Sizi heç vaxt, heç zaman unutmarıq       

Ayrılmaz, əbədi oldu onlar. Qovuşdu iki şəhid – iki  dost, iki qonşunun ruhu. İlk sözü Mikayılım dedi. Qələbəyə bünövrə qoydu, yol açdı Aprel döyüşlərinə. Mikayıl ilk baharda, yaz çiçəkləri açanda getdi. Əşrəfin ilk bahar gülləri isə son baharda soldu. Gənc ömürləri, yarımçıq qalan arzuları kimi. Hər iksinin qədəri şəhidlik oldu.
Ön sözü deyən Mikayılım öndə gedənlərdən oldu. Sonda isə Əşrəfim Qələbə çaldı. Vətən torpağını, xarı-bülbülü düşmən tapdağından xilas etdi. Əşrəfin ən çox sevdiyi güllərdən idi xarı-bülbül.

Kim bilərdiki Girdimanın sahilində böyüyən bir körpə günlərin birində şəhid olacaq xarı-bülbülü əsirlikdən qurtarmaq üçün.
Kim idi Əşrəf? Ağıllı, mehriban, gülərüz, namuslu, gözəl ailə tərbiyəsi görmüş, elini, obasını Vətənini sevən bir oğul. Özündən başqa hamını düşünən, ailəsi üçün çalışan, balaca qardaşları üçün canından keçən. Son məktublarındada birində yazmışdı: “Qardaşlarımdan muğayat olun!”
Hər ikisinin usaqlıq illəri gözlərimin önündə keçib. Axı qonşu idik. Hər ikisi yara vurdu qəlbimə. Amma Əşrəf aldı neçə neçə-neçə şəhidin qanını, Mikayılın intiqamını, əmisi Elyarın qisasıni. Atası kimi qorxmaz, qəhrəman, igid oğul idi Əşrəf. Bu ailə zaman-zaman həyatın sərt üzünü görmüşdü. Əmisi Elyar da Vətən  torpaqlarının işğaldan azad olması uğrunda vuruşub, can qoymuşdu.
Əşrəfin atası Elman da Birinci Qarabağ müharibəsinin neçə illik od-alovundan qəhrəmancasına, qorxmadan keçmişdi.
Yeri gəlmişkən, qeyd edim ki, Birinci Qarabağ müharibəsində kəndimin ogulları – Elyar, Elman, Əlif, Tahir, Fərman mərdliklə vuruşmuşlar. Əliflə Fərman o müharibənin qaziləridirlər. Tahirin oglu Teymur, Elmanın oğlu Ziyalı, Adil, Saleh, Cavad, Tural Vətən müharibəsində vuruşmağı özlərinə borc bildilər.
Əşrəfin şəhid olması bizi çox sarsitdi. Dərdi ovunmaz oldu. Pərişan oldu bibiləri və bu, ailəyə gələn faciənin ən ağır ürək yarası oldu. Bu acılara dözmək, tab gətirmək o qədər də asan deyil. Bu yazını yazmaq da çətin oldu mənim üçün.  Adam öz övladının şəhidliyi barədə necə yazar, necə?
Əşrəfin məzarına yaxın iri bir qovaq ağacı var. Bir gecədə tökdü yarpaqlarını. Nələri görmədi bu qoca qovaq? Dilə gəlib sanki o da: “Qoca kötüklər üstündə cavan budaqlar doğrayan dünya”, – dedi. Utandı elə bil yaşından, qamətindən, dibində tökülən göz yaşlarından.
Çayın sahilində, üçrəngli bayraqlar altında uyuyur Əşrəfim. Azca aralıda, uca bir təpədə isə Mikayılımın məzarı üstə dalğalanan bayraqlar dalğalandıqca sanki biri-birinə əl yelləyir, salamlaşırlar. O bayraqların ucalığı, dalğalanması üçün qeyrətli oğullarımız şəhid oldular. Bayraqsız, şəhidsiz Vətən olurmu?

Sizinlə qarsılaşardım tez-tez. İndi isə şəkilləriniz aparır məni sizli xatirələrə. Mənim əziz balalarım. Qədim  Maçaxı kəndinə, doğma yurda yeni tarix yazan körpələrim. Mənə qüvvə, hünər verən, məni bu çətinlikdən çıxaran sizin ruhunuz oldu. Yolları, ürəkləri bəzəyən məgrur səkillərinizi gördükcə qəhərlənirəm, mənim körpələrim. Uyuduğunuz torpaq and yerimiz, qibləgahımz olub, Vətən oğulları. Sizi heç vaxt, heç zaman unutmarıq.
Zərifə Səmədova,

Maçaxı kəndi

Şərh Yaz