And yerimiz olsun                  

Tariximizi şagirdlərimizə hər zaman sevə-sevə öyrədirik. Məqsədimiz onlara vətənpərvərlik hisslərini aşılamaq, vətənpərvər şəxsiyyətlər yetişdirməkdir.

Qazandığımız Zəfər bunun bariz nümunəsidir ki, 27 sentyabrda başlanan 44 günlük müharibəyə gedən könüllülərimiz böyük şücaət göstərməklə bir daha sübut etdilər ki, biz Vətən üçün hər an canımızdan keçməyə belə hazırıq. Təki Vətən sağ olsun!

Məktəblərimizdə mütəmadi olaraq Azərbaycanımızın mərd, igid oğullarının döyüş yolunu əks etdirən tədbirlər, görüşlər keçirilir. Qəhrəmanlıq səlnaməsi əks olunan video-çarxlar hazırlanır, şeir, rəsm, inşa-yazı müsabiqələri, hərbi-idman oyunları keçirilir.

İndiki şəraitə uyğun olaraq bu tədbirlər onlayn keçirilir və məktəblərin facebook səhifələrində paylanmaqla ictimailəşdirilir.

Çalışdığım A.Aslanov adına 2 nömrəli tam orta məktəbində sinif otaqlarında şəhidlərimizin şəkillərindən ibarət fotoguşələr yaradılıb.  IV B sinfinə Aprel şəhidi Mikayıl Vahabzadənin adı verilib.

Qərara gəlmişik ki, məktəbimizdə “Zəfər otağı” da yaradaq və bu təşəbbüsə rayonun məktəbləri də qoşulsun. Həmin otaqlarda cənab Ali Baş Komandanımızın, Prezidentimiz İlham Əliyevin çıxışları, qəhrəman oğullarımızın – hərbçilərimizin, könüllülərimizin, müharibədə iştirak edən məzunlarımızın haqqında əldə olunan məlumatlar cəmlənsin.

Bunu o məqsədlə etmək istəyirik ki, məktəbə ilk qədəm qoyan şagirdlərimiz məhz o otaği ziyarət etməklə təhsilə başlasınlar və məktəbi bitirənlər də həmin “Zəfər otağı”nda and içərək müstəqil həyata qədəm qoysunlar.

Ümidvaram ki, məktəblərimizdə yaradılan bu cür otaqlar şagirdlərimizlə yanaşı, müəllimlərimiz üçün də and yeri olacaqdır.

Təranə Məmmədova

Şərh Yaz