Zəfər soraqlı tədbirlər  

Azəbaycan Respublikası Təhsil Nazirinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmrində qeyd edildiyi kimi, 2020-ci ilin sentyabr ayının 27-də təcavüzkar erməni silahlı qüvvələrinin uzun illər işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatları dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi. Bu isə Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına və tarixi qalibiyyətlə qurtarmasına təkan verdi.

Şuşa şəhərinin və ölkənin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Ordumuzun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədilə təsdiq olunmuş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks olunması haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planından irəli gələn vəzifələrin icrası ilə bağlı İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən 18 noyabr 2020-ci il tarixində Təhsil müəssisələrinin rəhbərləri ilə onlayn qaydada videkonfrans keçirilmişdir. Videokonfransda təhsil müəssisələrinin direktor, direktor müavinləri və Uşaq Birliyi Təşkilat Rəhbərləri də iştirak etmişdir. Konfrans iştirakçılarına əmrin mahiyyəti haqqında məlumat verilmiş, görüləcək işlərin istiqamətləri barədə izahat işləri aparılmışdır. Bununla bağlı əmr bütün təhsil müəssisələrinə çatdırılmışdır.

Eyni zamanda tərbiyə işi sahəsində çalışanların, sinifdənxaric və məktəbdənkənar iş üzrə təşkilatçıların və Uşaq Birliyi Təşkilatı Rəhbərlərinin onlayn seminarı keçirilmiş, qarşıda duran vəzifələrin mahiyyəti geniş izah edilmişdir. Təhsil Nazirinin həmin əmrlə təsdiq edilmiş Fəaliyyət planına uyğun olaraq Rayon Təhsil Şöbəsinin məktəblərlə birgə Tədbirlər planı hazırlanmış və təhsil müəssisələrinə göndərilmişdir. Hər bir təhsil müəssisəsi də pedoqoji kollektivlə, sinif rəhbərləri isə şagirdlərlə onlayn görüşlər təşkil etmiş və geniş maarifləndirmə işləri aparmışlar.

“Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması məqsədi ilə ümumtəhsil məktəblərində fənlər üzrə onlayn qaydada metodbirləşmə iclasları təşkil edilmiş, həmin iclaslarda Rayon Təhsil Şöbəsinin ayrı-ayrı fənlər üzrə metodistləri də iştirak etmiş, ixtisas müəllimlərinə tövsiyələr verilmişdir. Noyabr, dekabr vəyanvar ayları ərzində rayonun ümumtəhsil məktəblərində adı çəkilən mövzuda dərslər tədris olunmuş, bütün fənlərin tədrisinə həmin istiqamətdə mövzular inteqrasiya edilmişdir.

Qarabağın və işğaldan azad edilmiş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət və ənənələri, musiqisi, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. haqqında məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlər, dəyirmi masalar, mühazirələr, sərgilər, yaradıcılq müsabiqələri təşkil olunmuşdur.

“Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ…” layihəsi üzrə Qarabağ folklorunun toplanmış materialları üzrə təqdimatlar olmuş, “Musiqimizin beşiyi” layihəsi üzrə Qarabağın bəstəkar və xanəndələrinin,”Qarabağ ədəbiyyatı” layihəsi üzrə məşhur sənətkarların həyat və yaradıcılığına həsr edilmiş videoçarxlar hazırlanmışdır.

Məktəb kitabxanaları tərəfindən onlayn sərgilər təşkil edilmiş, Qarabağ mövzusunda müxtəlif yaş qrupları üzrə kitab müzakirələri, diskussiyalar keçirilmişdir.

Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliğini ardıcıl həyata keçirmək üçün ayrı-ayrı məktəblərdə şagirdlərlə onlayn dəyirmi masalar, videokonfranslar, videomühazirələr təşkil edilmiş, ”Pandemiyanın psixoloji və fiziki sağlamlığımıza təsiri” adlı ən yaxşı təqdimat müsabiqəsi keçirilmişdir. Xüsusi ilə Vətən müharibəsi dövründə əsgərlərimizin rahat şəkildə döyüşlərdə iştirakını təmin etmək üçün arxa cəbhədə olan insanların mənəvi və fiziki sağlamlıqlarının qorunmasının əhəmiyyəti haqqında şagirdlərlə söbətlər aparılmışdır.

“Vətənin qəhrəman oğulları” mövzusunda çox və əhəmiyyətli tədbirlərin keçirilməsinə daha geniş diqqət yetirilmişdir. Məktəblərin foyelərində və görməli yerlərində şəhidlər üçün guşələr, stendlər təşkil edilmiş, kiçik abidələr ucaldılmış, onlar və qazilərimiz haqqında hissi-duyğulu videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə yayımlanmışdır.

“Çağırışaqərki hazırlıq” fənninin tədrisi və vətənpərvərlik tərbiyəsinin dərslərdə təbliği rəhbərlik tərəfindən nəzarətə götürülmüş, “Ən yaxşı hərbi marş” və “Ən yaxşı hərbi mahnı” ifaçısı müsabiqələri keçirilmişdir.

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə Gənclərin Çağırışaqədərki hazırlığı dərslərində və dərsdənkənar vaxtlarda onlayn qaydada geniş tərbiyəvi söhbətlər aparılmışdır.

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq dərslərində hərbi-idman oyunlarının əhəmiyyəti barədə məlumatlar verilmişdir. Karantin rejimi başa çatdıqdan sonra “Şahin”, “Cəsurlar” və s. kimi hərbi-idman oyunlarının keçirilməsi nəzərdə tutulmuşdur.

“Mənə də silah verin, Ali Baş Komandanım!” layihəsi çərçivəsində əsgər və zabitlərlə məktəblilərin görüşlərinin təşkili və ədəbi-bədii kompozisiyaların təqdimatı təşkil edilmişdir. Rayonumuzdan olan Vətən müharibəsinin qaziləri ilə şagirdlərin onlayn görüşləri təşkil edilmişdir.

Rayonun ümumtəhsil məktəblərində yaş qrupları üzrə şagirdlər arasında “Qarabağ Azərbaycandır!” layihəsi üzrə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir. “Əsgərə məktub“ layihəsi çərçivəsində döyüşən əsgərlərimizə məktubların ünvanlanması, “Ordum varsa, Yurdum var!”, ”Şuşa, biz qayıtdıq!”, ”Könlüm keçir Qarabağdan…” mövzularında inşa yazı müsabiqələrinin keçirilməsi təşkil edilmiş, vətənpərvərlik mövzusunda şeir və mahnı onlayn müsabiqələri keçirilmiş və hazırlanmış videoçarxların sosial şəbəkələrdə yerləşdirilməsi təmin olunmuşdur.

Tədbirlər planına uyğun olaraq, görülmüş faydalı işlər sırasında hamının ürəyincə olan məsələlərdən biri də “Qarabağ həqiqətləri” mövzusunda şagird təqdimatlarının ingilis, fransız, alman və rus dillərində hazırlanması və sosial şəbəkələrdə yayımlanmasıdır.

Bütün bunlar məlum əmrlə bağlı təhsil müəssisələrimizdə həyata keçirilən tədbirlərin cüzi bir qismidir. Daha əhatəli və böyük ruh yüksəkliyi ilə hazırlanan Zəfər soraqlı tədbirlərimiz davam edir.

Rəna Mirzəliyeva

Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz