Ruhuna həmişə minnətdar olacağıq                      

Ürəyimdə qəm notları üzərində “köklənmiş” bir nisgil, bir həsrət var, RUSLAN!!! Çünki çoxdandır ki, Sənin üçün, Sənə layiq (hərçənd ki, o sözlər çətin tapılar) ürəkləri titrədəcək söz tapmaq, yazmaq istəyirəm…

Ancaq sanki ürəyim qan gölünə dönüb: kağıza, qələmə yaxın düşə bilmirəm. Bilmirəm ki, o bənzərsiz “söz ilməsi”ni hardan başlayıb, harda qurtarım: Fikirləşdiklərim isə coşqun çay kimi elə hey axıb gedir. Çünki Sənin qısa- bahar ömrünə o boyda şərəfli tarix, qəhrəmanlıq hopub ki… Onu heç bir yazı ilə ifadə etmək, heç bir ədəbi əsərə sığdırmaq olmaz. Mən qan “gölü”ndə – ürəyimdə bəstələnəcək o, “nəğmə”yə yol tapmağa çalışıram.

Sənin aydın səma kimi göy gözlərini xatırlayanda Göytürklərin məşhur ifadəsi yadıma düşdü : “Göy üzü çadırımız, Günəş bayrağımız”, – deyirdilər onlar.

Bir az da dərinliyə gedəndə “Dədə Qorqud” dastanlarında əks olunan, bu günün “boyuna biçilən” bəzi məqamları andım: Sərhəd pozulanda gözətçi Bəkil yana-yana elin igid oğluna – Qazan xana ismarış göndərirdi: Özünü yetir, yetməzsən sərhəd pozular, qız-gəlinim əsir gedər.

Sənin göy gözlərin üçün də LAÇIN – VƏTƏNİN sərhədi, Göytürklərin: “Göy üzü çadırımız”, apardığın azadlıq müjdəsi isə: “Günəş bayrağımız”, ‐ ifadələrinə necə də uyğun gəlir!!!

Və döyüş dostların da deyirlər ki, sən şəhadətə qovuşanda, üzündə bir Günəş təbəssümü, bir Günəş nuru vardı. Sanki bu təbəssüm uzun illərin həsrətinə son qoyulduğuna görə, Vətənin bütövləşməsini görüb “qonmuşdu” o saf, təmiz, uşaq arzulu simana.

Eyni zamanda Qazan xan timsallı oğulların bugünkü nümayəndəsi!!! Sən də o möcüzəli qəhrəmanların cərgəsində Canın, Qanın bahasına Vətən sərhəddini bütövləşdirib bizi illərin xəcalət hissindən qurtarıb heysiyyatımızı özümüzə qaytarmadınmı?!!

Sözsüz ki, Sənin kimi oğulların qəhrəmanlığı heç vaxt unudulmayacaq.

Ancaq bu gün də Səni xüsusi xatırlamamaq olmaz. Çünki qoynunda qəhrəmancasına son nəfəsini verdiyin Vətən torpağının sərhədi – Azərbaycanın igid oğullarının canı, qanı bahasına xilas olunan LAÇININ bayram günündə Sənin də ruhuna minnətdarlıq, qürur hisslərimiz sonsuz, bitməz- tükənməzdir. Qəlbimizdə dünyanın ən böyük təltiflərinin fövqündə duran qəhrəmanlıq heykəlin ucalıb. Dünyanın heç bir tufanı, boranı bu qeyrət heykəlini uçura bilməyəcəkdir!!!

Hələlik isə Azərbaycan üçün, Laçın üçün bu unudulmaz gündə deyirəm: Gözün aydın olsun, əbədiyaşar ruhuna həmişə minnətdar olacağımız qədim və ulu bir yurdun – İsmayıllı torpağının mərd yetirməsi, igid oğlumuz – polkovnik-leytenant RUSLAN TAĞIYEV!!!

Rəna Mirzəliyeva

Şərh Yaz