“İsmayıllı canavarı” ləqəbli baş kəşfiyyatçı şəhid Etibar Şirinov  

1993-cü il avqustun 27-də İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuşdur. Etibar 10-cu sinifə qədər İvanovka kənd orta məktəbində oxumuşdur. 2010-2011-ci illərdə Zaqatala rayonu Əliabad kənd mədrəsəsində həm dini, həm də orta təhsil almışdır.

2011-ci ilin oktyabr ayında hərbi xidmətə gedir. Hərbi xidmətdə olduğu müddətdə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin hazırlıq kursuna yazılır. 2013-cü ilin aprel ayında hərbi xidməti başa vurur.

2020-ci il iyul ayında erməni təcavüzkarlığı nəticəsində şəhid olan general-mayor Polad Həşimovun ölüm xəbərini eşidən Etibar dostlarına könüllü olaraq hərbiyə gedəcəyini deyir və SHXÇDXD-də qeydiyyatdan keçir. Vətən müharibəsi başlayan kimi müharibəyə gedir. Gedərkən bir kiçik torbaya torpaq yığıb özü ilə aparır: “Şəhid olsam öz torpağımız olsun üstümdə”- deyir. Və bir də evlərinin üst bucağında qoyulmuş üçrəngli bayrağı qatlayıb ürəyinin üstünə – döş cibinə qoyur: Bu bayrağı Şuşada sancacam, Azərbaycana tarix yazacağıq, siz bizi kitablardan oxuyacaqsız.

Anasına dediyi son cümlələr bir ananın yaddaşına, bir Ana Vətənin tarixinə əbədi yazılıb.

İgidliklə döyüşüb az vaxtda “İsmayıllı canavarı” kimi ad çıxaran qorxmaz döyüşçü arzusuna bir addım qalmış – Şuşa döyüşlərində şəhid olur…

… İlk döyüşlərə Horadizdə girir. Və həmişə də öndə gedir, dostlarına deyir ki, – Qorxmayın, minaya düşsəm, birinci mən öləcəm, siz geri qayıdarsız. Etibar evli olmasını belə gizlətmişdi. Sonra Cəbrayılın azad olunmasında yaxından iştirak edir. Daha sonra Zəngilan şəhəri və kəndlərinin azad olunmasında. Döyüş yoldaşı ilə ayağından yaralanır. Lakin geri çəkilmirlər. Komandir onlara qospitalda yatmalı olduqlarını bildirir, tibbi xidmətdən imtina edirlər.

Etibar atasının I Qarabağ savaşında yarımçıq qalmış yolunu igidliklə davam etdirir. Atası 3 il döyüşdə olmuşdu, vetaran idi və atasının müharibə xatirələri Etibarın uşaqlığının ən maraqla dinlədiyi nağıllar olmuşdu. İndi Etibar atasının bəzən fəxrlə, bəzən kədərlə danışdığı o nağılların real qəhrəmanı idi, müəllifi idi, ancaq…

Müharibənin bitməsinə cəmi bir gün qalmış şəhidlik zirvəsinə ucalır: bir əlində gedərkən özü ilə apardığı üçrəngli bayrağımız, o biri əlində silahı…

Veteran atanın nağıllarına daha biri əlavə olunur, amma bu nağıl uydurma nağıllardan deyil: bu bir dastandır, Qəhrəmanlıq dastanı, Etibarın, yüzlərlə Etibarların, ünvanı məlum, qəhrəmanı məlum, 2783 şəhidin, yüzlərlə qazinin, döyüşçünün qanıyla, canıyla yazdığı qəhrəmanlıq dastanı…

Xatirə Əzizova,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

Şərh Yaz