Virusla mübarizə ümumxalq işidir       

Bu gün dünyada həyati önəm daşıyan pandemiya şəraitində ölkəmizin təhsil müəssisələri dövlət siyasətinin prioritet sahəsi kimi həm dövlətin, həm də əlaqədar qurumların diqqətindədir.

Yanvar ayında Azərbaycan Təhsil Naziri Emin Əmrullayevin keçirdiyi brifinqlərdə xüsusi karantin  rejimi dövründə təhsil müəssisələrində COVID-19 infeksiyasının profilaktikasına dair göstərişlər və hüquqi baza nəzərə alınmaqla mərhələ şəkildə təhsilin bərpası məslələrinə aydınlıq gətirdi.

İsmayıllı Rayon Təhsil Şöbəsi onlayn pedoqoji şura iclası keçirərək I-IV siniflərdə tədrisin əyani formada mərhələli təşkili ilə bağlı ümumtəhsil məktəbləri rəhbərlərinə xüsusi tapşırıq verdi.

Yoluxma proqnozuna əsaslanaraq kifayət qədər ehtiyatlı addımlar atmaqla təhsil müəssisələri fevral ayının 1-dən fəaliyyətlərini davam etdirəcəklər.

Bu məqsədlə İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey və 5 nömrəli tam orta məktəblərində xüsusi-tibbi -profilaktik tədbirlər görülüb. Məktəbin həyətində məsafə xətləri  çəkilib (1.5 m olmaq şərtilə). Dərsə davamiyyət cədvəlləri xüsusi qaydalara uyğun tənzimlənib. Təhsilverənlər üz sipəri, tibbi maskalar və  əlcəklərlə təmin edilib. Məktəblərdə müvafiq qoruyucu vasitələrindən dezinfeksiyaedici və gigiyenik məhlullardan istifadə edilir, pandemiya təsirlərinin azaldılması üçün digər qabaqlayıcı tədbirlər həyata  keçirilir. Belə ki, məsafədən ölçən termometrlər vasitəsilə məktəbin girişində hərarət ölçülür, spirt və gigiyenik vasitələrlə əllər dezinfeksiya edilir. Məktəbin sanitar-gigiyena qovşağının qarşısında məsafə  işarələri qoyulub, bu da şagirdlərin təmas məsafəsi saxlamalarına yardımçı olur. Sinif otaqlarında partalar tələb olunan qaydada, pandemiya şərtlərinə uyğun düzülüb. Məktəblərdə xüsusi komissiyalar yaradılıb ki, bu da pandemiya rejimi qaydalarına xüsusi nəzarət edir.

Təhsil işçiləri, təhsilverənlər və valideynlər həyati təhlükə daşıyan Covid -19 virusuna qarşı mübarizədə  böyük məsuliyyət daşıdıqlarını yaxşı anlayır və bu missiyanın öhdəsindən layiqincə  gəlməyə böyük səy göstərirlər. Yoluxma hallarının qarşısını alınması məqsədilə gələcəkdə qabaqlayıcı tədbirlərin və psixoloji dəstəyin həyata keçirilməsi işini intensivləşdirməyi nəzərdə tutublar. Bəşəriyyət üçün ciddi problem yaradan bu virusla mübarizə ümumxalq işidir.

Rafiq Həsənov

Şərh Yaz