Həmyerlimiz idarə heyətinin sədri seçilib                      

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun təşviqi üzrə ardıcıl tədbirlər görülür.

“Mediasiya haqqında” Qanuna uyğun olaraq Mediasiya Şurası yaradılıb, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində mediasiya prosesinin tətbiqinə dair maarifləndirmə və təşviqat işləri aparılır.

Eyni zamanda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul edilib. Avropa İttifaqı ilə birgə layihə həyata keçirilərək mediasiya üzrə təlimçilər hazırlanıb, beynəlxalq ekspertlər cəlb olunmaqla Akademiyada mübahisələrin alternativ həlli üzrə təlimçilərinin təlimi təşkil edilib.

Layihə çərçivəsində mediasiya təlimlərinə cəlb edilmiş 300-dək namizəd təlimləri uğurla başa vurub və onlara müvafiq sertifikatlar təqdim olunub. Hazırda müraciət etmiş digər şəxslərə mediasiya təlimlərinin keçirilməsi nəzərdə tutulur.

İyunun 30-da Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, qurumun rəhbər orqanına seçkilər keçirilərək İdarə Heyətinin tərkibi formalaşdırılıb.

Hüquq üzrə fəlsəfə doktoru, dosent, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, hüquqşünas olmaqla yanaşı, Nadir Adilov – Nadir Adilman həm də gənclərin işgüzar inkişafına kömək məqsədi ilə yazılmış bir neçə kitabın müəllifidir. Tənqidçilər və opponentləri onun bu kitablarını gənclərin biznes inkişafı və işgüzar addım kitabları adlandırırlar.

Nadir Adilman ölkəmizdə ən çox tirajla nəşlr olunan müəlliflər sırasındadır. Onun kütləvi tirajla nəşr edilən “Könüllülük: uğur formulu” (1-ci və 2-ci nəşr), “Gəncsən? Başla!” (1-ci və 2-ci nəşr) “Könüllünün öz/əl kitabı” (1-2-3-4-5-ci nəşrlər), “Biznesdə Korporativ Sosial Məsuliyyət” (1-2-3-4-cü nəşrlər), “O gələcək?!”, “Milyonçunun gündəliyi” kitablarının ümumi tirajı 100 mini keçir.

Nadir Adilmanın son əsərləri beynəlxalq satış üçün fransız, ispan, rus, ingilis dillərində də nəşr edilməkdədir. O, Azərbaycanda və xarici ölkələrdə nəşr edilən 150-yə yaxın elmi məqalənin və eyni zamanda ölkəmizdə nəşr edilən elmi monoqrafiyaların müəllifidir.
Həmyerlimiz 1977-ci ildə İsmayıllı rayonunda anadan olub. İsmayıllı şəhər 3 nömrəli orta orta məktəbinin məzunudur.

Rayon ictimaiyyəti və qəzetimizin oxucuları adından Nadir Adilovu təbrik edir, ona etimad göstərilən işdə uğurlar, nailiyyətlər arzulayırıq.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz