Vətəndaşlara şəhadətnamələr veriləcək                           

İsmayıllı bələdiyyəsi üzrə vergi ödəyicisi olan fiziki şəxslərin qeydiyyata alınması işində önəmli əhəmiyyəti olan məsələnin həlli son mərhələyə çatdırılıb.

Belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin qeydiyyata alınmaları barədə nümunəvi şəhadətnamələr veriləcəkdir.

Vahid formada hazırlanmış şəhadətnamənin ön görünüşündə vətəndaşın kimliyi və vergi ödəyici kodu, arxa hissəsində isə yaddaş xarakterli qeydlər yer alıb.

İlk qeyddə vətəndaşa əmlak və torpaq vergisini Vergi Məcəlləsinin hansı maddələrinə əsasən ödəməli olduqları xatırladılır.

İkinci qeyddə vergilərin ödəmə vaxtları, eləcə də ödəmənin ləngidilməsinə görə elektron qaydada hesablanan faiz diqqətə çatdırılır.

Üçüncü qeyd mülkiyyət sahibinin dəyişdiyi halda şəhadətnamənin bələdiyyəyə müraciət etməklə yeni istifadəçinin adına hansı qaydalarla hazırlanması göstərilir.

Hazırlanmış şəhadətnamələr vergi ödəyicisi olan şəhər sakinləri ilə bələdiyyə arasında əlaqəyə müsbət təsir göstərməklə yanaşı, vergi mədəniyyətinin yüksəlməsinə də şərait yaradacaqdır.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz