Bütün yollar Qarabağa aparır!                     

Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Ölkə başçısı bu məqsədlə martın 15-də xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Füzuli və Xocavənd rayonlarında olub. Bildirib ki, bu yolun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Başlanğıcını Şuşa ilə Füzuli arasındakı “Zəfər yolu”ndan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan yol 4 hərəkət zolaqlı olacaq, müəyyən hissələrində avtomobil körpüləri inşa ediləcək.

O da qeyd olunub ki, bu, azad edilmiş torpaqların bərpası istiqamətində həyata keçirilən layihələrdən biridir. Belə ki, Bərdə-Ağdam yolunun çəkilişi də yaxın gələcəkdə icra ediləcək, Horadizdən Zəngilana qədər yol salınacaq.

Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun da təməlini qoyub. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Burada da hərəkət 4 zolaqlı olacaq, yolboyunca avtomobil körpüləri tikiləcək.

Göründüyü kimi, müharibədən cəmi 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlayıb.

Sevindirici haldır ki, Qarabağda yol infrastrukturuna dair layihələr Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması ilə eyni zamanda həyata keçirilir. Ölkədə və ümumən Qafqazda turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edən bu işlər İsmayıllı üçün də yeni uğurlar vəd edir. Rayonumuzun turizm potensialı daha da artır, tranzit ərazi kimi rolu böyüyür. Şübhə etmirik ki, bunlar ərazinin sosial-iqtisadi və mədəni inkişafına daha yaxşı təsir göstərəcək. Fəxr edirik ki, İsmayıllıdan keçən yollar Qarabağa aparır!

id Hüseynov

Şərh Yaz