Ucqar kənd məktəbinin uğurları                            

                        Orta məktəb illəri insan həyatının qayğısız, xatirələrlə zəngin, unudulmaz və xoşbəxt illəridir. Məktəb insanlara təhsil, elm, tərbiyə verən, onlara əxlaqi dəyərləri aşılayan məkandır. Məktəb həyatını unudulmaz edən isə müqəddəs peşə sahibləri – müəllimlərdir.

Bu gün dövlətimizdən təhsilə, təhsil işçilərinə xüsusi diqqət var. Ölkənin ən ucqar dağ kəndində də elm təhsil ocaqlarına güclü dövlət dəstəyi göstərilir. Odur ki, ən ucqar kəndlərimizdə belə yüksək nəticələr, davamlı uğurlar müşahidə olunur.

Bu gün ucqar dağ kəndlərindən birində yerləşən, qədim təhsil ənənələri olan məktəblərimizdən biri İsmayıllı rayonunun Qalacıq kənd tam orta məktəbidir. Qalacıq kənd tam orta məktəbində inkişafa istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi qazanılan uğurların təminatçısıdır. Burada dərs günü Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayır ki, bu da milli vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmətdir və ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsində vətənpərvərliyin məktəblilərə təbliğ olunmasıdır. Məktəbin vəzifəsi yüksək təhsil verməklə yanaşı milli-mənəvi, ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirmək, Vətəninə layiqli vətəndaş yetişdirməkdir. Elə bu məqsədlə də məktəbdə cənab Prezidentin ətrafında sıx birləşmək, dövlətçilik ənənələrinə sədaqət mövzusunda müntəzəm söhbətlər aparılır, hər bir şagird dövlətimiz, dövlətçiliyimiz, adət ən-ənələrimiz, Tarixi qələbəmiz, milli birliyimiz ilə qürur hissi duyur.

Təhsil uğurlarının əsasında müəllim əməyinin qiymətləndirilməsi və tələbkarlıq dayanır. Qalacıq kənd tam orta məktəbində 2017-2018-ci tədris ilində direktor vəzifəsi üzrə təyinatdan sonra məktəb həyatında xüsusi canlanma baş verdi. Nazirliyinin təşkil etdiyi direktorların işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən Qasımov Rusan Bəhruz oğlu direktor vəzifəsinə təyin olundu. İlk gündən göstərilən etimadı və vəzifə məsuliyyətini dərk edərək işinə sevgi ilə yanaşdı, biri-birinin ardınca uğurlara imza atdı. İşini uğurlu təhsil siyasəti – Təhsil Nazirliyi, Rayon Təhsil Şöbəsinin tələbləri əsasında qurur, təhsilin prioritet istiqamətlərində verilən hər bir tapşırığa fəallıqla əməl edir. R.Qasımov kollektivdə müəllim nüfuzunun yüksəldilməsinə, onların əməyinin qiymətləndirilməsinə çalışır. Sevindirici haldır ki, məktəbin hər bir müəllimi üzərinə düşən məsuliyyəti dərk edir, məktəblilərin dərin biliyə sahib olması, şəxsiyyət kimi yetişməsi üçün yüksək səy ilə çalışır.

Məktəbdə keyfiyyətli təhsilə nail olmaqla yanaşı, əlamətdar günlər, tarixi bayramlar, xüsusilə Ulu öndərin doğum və anım günləri müxtəlif məzmunlu tədbirlərlə yüksək səviyyədə qeyd olunur. Burada Heydər Əliyev güşəsi yaradılıb. Güşədə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən tablolar, sənədlərin foto surətləri öz əksini tapıb.

Məktəbdə keçirilən tədbirlər şagirdlərinin böyük marağına səbəb olur. Tədbirlərin keçirilməsində məktəb şagirdləri yüksək fəallıq nümayiş etdirirlər. Keçirilən bilik yarışmalarında fənn aylıqları, fənn gecələrində şagirdlər böyük coşqu ilə iştirak edirlər.

2019-2020-ci tədris ili üzrə Beynəlxalq Muzeylər Günü ərəfəsində məktəbdə tarix-diyarşünaslıq güşəsi təsis olunub. Bu təşəbbüsə şagirdlərlə bərabər valideynlər də qoşulublar. Hazırda məktəbin muzeyində Qalacıq kəndinin tarixi və mədəniyyətini, sənətkarlıq növlərinin əks etdirən eksponatlar saxlanılır və nümayiş etdirilir.

Təlim-tədris mərkəzində təlim və tərbiyə işi vəhdət təşkil edir. Buradakı müəllim heyəti yaxşı bilir ki, pedaqoji proses bu iki amilin vəhdətindən ibarətdir. Şagirdlərin dünyagörüşünün yüksəldilməsi, müxtəlif sahələrə marağının artırılması məqsədilə çoxsaylı tədbirlər – bilik və idman yarışları, ədəbi-bədii gecələr, elmi tədbirlər, müxtəlif sahələr üzrə tanınmış şəxslərin həyat və yaradıcılığına həsr olunmuş digər layihələr şagirdlərin iştirakı ilə həyata keçirilir. Məktəbin “Gənc ekoloqlar” komandası təsis edilməsi belə tədbirlərdəndir. 25 şagirdin iştirakı ilə formalaşan komandanın hazırda 50-yə yaxın künüllü üzvü vardır. Bu könüllülər il ərzində kənddə təmizlik, ağacəkmə aksiyaları keçirir, təbiətin mühafizəsi istiqamətində bir sıra layihələr icra edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Məktəb bağları” layihəsinə məktəbin “Gənc ekoloqlar”ı məmnuniyyətlə qoşulmuş, məktəbətrafı ərazidə 100-ə yaxın ağac əkmişlər. İDEA ictimai birliyinin təşəbbüsü ilə keçirilən “Zubrları təbiətə qaytaraq” layihəsi  çərçivəsində birliyinin əməkdaşları Qalacıq kənd tam orta məktəbində şagirdlərlə görüşüb könüllülərin fəaliyyətini yüksək dəyərləndiriblər. Ümumilikdə məktəblilər könüllülüyün əsas mahiyyətini dərindən dərk edirlər. Ən böyük könüllülük, ən dəyərli fədakarlıq nümunəsini isə xalqımız, igid oğullarımız 44 günlük Vətən Müharibəsində nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində könüllü döyüşən və tarixi qələbəmizin qazanılmasında fəal iştirak edən qəhrəman oğullarımız arasında  məktəbin çoxsaylı məzunları, həmçinin məktəbin hərbi-hazırlıq müəllimi İsmayılov Elşad Nadir oğlu da vardır. Məktəbin müəllimi Elşad İsmayılov Dövlət başçısının sərəncamına 24 iyun 2021-ci il tarixli, əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məktəbin müəllimi və Qalacıq kəndinin sakinləri olan müharibə qəhrəmanları ilə məktəblilərin görüşünün təşkil olunması da şagirdlərdə vətən sevgisini artırır, vətənpərvərlik ruhunu yüksəldir.

Mütəmadi olaraq həyata keçirilən tədbirlərin nəticəsidir ki, məktəbin şagirdləri müxtəlif müsabiqə və yarışlarda qalib yerləri tutur, Fəxri fərman və diplomlarla təltif edilirlər. 31 Dekabr – Dünya  Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə 8 rayon üzrə keçirilən sınaq imtahanında məktəbin şagirdi Ülkər Hacıyeva III olub. Məktəbin istedadlı şagirdləri fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında, inşa və rəsm müsabiqələrində, həmçinin idman yarışlarında fəal iştirak ediblər. 2018-2019-cu tədris ilində Respublika fənn olimpiadalarının rayon mərhələsində məktəbin şagirdi Bənövşə İsmayılova, 2019-2020-ci tədris ili üzrə Ülkər Hacıyeva yüksək bal toplayaraq rayon birincisi olmuş və yarımfinal mərhələsində iştirak hüququ əldə ediblər. Heç şübhə yoxdur ki, bu uğurlar müəllimlərin və məktəb rəhbərliyinin gərgin əməyi sayəsində əldə olunub.

Məktəbin direktoru təhsillə bağlı yenilikləri öyrənir və işini əsas istiqamətlərə və hədəflərə uyğun qurur, dövlət proqramlarının və layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə elan olunmuş “Cümhuriyyət ili”, “Nəsimi ili” və “Nizami ili” kimi respublika əhəmiyyətli möhtəşəm tədbirlərə məktəbin müəllim və şagird kollektivi öz töhfəsini vermiş, yüksək nəticələr əldə edirlər.

Son 4 ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında Qalacıq kənd tam orta məktəbinin məzunları yüksən nəticələr göstərməkdədirlər.

2019-2020-ci tədris ili üzrə məzunlardan – Aytən Bədəlova 641 bal toplamış, buraxılış imtahanlarında riyaziyyat fənni üzrə 100 faizlik nəticə göstərmiş, məktəbi fərqlənmə attestatı ilə bitirmiş, Bənövşə İsmayılova 588 bal toplayaq Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. B.İsmayılova da buraxılış imtahanında fransız dili fənni üzrə 100 faizlik nəticə göstərərək orta məktəbi Fərqlənmə attestatı ilə bitirmişdir. Ümumilikdə, məktəbin 6 nəfər məzunu bu il müxtəlif ali təhsil ocaqlarının tələbəsi adını qazanmış, 4 nəfər məzun isə kolleclərə daxil olmuşdur. Məktəbin IX sinfini bitirən Zarina İsmayılova göstərdiyi yüksək nəticələrə görə ümumi orta təhsil bazasını Fərqlənmə attestatı ilə bitirib. Həmin tədris ilində məktəbin iki şagirdi Mədəniyyət Nazirliyi və Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən “İstedadlar sorağında” müsabiqəsində I və II turun qalibi olublar. 2019-cu ilin sentyabr ayında Təhsil İşçilərinin Şamaxı şəhərində keçirilən konfransında ümumtəhsil məktəblərinin qəbul və buraxılış imtahanı nəticələrinin statistikası elan olunub. Nəticələrə əsasən şagird sayı 20-dən artıq olan məktəblər arasında Qalacıq kənd tam orta məktəbinin IX sinif şagirdləri İsmayıllı rayonu üzrə III yerdə, Respublika üzrə 2300-dən artıq məktəb arasında 245-ci yerdə qərarlaşıb.

Məktəbin 60-dan artıq şagirdinə yüksək nəticəyə, məktəb və rayon tədbirlərində fəal iştiraka görə 2018-2019-cu tədris ilində RTŞ-i və məktəb tərəfindən Fəxri fərmanlar təqdim olunub. Şagird fəallığının qiymətləndirilməsi məktəblilərin stimullaşdırılmasına səbəb olur ki, bu da təhsildə gələcək uğurların qarantıdır.

2019-2020-ci tədris ili üçün məktəb yeni bir layihəyə imza atıb. Belə ki, məktəbin rəhbərliyinin təşəbbüsü ilə mövcud  sinif otaqlarına Azərbaycan Respublikasının Milli Qəhrəmanlarından birinin adı verilib. Milli Qəhrəmanın adını daşıyan sinifdən onun həyat yolunu əks etdirən tablo və məlumatlar asılacaq. Bu işdə məqsəd məktəblilərin vətənpərvərlik ruhunun yüksəltmək və Milli Qəhrəmanlarımızın şagirdlərə daha yaxından tanıdılmasına nail olmaqdır.

Cari ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında iştirak edən şagirdlərdən Xumar Salehova 634, Zarina İsmayılova 624, Ülkər Hacıyeva 609, Əfsanə Əsgərova 504, Şəhanə Sultanova 455, Diana Abdullayeva 320, Leyla Məmmədova 305, İnam Cırıyev 304, Rəhman Balayev 250 bal toplayaraq tələbə adını qazanmışdır.

Bundan başqa orta ixtisas məktəblərinə qəbul olan məzunlar da vardır. Ümumilikdə 2020-2021-ci tədris ilində məktəbi bitirən 26 məzundan 15-i tələbə adını qazanmış, biri 9 illik təhsil bazasından, 3-ü 11 illik təhsil bazasından olmaqla 4 məzun məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.  Ucqar dağ kəndində yerləşən elm-təhsil ocağının 3 məzununun 600-dən artıq bal toplayaraq yüksək nəticə göstərməsi İsmayıllı Rayon Təhsil Şöbəsinin və ümumilikdə təhsil ictimaiyyətinin diqqəti mərkəzindədir. Hər il İsmayıllı Rayon İcra hakimiyyəti və İsmayıllı Rayon Təhsil Şöbəsi İmtahanlarda uğur qazanmış məzunları müvafiq hədiyyələr, fəxri-fərman və təşəkkürnamələr ilə təltif edirlər. Ən-ənəvi olaraq bu il də İsmayıllı Rayon Qalacıq bələdiyyəsi tərəfindən məktəbin yüksək nəticə göstərmiş məzunların hər birinə pul mükafatı təqdim olunub. Göstərilən diqqət və qayğının nəticəsidir ki, məktəbin nəaliyyət göstəriciləri günü-gündən artmaqdadır. Qazanılan uğurlar göstərir ki, bu gün Qalacıq kənd tam orta məktəbində geniş dünyagörüşlü, savadlı, qəlbində Vətən sevgisi artmaqda olan vətəndaşlar kimi tərbiyə olunan, əsil vətəndaşlar yetişir.

Gənc direktorun işinə sevgi və yüksək məsuliyyətlə yanaşması nəticəsində bundan sonra da məktəbin böyük uğurlar qazanacağına ümidvarıq.

Şahməmməd Soltanov

 

 

 

 

 

 

Şərh Yaz