinin direktoru Zaur Muradov bildirib ki, İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcəklər.

Günün sonunda təhsil nazirinin müavini Firidun Qurbanovun rəhbərliyi ilə mediatur iştirakçıları İsmayıllıdakı Mədəniyyət Sarayında rayonun orta məktəblərinin gənclərin hərbi çağırışaqədərki hazırlıq fənni üzrə müəllimləri və qazilərdən bir qrupu ilə görüşüb. Görüşdə, yetişən nəslin, yüksək vətənpərvərlik hissləri ilə tərbiyə olunması önə çəkilib. 44 günlük Vətən müharibəsinin iştirakçıları cəbhə xatirələrindən, bu sahədə işlərin daha mükəmməl aparılmasının vacibliyindən danışıblar.

Çay süfrəsi kənarında gedən söhbət əsnasında hərb tariximizə yazılan şanlı səhifələrə görə Ali Baş Komandan  cənab İlham Əliyevə dərin minnətdarlıq etiraf olunub.

Şərh Yaz