Azərbaycanın siyasi arenada mövqeyi birmənalı, müttəfiqləri ilə yürütdüyü siyasət isə hər zaman səmimi olub

Məlumdur ki, ölkəmizin yerləşmiş olduğu region geosiyasi, strateji və iqtisadi baxımdan Dünyanın siyasi xəritəsində önəmli yer tutur. Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın maraqlarını önə çəkmək əsas olaraq götürülür.

Ölkə başçımız İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransında Azərbaycanın Ermənistanla müəyyən şərtlər daxilində müttəfiqlik etməyə hazır olduğunu xatırladır. Ermənistan tərəfi onlar üçün ən məqbul seçimin 10 Noyabr Bəyanatındakı şərtlər olduğunu dərk etsələr, düşdükləri rəzil durumdan tədricən qurtara bilərlər.

Bəli, Azərbaycan hər zaman müttəfiqləri ilə səmimi olub, onun xarici siyasətində gizli məqamlara yer qalmayıb. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır. Unutmayaq ki, Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə hər zaman sadiq qalıb. Dövlətimiz müxtəlif təşkilatlarda səsvermə zamanı ədalətli qərarlar verərək qərəzsiz mövqe nümayiş etdirib. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan qonşu ölkəmiz olan Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyünü dəstəkləyib və həmin ölkələr tərəfindən də doğma Azərbaycanımızın ərazi bütövlüyü dəstəklənib.

Qürurverici haldır ki, bu gün Azərbaycan Qafqaz regionunda ən qüdrətli müttəfiqə, lider dövlətə çevrilib. Bütün məsələlərə Dövlətimizin özünün çox aydın baxışı, ədalətli yanaşması var və qarşılaşdığı bir çox çətinliklərə baxmayaraq, öz imicini qoruyub saxlaya bilib.

Əminik ki, zamanın və tərəfdaşlarının sınağından üzüağ çıxmış mövqeyi, müttəfiqləri ilə apardığı ardıcıl siyasət gələcəkdə daha böyük uğurlara vəsilə olacaq.

Ülviyyə Zeynalova,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

 

Şərh Yaz