AŞIQ ŞAKİRƏ ANALIQ ETMİŞ TİRCANLI MARAL QARI                

Aşıq Şakiri  ilk dəfə həyatda görəndə 14 yaşım yenicə tamam olmuşdu. O vaxta qədər onu yalnız “47” və “52” markalı radioqəbuledicilərin dalğalarında dinləmişdim. Barəsində eşidib inanmadığımız “Televizor” adlı sehirli qutular isə hələ Azərbaycana gəlib çıxmamışdı. Radioda səsləndirilən həftəlik proqramlardan öyrəndiyimiz Aşıq Şakirin iştirakı ilə veriləcək konsert günlərini səbirsizliklə gözləyərdik. Belə konsertlər adətən axşamlar verilərdi. Kənddə cəmi-cümlətanı 5-6 evdə radioqəbuledici olduğundan, konserti dinləmək üçün daha xoşqılıq ailənin evinə yığışardıq. Daralanlar daha çox idi, hətta divarın o üzündəki qonşusu eşitməsin deyə, radionun səsini alanlar da olurdu. Nə isə…

1955-ci il idi. Gombul Şirinin Tircan kəndinin mərkəzindəki evinin həyətində vələs, pip ağaclarının yaşıl budaqlarından uzun-uzadı bir mağar quraşdırılmışdı. Kənd əhli ilk dəfə idi ki, bu boyda mağar görürdülər. El-camaat içərisində tanınan üç qardaş – Bığ Məhəmməd, Gombul Şirin və küsülüləri  barışdırmaqda ad çıxaran xeyirxah Həmid dilbir olub anaları Sürəyyanın vəsiyyətinə görə burada kiçik qardaşları Səmid müəllimə üç gün- üç gecə unudulmaz, yaddaşlarda qalacaq möhtəşəm toy çaldıracaqdılar. Əlamətdar olanı  bir də bu idi ki, toyu idarə etməyə İsmayıllı rayonuna ilk gəlişi olan tanınmış, Respublika Ali Sovetinin deputatı Aşıq Şakir Hacıyev dəvət olunmuşdu. Al-əlvan xalça-palazlarla bəzədilmiş səhnə önündə oturan çalğıçı heyyəti, xırda-para hazırlıqdan sonra, balabanın həzin və ecazkar səsi ilə Aşığı məclisə dəvət etdilər. Çox keçmədi başı mağara boy verən, sağ əlində sazı, sol əli ilə isə nəvazişlə ağuşuna sıxdığı yaşlı, nurani bir qadınla Aşıq Şakir mağara daxil oldu. O, qadını əvvəlcədən mağarın tən ortasında quraşdırılmış yaraşıqlı guşədə oturtdu, özü isə qadının önündə qərar tutdu. Mizrabı bir neçə dəfə simlərə vurub, çalğıçılara o vaxt dəbdə olan “Boylana-boylana” mahnısını oxuyacağını bildirdi. Mahnı dalğa-dalğa olub mağarı doldurdu. Aşıq tez-tez əyilib qadının əllərindən öpürdü. Mağarda baş verən qeyri-adi bu mənzərədən təəccüblənən tamaşaçılar, maraqla bir-birilərinə baxışırdılar…

Mağar Aşığa, Aşıq də mağara yaraşırdı. Hər kəs Aşıq Şakiri öz toy məclislərində beləcə görməyi arzulayırdı. Amma, bu o qədər də asan iş deyildi. Aşığa beh verib toya dəvət edənlər aylarla növbələrinin çatacağı günü gözləyərdilər. Məşhur Aşığın bu qədər populyarlaşmasına, uzun illərin əzmkarlığı səbəb olmuşdur. Onu, adi yeniyetmə Şakir illərindən, Ustad  Aşıq Şakir Hacıyev zirvəsinə aparan yollar, olduqca çətin və əzablı olmuşdur. 24.01.1922-ci il tarixində Ağsu rayonunun Xəlilli kəndində dünyaya göz açan Şakir, kiçik yaşlarından kəndlərində toy etmək üçün dəvət olunan Aşıq Mövludun hər gəlib-gedişindən  sonra, onun nə gecəsi olardı, nə də gündüzü. Yuxusu ərşə çəkilərdi. Dodaqları nə isə danışırmış kimi daima titrəyərdi. Onun bu əhvalı valideynlərini narahat etməyə başlayırdı. Balaca Şakir isə öz aləmində idi. Dodaq pıçıltıları zümzüməyə çevrilirdi. Günlərin birində atası Şahverdidən aşıq Mövludun harada yaşadığını soruşur. Oğlunun səmimi sorğusuna cavab verən ata, aşığın, kəndlərinə çox  yaxın olan dəhnələrdəki  qışlaqların birində yaşadığını bildirir…

… Balaca Şakirin evdən harasa çıxıb getməsi xəbəri bütün kəndə yayılır. Güman gələn qohum-əqrabaya xəbər verilir. Səs ətraf kənd-obaya da çatır.  Gördüm deyən olmur. Şahverdi oğlunun bir gün əvvəl ondan Aşıq Mövludun harada yaşaması sorğusunu xatırlayır. O, Günəşin batmasına bir mənzil qalmış Aşıq Mövludgilə yollanır. Aşıq nişan verilən oğlanın onlarda olmasını bildirsə də, o, orada yox idi. Aşıq onun yaxın qohumları olan Müzəffər kişinin uşaqlarına qoşulub getdiyini bildirir. Şahverdi kişi gündüzdən təsərrüfat işlərindən yorulub əldən düşən Müzəffər kişinin evinə gələndə, bütün kənd yatmışdı. İt hürüşməsinə çölə çıxan Müzəffər kişi Şahverdini görəndə, çiçəyi çırtdayır. Onlar çoxdanın  dostları kimi görüşürlər, əlini Şahverdinin çiyinlərinə qoyub: “Deməli, oğlun gəlməsəydi sən məni arayıb axtarmayacaqdın? Onu bilə-bilə geriyə – kəndə qayıtmağa mən qoymadım. Bilirdim ki, sən mütləq gələcəksən. Ona görə də Maral bacın samovar qaynadıb birlikdə səni gözləyirdik. Bax, nə badə uşağı danlayasan haa… O, ürəyindəkilərin hamısını açıb mənə danışıb, çox düzgün yoldadır” – dedi. Şahverdi, çoxdan tanıdığı Müzəffər kişinin evində yeyib-içdikdən sonra, kənddə nigaran qalan ailəsinin üstünə qayıtmaq üçün ayağa qalxdı. Qapıdan çıxarkən bir daha arxayın olsun deyə, pərdəni aralayıb uşaqlar yatan otağa baxdı. Şakir, Müzəffər kişinin oğlanları Bəbir, Allahverdi və Paşanın arasında 40-cı yuxuda idi. Beləliklə, bir belə, beş belə Şakir Müzəffər kişinin ailəsinə isinişir. O, bu ailəyə qoşulub yayda yaylağa, qışda qışlağa gedir. Qoyun otarır, yun qırxır, süd sağır, qumral, kərə, şişək, təpəl quzularla əylənir, ot biçir, qışa ələf ehtiyatı görür. Namazgah, Babadağ, Niyal, Qərsələ yaylaqlarında gördüyü füsunkar təbiət, balaca, 12 yaşlı Şakirin yenicə oyanmaqda olan duyğularının inkişafına təkan verirdi. O, onun üçün yemişan ağacından düzəldilmiş toppuz başlı çomağına əlvan rəngli saplardan “simlər” çəkib, onu özünə “saz” eləyir, sinəsinə basıb müxtəlif “pərdələrdə” mahnı, muğam oxuyardı. Onun bu hərəkətlərini görən Maral arvad Şakirə acıqlanar, Aşıq Mövludun tövsiyyəsi ilə 14 yaşına kimi oxumamasını, soyuq su içməməsini, soyuq havada çox gəzməməsini, səsini qorumasını təkidlə tələb edərdi, onu gözdən qoymazdı. Onu övladlarından ayırmazdı, ən çox onun üstündə əsərdi. Qızı Ağasənəm də anası Maral arvaddan geri qalmazdı, Şakiri əzizləyərdi. Qışlaq həyatı Şakirin daha çox ürəyincə olardı. O, tez-tez Aşıq Mövludun məclislərinə gedər, onun söylədikləri nağıllara, mahnılara, ustadnamələrə diqqətlə qulaq asar, hərəkətlərini izləyər, mağarda etdiyi var-gəllərini, addımlarını, ayaq hərəkətlərini və ümumiyyətlə aşıqçılıq mədəniyyətini  mənimsəyərdi. Olurdu ki, Aşıq Mövlud toylarda bəzən Şakirə də ürəyini boşaltmaq üçün çox qısaca söz verərdi, yığılan nəmərlərdən ona da pay ayırardı.  Ana əvəzi Maral arvad bu pulları yığıb Şakirə aşıq libası, aşıq papağı da almışdı, saz alacağına da söz vermişdi. Şakirin uçmağa qanadı olmazdı. Bu həm də maddi çətinliklər içində yaşayan Şahverdi kişinin ailəsinə böyük köməklik idi… Şakirin yaşı 14 olub 15-ə keçəndə, İlahinin ona verdiyi səs daha da məlahətləşdi. Dəf götürüb Aşıq Mövluda xanəndəlik etdi, diringələrarası onunla səs-səsə verib birgə oxudu, ustadına, özünə geniş tamaşaçı kütləsi cəlb etdi. Vaxt da olurdu Aşıq Mövlud yorulduğunu bəhanə gətirərək sazını ona etibar edər, özü isə pərdə arxasına keçib, balaca şəyirdinə qulaq asar, hərəkətlərinə nəzər yetirərdi. Qoca aşıq sevincindən uçunardı. Amma bu sevinci heç vaxt Şakirə bildirməzdi, əksinə, daha tələbkarlıqla  iradlarını ona bildirərdi. Ustad aşıq daxilən arxayın idi ki, özündən sonra onu əvəz edə biləcək bir aşıq-sənətkar yetişdirib. Bağbana əkib-becərdiyi ağacın meyvəsindən savayı yüksək mükafat nə ola bilər ki?!

“Gələn qalmaz, gedən gəlməz” –  demişdir atalar. Qoca Ozan xəstələnib yatağa düşdüyü vaxt, bir daha ayağa durub məclislər sulamayacağına gümanı itəndə, son nəfəsdə şəyirdi Şakiri yanına çağırtdırır, ona aram-aram, nəfəsini dərişdirə-dərişdirə öz tövsiyyələrini verir. Özü kimi gümrahlığını çoxdan arxada qoymuş, beli bükülmüş ömür-gün yoldaşına him-cimlə divardan asılmış sazının ona gətirilməsini işarə edir. Aşıq damarları çıxmış əllərini uzadıb, sazı güclə əllərinə ala bilir. O, göz oymalarında yığılıb qalan mirvariyə bənzər cilvələnən göz yaşları içərisində, uzun illərdən bəri sinəsinə sıxıb tarix yaşatmış, sürtülməkdən pərdəsi ağarmış sədəfli sazını şəyirdinə uzadır. Yenicə bığ yeri tərləmiş Şakir hönkürtü ilə sazı Ustadından qəbul edəndə, birdən aşığın əlləri boşalıb yorğan üstünə düşür. O, Ustadının buzlaşmış əllərini ovucları içərisinə alıb isti nəfəsi ilə onlara can vermək istəsə də, artıq gec idi… Getdikcə eldə-obada aşıq kimi tanınan Şakir xeyli vaxt bu sazla neçə-neçə el şənliklərini, neçə-neçə toyları yola verdi. Amma hər dəfə sazı əlinə alanda, onu yerinə asanda qəlbində anlaşılmaz hisslər baş qaldırırdı, özü-özünü ustadına qarşı hörmətsizlik etməkdə ittiham edirdi, əhvalı pozulurdu. Bir gün Aşıq Şakir Kürdəmirdə məşhur aşıqlardan olan Vaşalı Aşıq Qəriblə və onu müşaiyət edən mahir balabançı Yunislə rastlaşır. Onların hər ikisi Aşıq Mövlud məclislərinin iştirakçısı olub ondan çox şey öyrənmişlər, onun yaxın dostları olmuşlar. Şakir onları evinə dəvət edir. Birlikdə Aşıq Mövluddan söz açıb, barəsində xeyli xatirələr danışırlar. Durub getmək istəyəndə Aşıq Şakir Ustadının sazını Aşıq Qəribə hədiyyə verir. O, özünü Ustadının sazını daşımağa hələ hazır olmadığını bildirir… Aradan bir müddət keçir. Kainatı xarabazara çevirən, çox qapıları bağlı, çox uşaqları yetim qoyan İkinci Cahan müharibəsi başlayır. Şakir də həmyaşıdları kimi müharibəyə səfərbər edilir. Halallıq almaq üçün ilk növbədə Müzəffər, Aşıq Mövlud ocağına gəlir, ona analıq etmiş Maral arvadı, qardaşlıq etmiş oğlanları Bəbiri, Allahverdini, Paşanı, bacılıq etmiş Ağasənəmi, Qızbacını, Aşıq Mövludun ailə üzvlərini hərarətlə qucaqlayıb bağrına basır və cəbhəyə yola düşür. Arxasınca su atılıb xeyir-dua edilən Şakir sağ-salamat müharibədən dönərkən də, yenə ilk olaraq bu ailələrə baş çəkibmiş…

Aşıq Şakir Gombul Şirini, Bəbiri qapısı ağzında görəndə, elə bil dünyaları ona bəxş etdilər. O, hiss etmişdi ki, onların Kürdəmirə gəlişi elə-belə gəliş deyil. Məsələdən agah olanda aşıq daha çox sevindi. Təklif olunan bütün şərtlərlə danışıqsız razılaşdı. Sifariş çox olduğundan bəzi toylara günhesabı, saathesabı  gedən Aşıq Şakir, bu dəfə o, Tircana üç günlük toya getməyə can-başla razılıq vermişdi. Bilirdi ki, sonsuz qayğılarını görmüş Maral qarı bu kənddə yaşayır. Onunla tezliklə görüşəcəyi üçün ürəyi nanə yarpağı tək əsirdi.

… Mağar çal-çağır içərisində kükrəyirdi. İlk dəfə olaraq aşıq mahnıları ilə muğamı vəhdətləndirən Aşıq Şakir,  məclisi o baş-bu başa gəzir, gah zildən “Segah” oxuyur, gah bəmə enib ustadnamələrdən şeirlər deyir, gah da özü qoşduğu “Azərbaycan”, “Şamaxı”, “Nə bağ bildi, nə də bağban” oynaq mahnılarını oxuyur, gah da könüllərə yağ kimi yayılan, insanı düşündürən “Şirvan şikəstəsini” oxuyurdu. Hər mahnıdan sonra məclisin mərkəzində oturan xanım-xatın Maral qarı qarşısında təzim edir, üz-gözünü sığallayır, əllərindən öpürdü… Üstündən 50 il keçmiş bu xatırlama dünən olubmuş kimi, yaşları 100-ü adlamış Ağasənəm, Qızbacı qarılar tərəfindən bütün təfərrüatı ilə bu gün də xatırlanılır. Mənə gəldikdə isə qələmə aldığım bu yazıda adları çəkilən, haqq dünyalarına qovuşmuş  Maral qarıya, Müzəffər, Mövlud, Bəbir, Allahverdi, Paşa kimi kişilərə, qarşıda 100 illik yubileyi gələn, 49 yaşında itirdiyimiz Azərbaycan əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevə Allahdan rəhmət və mərhəmət diləyirəm.

Vaqif Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz