Şanlı ordumuz xalqı qalib, gözügötürməyənləri kor etdi

Prezident İlham Əliyev böyük Qələbəni Azərbaycan Ordusunun əzmkar əməyinin nəticəsi kimi bir daha dünyaya xatırladır. Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransında qeyd edilib ki, müzəffər ordumuz vəzifəsinin öhdəsindən məharətlə gəlib, ərazi bütövlüyümüzü bərpa edərək hədəfinə çatıb.

 

Vaxtilə dəyirmi masalarda dünya ölkələrini regionda sülhün bərpasına dəstək olmağa çağıran Azərbaycanın bu gün zəfər taxtında bəyan etdiyi qürur dolu mesajlarını anlamamaq mümkün deyil. Torpaqların danışıqlar yolu ilə deyil, hərbi yolla azad edildiyini xatırladan Prezident İlham Əliyev ədalətsiz siyasət yürüdən, onilliklər ərzində Azərbaycanın haqqına vecsiz yanaşan beynəlxalq siyasi qüvvələrin faydasızlığını ifşa edir, onlara tənbehli dərs verir.

 

Mətbuat konfransında Azərbaycanın döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdiyi, düşməndən şəhidlərimizin intiqamını danışıq masalarında deyil, döyüş meydanında aldığı bir daha vurğulanıb. Qələbənin qısa müddət ərzində əldə olunması Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı və fədakarlığının nəticəsi kimi xatırladılıb.

 

Ölkə başçısı bildirib ki, uzunmüddətli istehkamlardan savayı təbii relyef də çətinlik törədir. Hərbçilərimizin sal qayalara aşağıdan dırmaşdığı, düşmənin müdafiə xətlərini yardığı xatırladılıb, bütün bu məharətlərin böyük hazırlıq və peşəkarlıq olmadan  qeyri-mümkün olduğu bildirilib. “Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır” – Prezident deyib. Ali Baş Komandan zaman keçdikcə məxfilik qrifinin götürüləcəyini və informasiyanın daha çox olacağını da vurğulayıb.

 

Əvvəllər müharibələrdə iştirak etməyən ordumuzun topladığı yeni təcrübə də böyük uğur hesab olunur və düzgün nəticə çıxarılmağın vacibliyi qeyd edilir. Müharibə dövründə müəyyən çatışmazlıqların olması və həlli də təcrübənin bir hissəsi kimi qəbul olunur.

 

O da vurğulanıb ki, vahid komandanlıq və planlaşdırma olmadan qələbənin əldə olunması mümkünsüz olardı. kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları və kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları arasında düzgün kombinasiya qələbəyə gətirib çıxarıb. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri böyük şücaətlər göstəriblər. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar.

 

Göründüyü kimi, dünyanı uzun illərlə haqqa, ədalətə çağıran Azərbaycan bu gün ədaləti diqtə edən tərəfdir. Ölkəmiz Ermənistan ordusu üzərində qələbə qazanmaqla beynəlxalq ədalətsizliyə də dəmir yumruq zərbəsi endirmiş oldu. Müharibə dövründə də cinayətkarı müdafiə etmək siyasətindən əl çəkməyən bəzi dövlətlər “jurnalistləri”ni prokuror ittihamları ilə sazlayıb ölkəmizə göndərməkdən də çəkinmədilər. Bu gün Azərbaycan yenə də beynəlxalq medianın qarşısındadır, qələbənin təntənəsini bəyan edir, gözügötürməyənlər kor olur.

 

Səid Hüseynov

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz