Poçt rəisi xoşbəxtiliyi xalqına xidmətdə görür                       

Altmış doqquz illik ömründə bir vəzifə daşıyıb, çox mükafatlara layiq görülüb. Hamı onu poçt rəisi,  “Poçt Faiq“  kimi tanıyır. Bəli, hər kəs həyatda bir adla yaddaşlarda qalır… Faiq Bayramov da bu adla  – poçt sahəsindəki bilik və bacarığına görə yaddaşlarda qalacaq.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi uğurlu, sosial-iqtisadi strategiya bütün sahələrdə olduğu kimi rabitə və yüksək texnologiyalar, o cümlədən poçt sektorunda da müasir mərhələdə dinamik inkişafına yüksəlməkdədir. Əsasən ənənəvi xidmətlər göstərən poçtun fəaliyyət sahəsinin genişləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə son illər çox sayda dəyişikliklər edilmiş, o cümlədən Mərkəzi Bank tərəfindən poçt şöbələrinə lisenziya verilmişdir. Qanunla ənənəvi poçt xidmətlərindən bağlamaların, məktubların, banderolların, teleqramların qəbulu və çatdırılmasını, eləcə də daxili və beynəlxalq pul  köçürülmələri qəbulu və ödənişi, kommunal ödənişlərin qəbulu, xarici valyutanın alqı-satqısı və bir çox bank-maliyyə xidmətləri 1 saylı şəhər poçt şöbəsində də uğurla həyata keçirilir.

Dağlıq Qarabağda aparılan genişmiqyaslı əks-hücüm əməliyyatı ilə bağlı möhtərəm Prezidentimizə təbrik məktubu ünvanlamaq üçün 22 oktyabr 2020-ci il tarixində bu poçt şöbəsində oldum. Oradakı əhval-ruhiyyəni, əsgərlərimizə göndərilən məktub və bağlamaları, eləcə də Faiq Bayramovun təşəbbüsü ilə vətənpərvər insanlarımızın Azərbaycan Respublikası Silahlı qüvvələr fonduna həvəslə yardım köçürmələrinin şahidi oldum.

İnsanlar əməllərinə görə iki qismə bölünürlər. Faiq Bayramov da birinci qism insanlar içərisində öncül yerlərdən birini tutur. Zahirən adi insanlardan fərqlənməyən, lakin maraqlı və zəngin daxili aləmi ilə çoxlarının rəğbətini qazanmış Faiq gözəl İsmayıllı torpağının yetirmələrindən biridir. Bu yurdun yetirdiyi sadə, qəlbi gözəl arzularla döyünən, qəlbində Vətənə qarşı sonsuz məhəbbət yaşadan bu insanı hər bir həmyerlisi tanımalıdır.

69 illik ömür yolunda bu qədər xeyirxah iş görmək, tanınmaq, sevilmək, insanların rəğbətini qazanmaq xoşbəxtiliyi hər kəsə nəsib olmur. Faiq Bayramov isə bu xoşbəxtliyin zirvəsindədir. O, bir rabitə işçisi, bir vətəndaş kimi həmyerlilərinin, vətən torpağının sevgisini qazanıb. İsmayıllı poçt filialının kollektivi onun haqqında həmişə xoş sözlər söyləyirlər.

Poçt filialının sabiq rəisi Söhbət Pənahov Faiqi İsmayıllının dağlarından ucalıq və paklıq, bağlarından yaraşıq, sularından şəffaflıq əxz etmiş xoşbəxt bir adam kimi tanıdığını deyir.

Ömrünün əlli ilini rabitə sahəsində çalışmaqla işinin vurğunluğu zirvəsinə ucalmışdır. O, vətənpərvərdir, ləyaqətli bir nəslin nümayəndəsidir.

Faiq 28 sentyabr 1951-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində halal əməyi ilə ad-san qazanmış, zaman-zaman gələn nəsillər üçün mənəviyyat, müdriklik örnəyi sayıla biləcək, hamının ehtiramla yad etdiyi Hacıəhməd kişinin övladıdır. Atasının bu zənginliyi Faiqin də daxili  aləmində silinməz iz buraxmışdır…

Onunla şəxsi münasibətim 1970-ci illərdən, “Zəhmətkeş” qəzetinə ştatdankənar müxbir təyin olunduğum vaxtdan yaranıb. Xasiyyət oxşarlığı, həyata, insanlara münasibətimizin eyniliyi aramızda isti münasibətə səmimi, təmannasız dostluğa çevrilib.

F.Bayramov İsmayıllı şəhər 1 nömrəli orta məktəbi 1970-ci ildə bitirib, həmin ilin sentyabrında ailəyə maddi kömək göstərmək üçün İsmayıllı Rayon Rabitə Qovşağının sabiq rəisinə işlə təmin olunmaq üçün müraciət edir. Səadət xanım (rəhmətlik) müraciəti nəzərə alıb onu şəhərin 1 saylı poçt şöbəsinə poçtalyon təyin edir. O da zəhmətkeşliyi ilə ailədən, kökdən gələn bacarığını tezliklə göstərir, insanlarla doğmalaşır, hamıdan xoş münasibət görür. Bir müddət poçtalyon işlədikdən sonra idarə tərəfindən Bakı şəhərindəki Rabitə Texnikumuna 2 aylıq ixtisasartırma kursuna göndərilir. Az sonra Faiq Bayramov həmin texnikumun qiyabi şöbəsinin poçt rabitəsi fakültəsinə daxil olur. Kursu bitirdikdən sonra yenidən işini davam etdirir. Poçt işinə aid kitabını həvəslə oxuyur, uzun müddət bu sahədə çalışan ağsaqqalardan –  Musa və Şükür kişidən çalışdığı sahənin incəliklərini öyrənir.

1971-ci ilin sonlarında Səadət xanım Faiq Bayramovun bacarıqlı rabitəçi olduğunu nəzərə alıb, onu 1 saylı şəhər poçt şöbəsinin rəisi təyin edir.

Faiq məndən əvvəl mərhum qardaşım Ağaməmməd müəllimlə, elə o vaxtdan gənc şair kimi tanınan Şahməmməd Dağlaroğlu ilə dost olub. Onların bu dostluq münasibətləri mənə də öz təsirini göstərib. Aradakı səmimiyyət bu gün də bizi bir-birimizə bağlayıb. Ömür vəfa edərsə, bu dostluq davam edəcəkdir. Peşəsinə sonsuz sədaqət bəsləyən, həyatının mənasını onda görən Faiq Bayramov bacarıqlı, savadlı rabitəçi kimi rayonda hamının diqqətindədir, çalışdığı kollektiv tərifindən sevilir.

Keçmiş rabitə işçisi İkram Ağayevin dili ilə desək, İsmayıllı poçt şıbəsində işləyən hər bir işçi Faiqi “Poçt işinin müəllimi” kimi tanıyır. İşə qəbul olan gənc işçilərin Faiq Bayramovun şöbəsində təcrübə keçməsi İsmayıllı rabitəsinin ən nümunəvi iş prinsipi olub və davam edir. Şöbənin əməliyyatçısı Narxanım Çələbiyeva onun haqqında xoş sözlər söyləyir:

– Faiq qeyri-adi qabiliyyəti, şəxsi keyfiyyəti hesabına hər birimizin sevimlisidir. O, kollektivdə nüfuzlu söz sahibidir. Uzun illərdir ki, bir sahədə çalışırıq, çox nümunəvi, sadə insandır. Peşə borcuna daim məsuliyyətlə yanaşır, peşəsinə şərəf gətirir, xoşbəxtliyini el-obasına xidmətdə görür. Əməliyyatçı işləyən N.Cəbiyeva bu kollektivdə çalışıb işləməsindən məmnun olduğunu söyləyir. Rabitə işi adından bəllidir. Kimlərinsə xoş arzularını ünvana çatdırmaqdır. Belə insanların işi əvəzsiz sərvətdir. Hər əməlində insanlıq, vicdan saflığı duyulan Faiq zəngin axtarışları, peşəsini kamil bilməsi onu arzu etdiyi mərtəbəyə qaldırıbdır. Millətinə fayda vermək amalı ilə rabitə işçisi işlədiyi müddətdə qazandığı hörmət onun əsl ziyalı olduğunu göstərir. Odur ki, bütün ismayıllılılar onu çox sevir. Rabitə işinin inkişafına yönələn iş metodlarını həvəslə öyrənir. İşlədiyi illərdə çoxlu sayda Fəxri fərmanlar, pul mükafatları və döş nişanları ilə təltif olunub. 1 saylı şəhər poçt şöbəsində olduğumuz zaman ağsaqqal Heybət Balayev də şöbədə idi. Faiq haqqında yazı yazmaq istədiyimizi biləndə söylədi:

– Onu çoxdan tanıyıram, əmək fəaliyyətinə yaxşı bələdəm. İnsani kefiyyətlərini şəxsiyyətində birləşdirən bu sadə insan gördüyü xeyirxah işləri ilə rayonda lazımi mövqe qazanmışdır. Fəaliyyətini xüsusiyyətinə xas tərzdə görür. Peşəkar iş təcrübəsinə malikdir. Çəkdiyi zəhmət öz layiqli qiymətini almışdır. Əhali arasında böyük hörmətə malikdir.

Şəhər sakini Fəxrəddin Çələbiyev də söhbətə qoşuldu:

-Faiq həyatda düzgün yol seçmiş adamdır. O, öz ömrünü ömürlərə qatıb, bilik və bacarığını heç kəsdən əsirgəməyib. Vətəninə, xalqına vicdanla xidmət edir. Müxtəlif mükafatları olsa da, ən böyük mükafatı – xalqın ona olan sevgisidir. Faiq bənzərsiz insandır. Ona can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayıram.

Müasir texnologiyanın tətbiqi ilə əhaliyə bütün növ poçt xidmətlərinin yüksək səviyyədə göstərilməsi, nəzarətin təmin edilməsi və operativliyin artırılması üçün poçt göndərişlərinin elektron sistemində qeydə alınmasına diqqət yüksəkdir. Poçt kollektivi vətəndaşlara: Müştəri hər zaman haqlıdır, – deyimini əsas tutaraq xidmət göstərir. Onların ərizə və şikayətlərinə həssaslıqla yanaşırlar. Görülən işlərin nəticəsidir ki, şikayət və təkliflər kitabına baxarkən, vətəndaşların yalnız təşəkkür, minnətdarlıq yazdıqlarının şahidi oldum. Kollektivin işə bağlılığı, peşəkarlığı, etik davranış qaydalarına əməl etməsi poçt xidmətlərinin geniş miqyasda artırılmasına və müştəri məmnunluğuna imkan yaratmışdır. Bütün bunlar F.Bayramovun işinə ciddi yanaşmasından irəli gəlir.

Faiq, dünyada ən gözəl ad, xalqın dilində səslənən yaxşı adamdır, ifadəsi olduğunu siz də bilirsiniz. Dövlət başçısının poçt sektoruna göstərdiyi diqqət və qayğı fəaliyyətimizin tələb olunan səviyyədə qurulmasına kömək edir. Nümunəvi poçt xidməti göstərilməsi üçün fəaliyyətimizi artırır. Odur ki, bu gün daha çox imkanlarımızdan istifadə edərək yüksək səviyyədə xidmət göstərməyə çalışırsınız. Faiq dostlarla, yoldaşlarla deyib-gülən olsa da, ailədə çox ciddi və tələbkardır. Övladlarına nə qədər böyük sevgisi olsa da, hisslərini heç vaxt biruzə vermir. Üç övladı, beş nəvəsi var. Qayğısını və nəvazişini onlardan əsirgəmir. Çox böyük və kövrək ürəkli insandır. O, böyük ömür yolu keçən peşəsindən, sənətindən zövq alan insandır. Elə buna görə də rabitəyə olan həvəs kiçik oğluna da sirayət edib. O da atasının bitirdiyi texnikumun məzunu olub və 15 ilə yaxındır ki, rabitə sisteminin ən mühüm və məsuliyyətli idarəsi olan Mərkəzi Xüsusi Rabitə İdarəsinin İsmayıllı Rayon Xüsusi Rabitə Məntəqəsinin rəisi vəzifəsində çalışır.

Mənalı bir ömrün 69 ili geridə qaldı. Qarşıdakı illərdə də sevinc, uğur səninlə olsun, “Poçt Faiq”!

Hacıməmməd Məmmədov

Şərh Yaz