Gənc nəslin ən ümdə vəzifəsi

Sizə bir qəhrəman Vətən övladı haqqında yazmaq istəyirəm. Bu qəhrəman ki, daim vətən sevgisi, torpaq eşqi ilə alovlanırdı. Şəhid Ülvi Şakir oğlu Müseyibli 27 noyabr 1991-ci ildə İsmayıllı rayonunun Xəlilli kəndində müəllim ailəsində anadan olmuşdur. Ülvi tərbiyəsi, ağlı, bacarığı ilə hamının sevimlisi olmuşdu. O, 1998-2009-cu illərdə Xəlilli kənd tam orta məktəbində təhsil almışdır. Ona dərs deyən müəllimləri Ülvinin çox vətənpərvər şagird olduğunu qeyd edirdilər. 2010-cu ildə  Azərbaycan Milli Ordusunun sıralarında  xidmət göstərən qəhrəmanımız hərbi xidmətdə də öz şücaət və bacarığını göstərmişdi. Vətən torpaqlarının düşmən tapdağı altında qalması qeyrətli vətən oğulları kimi Ülvinin də qürurunu incidirdi. Odur ki, Vətən müharibəsi başlayan ilk günlərdən heç bir tərəddüd etmədən, könüllü olaraq döyüşə yollandı. Bu, Ülvinin aldığı tərbiyənin bir təcəssümü idi. Axı Ülvi illərdir gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan bir müəllimin ailəsində böyüyüb boya-başa çatmışdı. Atası Şakir müəllim oğlunu döyüşə yola salarkən övladının gözündəki inamı, əzmi görəndə qələbənin çox yaxında olduğunu hiss etdiyini deyir.

Ülvi cəbhənin Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı öz qoçaqlığı ilə seçilən əsgər qələbəyə çox inamla addımlayırdı. Noyabr ayının 5-də Xocavənd istiqamətində gedən gərgin döyüşlər zamanı başından ağır yaralanan əsgərimiz qəhrəmancasına həlak olur. İgid Azərbaycan oğlu Ülvi Müseyibli müqəddəs şəhidlik zirvəsinə ucaldı. Ülvini gənc yaşında itirmək hamımıza ağır olsa da, onun bu müqəddəs zirvəyə yüksəlməsi fəxr hissi ilə anılır. Anası Qətibə xanım oğlunun cismən yoxluğunu çətinliklə qəbul etsə də onun belə yüksək şəhidlik zirvəsinə ucaldığından çox qürurla danışır. Belə övlad böyüdən, bu gün başını dik tutub məğrur dayanan valideynlərin qarşısında baş əyirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Ülvi Müseyibli göstərdiyi şücaət və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, “Füzulinin azad edilməsi” medalı, “Xocavəndin azad edilməsi” medalları ilə təltif olunmuşdur.

Bu gün xalqımızın qazandığı tarixi qələbə Ülvi kimi qəhrəman, mərd Azərbaycan oğullarınının yarım qalmış ömürləri və arzuları bahasına əldə olunmuşdu. Bu qəhrəmanları xalqımız daim xatırlayıb, ehtiramla yad edəcək. Şəhidlərimizin müqəddəs ruhu qarşısında hər zaman borcluyuq. Onların xatirəsini əziz tutmaq gənc nəslin ən ümdə vəzifəsi olacaqdır. Allah Vətən müharibəndə həlak olan bütün şəhidlərimizə rəhmət eləsin.

Lalə Babayeva

Şərh Yaz