İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci tərəqqi yollarında      

        Haqqında söhbət açdığımız tədris müəssisəsi 2013-cü ildən fəaliyyət göstərən, gənclərin müxtəlif ixtisaslara yiyələnməsində müstəsna rolu olan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecidir.

Hamının bildiyi kimi, kollecin yaranmasının təşəbbüskarı 2013-cü ildən İsmayıllı Rayon İcra başçısı təyin olunmuş, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov olmuşdur (Allah rəhmət etsin).

O gündən bu günə kimi kollec qabaqcıl təhsil ocağı kimi ad qazanmış, bütün etimadları doğrultmuşdur. İsmayıllıda belə bir kollecin açılması və həmin müəssisədə qabaqcıl ziyalıların çalışması müəssisəni təkcə rayonumuzda deyil, respublikamızda da məşhur etmişdir.

Deyərdim ki, institut və texnikumlarla müqayisədə kollecin üstün cəhətləri çoxdur. Bu gün institut və texnikumları bitirənlər demək olar ki, işlə tam təmin olunmurlarsa kolleci bitirənlər üçün sahələrdə iş yerləri var, onlar sərbəst bitirdikləri ixtisaslar üzrə tezliklə iş tapıb işləyə bilirlər. Bununla yanaşı kolleci yaxşı və əla qiymətlərlə bitirənlər öz sahələri üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.

Kollec yarandığı ilk vaxtlar İsmayıllı Peşə Tədris Mərkəzində, bir qədər sonra isə İsmayıllı Rayon Uşaq Xəstəxanası kimi tanıdığımız ərazidə yerləşdirilmişdir. Uzun müddət təmir, bərpa işləri aparılmayan bu köhnə bina, bərbad vəziyyətdə və baxımsız qalmış bir sahədə idi…

Rayon rəhbərliyinin, Təhsil Nazirliyinin və kollec rəhbərliyinin səyi ilə binalar tam təmir olundu, ərazisi yenidən qurulub abadlaşdırıldı və kollec kimi fəaliyyətə başladı

Hal-hazırda da binanın digər korpuslarında da təmir işləri gedir.

Bu gün əminliklə deyə bilərik ki, kollec tərəqqi yolundadır. İlk fəaliyyəti zamanı 11 ixtisas üzrə fəaliyyət göstərirdisə, hazırda bu təhsil müəssisəsi 14 ixtisas üzrə mütəxəssis hazırlayır.

Kolleci müvəffəqiyyətlə bitirən gənclərə subbakalavr diplomu verilir. Bu günə kimi kolleci bitirmiş çoxlu sayda gənc respublikamızın müxtəlif bölgələrində peşəkar mütəxəssislər kimi çalışırlar. Məzunlar İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecini minnətdarlıqla xatırlayırlar.

Kollec həyəti başdan-başa güllük, yaşıllıq, bağ-bağatdır. Buraya ilk dəfə daxil olan hər kəs bir anlığa özünü gözəlliklər diyarında zənn edir. Bura bir təhsil ocağı olmaqla yanaşı, sanki cənnətin bir güşəsidir.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin uğurları da dillərdə dolaşır. Hamı burada səmimi bir kollektivin formalaşdığını söyləyir.

Kollecin direktoru, dosent Kəmalə xanım Süleymanlı ilə görüşüb rəhbərlik etdiyi təhsil ocağından yazı yazmağı bildirəndə söylədi ki, əslində, bizə həvalə edilmiş işi görürük, çalışırıq ki, rayonumuzu yüksək səviyyədə təmsil edək. Rayonumuz bu sahədə nümunə olsun və kollektivimiz haqqımızda xoş sözlər söylənilsin. Kollecin direktoru ilə söhbətimiz çox maraqlı alındı. İş otağında kollecin dünəni və gələcək qayğıları barədə apardığımız səmimi fikir mübadiləsindən belə qənaətə gəldim ki, müasir təhsilin öncüllərindən olan bu qabaqcıl müəssisədə yenilikçilik ön plana çəkilib.

K.Süleymanlı haqlı olaraq birinci növbədə şəraitin yaradılmasından, pedaqoji kollektivin formalaşmasından, fəal təlim üsullarının mahiyyətindən, müasir tələblərə cavab verən yeni bir mühitin yaradılmasından danışdı. Qeyd etdi ki, ilk addımlarımızı atdığımız gündən kollecdə geniş tədris və iş proqramı hazırladıq. Yaradılan işçi qrupunun köməyi ilə kollecdə yeni təlim metodları ilə açıq dərslər təşkil etdik, bu işə bütün fənn müəllimlərini qoşduq. Təcrübəli pedaqoqlarla, mütəxəssislərlə  məsləhətləşmələr apardıq. Qısa zaman ərzində kollecdə genişmiqyaslı tədbirlər hazırlandı. Kollecdə daxili nəzarətin yeni imkanlarını müəyyənləşdirdik. Müəllimlərin metodiki hazırlıq səviyyəsini, xüsusən ayrı-ayrı fənlərin tədirisini vaxtaşırı izləmək, öyrənib təhlil etmək, müəyyən mənada “özünə nəzarət”in çevik mexanizmini tətbiq etdik. Odur ki, kollecdə yaradıcı və qurucu bir mühit yarandı.

Təlim-tərbiyə işinin qiymətləndirilməsi üçün də ekspert qrupu yaratdıq, test tapşırıqları əsasında qruplarda yoxlamalar təşkil etdik. Tələbələrin bilik səviyyəsini müəyyənləşdirdik. Onlarla apardığımız diskussiyalar, söhbətlərlə təhsilin keyfiyyətini yüksəltdik. Məqsədə nail olub, tam ixtisasını bilən, mənimsəyən kadrlar yetişdirdik və yetişdiririk.

Müsahibim danışığında tələbə şəxsiyyətinin formalaşmasında 25 nəfər inzibati, 56 nəfər tam ştat, 20 nəfər saathesabı olmaqla 101 nəfər müəllimin çalışdığı və 862 nəfər tələbənin təhsil aldığı kollecdə bu məsələyə ciddi fikir verildiyini, keçirilən ədəbi-bədii gecələrdə, diskussiyalarda, disput və konfranslarda tələbələrin fəal iştirak etmələrini, milli-mənəvi dəyərlərin təbliğinə, hərbi və hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsinə kömək edən rəngarəng tədbirlərin keçirilməsinin rolundan və tələbələrə şəxsiyyət kimi baxmaları barədə ürək dolusu məlumat verdi.

Onu da qeyd edək ki, müəllimlərin metodiki hazırlığını artırmaq üçün kollecin özündə hər cür şərait yaradılıb. Necə deyərlər, texniki baza tam formalaşıb. Kollecə yeni avadanlıqlar verilib, internet sistemi ilə əlaqə yaradılıb. Dərs prosesini izləmək üçün kameralar quraşdırılıb, yanğından mühafizə qurğuları qurulub, tyutor və müəllimlər müxtəlif kurslarda iştirak edirlər. Yeni korpus təmir olunub, istifadəyə verilmək ərəfəsindədir. Burada auditoriyalar, labaratoriya, inzibati və tibb otağı, müəllimlər və tələbələr üçün yeməkxana nəzərdə tutulmuşdur.

İmtahan tələbədən çox müəllim üçün imtahandır! Hər semestrin sonunda keçirilən imtahanlar kollecdə tam şəffaf və bütün müəllim kollektivinin iştirakı ilə keçirilir. Rəhbərlik üçün ixtisas qruplarının hazırlıq səviyyələri imtahanların nəticələrindən sonra tam aydınlaşır. Hər bir tələbənin imtahan nəticələri məlumat bazasına qeyd edilir, daha sonra qiymətləndirmə kitabçasına qiymətlər yazılır ki, hər bir ixtisas qrupunun vəziyyəti barədə konkret məlumat bazası yaradılır. İdarəetmənin də əsas üstünlüyü elə budur. Nəticələr tam aydındırsa, uğurlar da çox olur, çünki çatışmazlıqlar təhlil olunur və aradan qaldırılır.

– Kəmalə xanım, artıq yeni dərs ili ərəfəsindəyik. Söhbətə başlamazdan əvvəl ötən dərs ilinin yekunları ilə bağlı təəssüratlarınızı bölüşərdiniz.

– İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2020-2021-ci tədris ili ilə əlaqədar deyə bilərəm ki, geridə qoyduğumuz tədris ilində təhsilin distant qaydada təşkilinin yüksək səviyyədə təmin edilməsi üçün əlimizdən gələni etdik. Microsoft Teams proqramı vasitəsilə dərslərin keçirilməsini, bütün müəllim və tələbə heyətinin dərslərə qoşulmasını və imtahanların video yazısının saxlanılmasını təmin etdik. Həmçinin pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, mövcud qaydalara uyğun şəkildə tədbirlər, görüşlər, vebinarlar təşkil olundu. Çətin şəraitdə kollektiv olaraq tədris ilini müvəffəqiyyətlə başa vurduq.

– Təbii ki, təhsil ocaqlarımızın qarşısında duran başlıca vəzifə layiqli kadrlar yetişdirməkdir. Bu, rəhbərlik etdiyiniz kollecdə necə yerinə yetirilir? Hansı uğurlarınız olmuşdur?

– Bu gün hər bir azərbaycanlı aydın hiss edir ki, milli təhsilimiz günü-gündən yeniləşir. Bu yenilik təhsil sistemimizin bütün pillələrində özünü göstərir. Bu gün təhsil sistemində aparılan sistemli iş, məqsədyönlü fəaliyyət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaşlar yetişdirilməsinə layiqli töhvə vermişdir. Biz təhsil işçiləri gündəlik işimizdə aydın görür və əmin oluruq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsillə bağlı imzaladığı mühüm sərəncamların icrası ilə əlaqədar görülən tədbirlərin müsbət bəhrəsi ildən-ilə artır.

Bu gün İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində gənclərin şəxsiyyət kimi hərtərəfli inkişaf etdirilməsi, savadlı kadr kimi yetişdirilməsi, gələcəkdə mütəxəssislər olaraq təqdim olunması üçün səylə çalışırıq. 2013-cü ildə yaradılan kollec qəbula 11 ixtisasla başlamışdırsa, bu gün 14 ixtisas üzrə tələbə sayı 862 nəfərdən, 100 nəfərdən artıq müəllim və inzibati kadr heyəti gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olur. Bizim məqsədimiz kollecdə şəffaf və obyektiv təhsil mühiti yaratmaq, tədris işinin keyfiyyətini yüksəltmək, idarəetməni çevik və səmərəli formada tətbiq etməkdir. Uğurlarımız çoxdur. Qeyd etdiyim kimi, kollecə qəbul olunanların və kolleci Fərqlənmə diplomu ilə bitirənlərin sayı ildən-ilə artır.

– Son kurs tələbələri haqqında danışmağınızı istərdik. Onların kollleci qurtarmaları və müxtəlif sahələrdə yerləşdirilməsi hansı yollarla aparılır?

– Son zamanlar orta ixtisas müəssisələrinin tədris proqramlarının yenilənməsi ilə qərarlar verilməsi, onların əmək bazarına uyğun peşəkar kadrların hazırlanmasına istiqamətlənmiş fəaliyyət planı gələcəkdə gənclərin orta ixtisas təhsili müəssisələrinə marağının artmasına səbəb olacaq. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 may 2019-cu il N 230 nömrəli qərarına əsasən subbakalavrların qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmaları gənclərdə və onların valideynlərində orta ixtisas müəssisələrinə marağı artırmışdır. Məzunlarımızla əlaqə saxlayır, onların sonrakı fəaliyyətləri ilə daim maraqlanırıq. Deyə bilərəm ki, İsmayıllı Dövlət Humanitat və Texnologiya Kollecini əla və yaxşı qurtaran məzunların xoş sədaları öz ixtisasları üzrə qəbul olduqları ali təhsil müəssisələrindən, həmçinin çalışdıqları dövlət və özəl müəssisələrdən gəlir. Bu bizi çox sevindirir.

 

 

 

 

 

– Rəhbərlik etdiyiniz kolleci bitirən şəhid məzunlarınız və qazilər vardır. Bu barədə nə deyə bilərsiniz?

– Bu mövzuda danışmaq çətin olduğu qədər də qürurvericidir. 44 günlük Vətən müharibəsinin ilk günlərində  İsmayıllıya ilk şəhid kimi gələn kürdmaşılı tələbəmiz Əliyev Fərid Hamlet oğlu oldu. Bu qeyrət savaşında Diyallı kəndinin yetirməsi Lətifli Orxan Xancan oğlu, kollecimizi bitirmiş göyçaylı məzunumuz Həmidli Rəhim Ehtiram oğlu da torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir.  Onların hər biri göstərdikləri qəhrəmanlığa görə medallarla təltif olunub.

8 qazi tələbəmiz var. Onlar 44 günlük Vətən müharibəsinin ilk günlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak ediblər. Vətən müharibəsi qurtaran kimi kollecə qayıdıblar. Təhsillərini davam etdirirlər.

Qazi tələbələrimizi kollektiv xüsusi  diqqət və nəzarətdə saxlayır. Onların dərslərə hazırlığı, davamiyyəti və sağlamlığına daim maraq göstərilir və nəzarətdə saxlanılır. Vətən müharibəsində iştirak edib tədrisə qayıdan tələbələrimizlə bağlı kollecin Pedaqoji Şurası tərəfindən  bir sıra qərarlar qəbul edilib. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri güzəşt olunmuş, həmçinin onlar təqaüdlə təmin olunmuşlar. Cari ilin yaz imtahan semestri üzrə də həmin tələbələrimizlə bağlı Pedaqoji Şura tərəfindən bir neə qərarlar qəbul edilmişdir.

Vətən müharibəsi dövründə hərbi xidmətə çağırılan və hal-hazırda xidmətlərini davam etdirən tələbələrimizdən bir neçəsi Ali Baş Komandanımız tərəfindən 44 günlük Vətən müharibəsi dövründə “İgidliyə görə” və ərazilərimizin işğaldan azad olunması ilə bağlı  medallarla təltif olunub.

– Necə bilirsiniz, bu günün müəllimi necə olmalıdır?

– Müəllim dərsdə seçdiyi üsul və vasitələrdən həm də, öz qabiliyyəti, davranışı, geyim, danışıq tərzi ilə də tələbəni cəlb etməlidir. Tələbənin fərdi psixoloji vəziyyətlərini, onun maraqlarını tam, aydın bilməli, onun nailiyyət qazanmasına mane olan mənfi amilləri aradan qaldırmalıdır. Müəllim tələbənin duyğularına, qavrayışına, təfəkkür və təxəyyülünə, nitqinə birbaşa təsir etməyi bacarmalı, onu özünə inandırmalıdır. Tələbənin ixtisas yiyələnməsi ilə onun təlim-tərbiyəsində, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində müəllimin rolu böyükdür və bu ağır yükün cavabdehliyini daşıyır. Beləliklə, müəllim əlində çıraq, şəxsi qaranlıqdan aydınlığa çıxaran rəhbərdir. Müəllim özü şəxsi nümunə olmalıdır. Ziyalılıq nümunəsi göstərməlidir. Geyimi, davranışı və özünü aparmağı ilə fərqlənməlidir ki, təhsil verdiyi tələbəni də tərbiyə edə bilsin. Ulu öndərimiz Heydər Əliyev demişdir: “Mən dünyada müəllim adından yüksək ad tanımıram”.

Hesab edirəm ki, bu dünyada müəllim peşəsinə verilən ən dəyərli qiymətdir.

– Yeni tədris ilinə hazırlığınız necədir? Bu yeni tədris ilində hansı metod və üsullardan daha çox istifadə edəcəksiniz?

– Yeni tədris ilinə hazırlaşırıq. Ümid edirəm ki, ənənəvi təhsil bərpa olunar və tədrisin təşkilində daha səmərəli fəaliyyət göstərə bilərik. Kollecimizdə kənd təsərrüfatı və turizm yönümlü ixtisasların sayını artırmağı düşünürük. Bu məqsədlə növbəti tədris ilində üç yeni ixtisas – zootexnik, aqronom və qida təhlükəsizliyi ixtisasları açılıb. Əsas məqsədimiz daha sonra təhsilini bakalavr kimi davam etdirəcək tələbələrin nəzəri və praktik cəhətdən hazırlıqlı olmasını təmin etməkdir. Bu gün təhsil müəssisəmizdə illərini pedaqoji fəaliyyətə həsr etmiş, vicdanla, məsuliyyətlə çalışan müəllimlər fəaliyyət göstərir. Onlarla bir yerdə, kollektivin səyi və köməyi ilə Azərbaycanın ən nüfuzlu və seçilən təhsil müəssisəsi olmağa iddialıyıq.

Zamanın tələbini əks etdirən fikirlərə qüvvət olaraq biz də yüksələn xətlə inkişafda öz yolu, öz dəsti-xətti olan kollecin təcrübəsindən müəyyən məqamları sizlərlə bölüşdük. Qətiyyətlə deyə bilərəm ki, kollec tərəqqi yolundadır. Yaradıcı iş üslübları ən yaxşı nümunədir.

– İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci  haqqında verdiyiniz geniş məlumata və sullarımızı cavablandırdığınıza görə şəxsinizə qəzetimizin oxucuları adından və öz adımdan dərin təşəkkürümü bildirirəm.

– Fəaliyyətimizə göstərdiyiniz marağa və çəkdiyiniz zəhmətə görə çox sağ olun.

 – Siz də sağ olun. Sabahımızın daha uğurlu olması üçün əlimizdən gələni etmək vətəndaşlıq borcumuzdur.

Hacıməmməd Məmmədov

Şərh Yaz