Ömür bahar olmasa da…                        

 

 

Dünyanın ömürölçəni öz işindədir, nə günlər aya gənəşir, nə aylar ilə.  Hərə öçax-çaxındadır. Və beləcə, ilk baxışda səssiz-səmirsiz  keçən illər bizi sürətlə dünənimizdən, qayğısız uşaqlığımızdan, doyumsuz gəncliyimizdən ayırır. Ömür  az qala hiss etdirmədən gəlib keçir, bizə ancaq ötən günləri xatirələrdə yaşatmaq qalır. Ömrün payızında isə bu xatirələr elə payız xəzanını  andırır – bitmək, tükənmək bilmir.  Bu yaşda xatirələr yaşanan və bir daha təkrarlanmayacaq ömrün ən böyük təsəllisi olur.

“Gülü burnunda” oğlan olduğu illərdən tanıdığım, pedaqoq, şair, yaxşı yoldaş, sadiq dost, ən əsası hər yaşda, hər başda həmişəki Xalıq olaraq qala bilən Xalıq Xalıqov da bu gün – ömrünün növbəti onilliyini  yola salmaqda olduğu bir dönəmdə xatirələrə daha çox  dalır.

X.Xalıqov 1950-ci il dekabrın 9-da özü demiş, istəmədən, özündən asılı olmadan bu dünyaya gəlib. Əgər bu gəliş özündən asılı olsaydı, əcəba sonu gec, ya tez əbədi gediş olan bu dünyaya gələrdimi, görən? Kim bilir, bəlkə də yox. İnsanın dünyaya gəlişi bir cür dərd, gedişi başqa bir ələm. Hər halda  şair qardaşımız nə isə bilir ki, belə deyir. Bəlkə elə buna görədir ki, Xalıq bu dünyanın dərd-sərindən uzaq olduğu illəri – orta məktəbi bitirən gün əlvida dediyi uşaqlığını  günün günorta çağı belə əli çıraqlı həmişə axtarıb, haraylayıb, amma…

A mənim nağıllı, dəcəl çağlarım,

Nədəndir siz məni atıb getdiniz?

Nə tez qanadlanıb quşcuğaz kimi

Uçub uzaqlara, uçub getdiniz?

Xalıqın dediyinə inansaq heç bilməyib ki, uşaqlığı nə vaxt gəlib, nə vaxt gedib. Hara, niyə getdiyini bilmədiyi uşaqlığının ardınca baxa-baxa bir də görüb ki,  orta məktəb məzunudur. Stalin adına İsmayıllı orta məktəbinin birinci sinfinə qəbul olunub, şəhər 1 saylı orta məktəbin məzunu olub. İki  il dalbadal çox arzuladığı bir instituta qəbul oluna bilməyib, bir müddət əhaliyə məişət xidməti kombinatında mühasib köməkçisi işləyib, bir müddət meşə sənaye kombinatında fəhlə. Axır ki, boş dayanmayıb. Bekar gəzmək, Tanrının misqalla verdiyi ömür  payını hədərə xərcləmək uşaqlıqdan şakəri olmayıb. Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində cəmi bir il oxuyandan sonra institutu tərk etməyinin yeganə səbəbi də elə ömrü hədər yaşamaq istəməməyindən qaynaqlanıb – bu ixtisas ürəyindən olmur, bir ömrü itirməkdənsə, bir ili itirməyi üstün tutur. Və elə həmin il  iki ərizə yazır Xalıq, birinci ərizə ilə öz xoşuyla institutdan ayrılır, ikinci ərizə ilə könüllü olaraq hərbi xidmətə gedir. Əsgərlikdə olduğu illərdə BAM-ın tikintisində iştirak edir. Hərbi xidmətdə olarkən – yemək, yatmaq, sabah nə, necə olacaq suallarından çox-çox uzaq olduğu o iki ildə düşünməyə gen-bol vaxtı olur. Düşünür, daşınır  və qərarını verir. Hərbi xidmətdən gəldiyi il  planlaşdırdığı kimi, sənədlərini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna verir. Qəbul olunur və ömrün heç də uşaqlıqdan geri qalmayan daha bir neçə unudulmaz ilini yaşayır. Yaxşı tələbə dostları, otaq yoldaşları var idi. Yaxşı oxuyurdu və yenə şeir yazırdı. Şeir  Xalıqın uşaqlıqdan yol yoldaşı, sirdaşıydı, ürəyindəkiləri kimsəyə deməz, sadəcə lal sətirlərə tökərdi. Rayonda çıxan “Zəhmətkeş” qəzetinin nəzdində fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinin ta ilk məşğələdən iştirakçısıydı. Şeirləri həm orta məktəbdə oxuduğu dövrdə, həm əsgərlik illərində, həm də tələbə ikən daim  mətbuatda dərc olunardı.

Müəllim kimi ilk iş yeri Quşencə kənd orta məktəbi olur. 1981-1983-cü illərdə bu məktəbə rəhbərlik edir. Sonra 4 il rayon qiyabi orta məktəbinin direktoru işləyir. 1987-ci ilin sentyabrından ta iş həyatına “əlvida” dediyi günədək – düz 23 il Rayon Uşaq Yaradıcılığı Mərkəzinin direktoru işləyib. Xalıq müəllimin rəhbərliyi dövründə Mərkəzdə 70 dərnək var idi. Bura cəlb olunmuş məktəblilərin əl işləri hər il respublika baxış müsabiqələrində ilk 3 yerlərdən birini tutardı. Modelçilik dərnəyinin üzvləri isə adətən, ya birinci, ya ikinci yerdə qərar tutardılar. Mərkəzin nəzdindəki “Fidan” xalq çalğı alətləri ansamblının  və bədii qiraət dərnəyinin üzvləri rayonda keçirilən irili-xırdalı əksər tədbirlərdə  fəal iştirak edərdilər. İsmayıllı toylarında çalıb-çağıran yüzlərlə gənc  Mərkəzin nəzdindəki bu ansamblın yetirməsidirlər.

Xalıq müəllimi təkcə işinə yox, həm də iş yerinə bağlı bir insandı. Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina ötən əsrin səksəninci illərində tikilmişdi və arxitektura baxımından respublikada analoqu olmayan bir binadır. Lakin illərlə əsaslı təmir edilmədiyindən tamamilə yararsız hala düşmüş, hətta qəza vəziyyətində olan binalar siyahısında yer almışdı. Xalıq müəllim o illərdə ömrünün bəlkə də ən narahat, ən qayğılı günlərini yaşadı, döymədiyi qapı, müraciət etmədiyi məsul şəxs qalmadı. Ancaq nəticə olmadı ki, olmadı. Axır ki… eşidildi… axır ki, səsinə səs verən oldu:  Xalıq müəllimin itən ümidləri dirçəlməyə başladı: qonşu rayonlarda, ümumilikdə, respublikada gedən çox böyük sosial-iqtisadi inkişaf  axır ki, İsmayıllıya da sirayət etdi. Yeni binalar tikildi,  yollar təmir edildi və… ömrünü vaxtsız-vədəsiz başa vurmaqda olan Uşaq Yaradıcılığı Mərkəzinin binası da daxil olmaqla bir çox belə tikililər də ikinci baharını yaşamağa başladı.

2009-cu ilin yayında Uşaq Yaradıcılığı Mərkəzinin binası əsaslı şəkildə təmir olundu, hətta yenidən tikildi desək, bəlkə daha doğru olar. Və bununla Xalıq müəllimin çiynindən sanki tonlarla yük götürüldü. Axı özü demiş,  “23 illik həyat arkadaşı” gözlərinin önündə dağılıb sıradan çıxırdı…

Bir onu deyək ki, iş sahəsində Xalıq müəllimin tək arzusu bu binanın təmiri idi. O da oldu. Xalıq müəllim hər arzusunu reallaşdırmağı bacaran adamdır. İllər ona, o arzularına üstün gəlməyi bacarıb.

Bu gün Xalıq müəllim təqaüddə olsa da, rəhbərliyi dövründə fəaliyyət göstərmiş dərnəklərdə hazırlanan bir çox əl işləri Mərkəzin foyesini bəzəyir, respublikada keçirilən müsabiqələrin qalibi olur.

Mərkəzin məktəblilərdən ibarət “Fidan” instrumental ansanblının yetirmələri – respublikada kifayət qədər tanınan Kamilə Nəbiyeva, Mustafa Mustafayev, eləcə də İsmayıllıda və ondan kənarda keçirilən toy mərasimlərinin musiqi bəzəyini verən onlarla sənətçi bu ocaqdan pərvazlanmışdır.

O, bu kimi uğur və yeniliklərə, şad xəbərlərə ürəkdən sevinir. Qazanılan mükafatları ona verilmiş kimi qəbul edir.

X.Xalıqov savadına, xasiyyətinə uyğun bir xanımla – şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Telli Cəbiyeva ilə ailə qurub. Savadlı, tərbiyəli 3 övlad atasıdır, övladlarının 3-ü də ali təhsillidir.

Bütün bu illər boyu Xalıq müəllim qələmdən də ayrılmayıb, şeir onun daimi ömür yoldaşı olmuş, qəzetlərlə sıx əməkdaşlıq etmiş, yerli qəzetin və “Sovet kəndi” qəzetinin ştatdankənar müxbiri olmuş, çox sayda məqalə və felyetonlara imza atmış, oxuculara rus dilindən maraqlı tərcümələr təqdim etmişdir. Arada vaxt tapıb bu sahə üzrə təhsil də almış, iki illik Jurnalist Sənətkarlığı İnstitutunu  bitirmişdir. “İlk görüş” adlı şeirlər kitabı Xalıqın yaradıcılıq dünyasına qəzetlərdə dərc olunan qələm məhsullarından yaxından bələd olan oxucuları tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır.

Bu illər ərzində Xalıq Xalıqovun çox təltifləri olub. O barədə təvazökarlıq edib  “çooox”la kifayətlənsə də, iş yoldaşlarının, illərin sınağından çıxmış çoxsaylı dostlarının, ən əsası canı qədər sevdiyi ismayıllıların ona olan  hörmətini, bir səmimi salamını hər təltifdən üstün bildiyini hər kəlməsindən, üzünün bəxtəvər təbəssümə bürünmüş ifadəsindən anladım. Xalıq müəllim əslində çox haqlıydı, çünki el hörmətini, dost etimadını qazanmaq işin ən çətinidir ki, o bunu bacarıb. Bunun sayəsində də o həmişə, ömrün yeddici onluğunu da şəstlə qatlayıb yan cibə qoyanda da həmişə özü ola, həmişəki Xalıq ola bilib. Başdan-başa bahar olmayan ömrü özü üçün baharlaşdıra bilib. Qardaş, dost, həmdəm, yaşca ondan kiçik olsa da ustad bildiyi, canı qədər sevdiyi Oqtay İsmayıllını ağır bir gündə – ermənilərin Şuşanı paytaxt elan etdikləri  bir gündə itirib və məhz bu üzdən itirdiyini bilib, günlərlə, aylarla  bu itkiyə yanıb-qovrulub – ikinci bahar ömrünə qarsız qış çöküb. Amma… 44 günlük müharibə, QƏLƏBƏ, Şuşa o, ikinci baharını özünə qaytardı, Oqtayı qaytara bilməsə də. İndi dilində üç söz əzbər olub: Oqtaya ünvanlanmılş “kaş”, bu günləri – millətimizin başının millətlər içində uca olduğu günləri gördüyü üçün Ali Baş Komandana  ünvanlanan sonsuz minnətdarlıq və Tanrıya çatası “şükür” kəlmələri.

Belə… bəlkədə beləcə… hər ikisi qəbuldu… Çünki Xalıq belədə həyatından, bu günündən razıdı, beləcə də…

Və beləcə… yazıya son nöqtəni özündə vətəndaş, oğul Xalıqı birləşdirən şair Xalıqın halalca bir bəndiylə qoyuram, sadəcə son nöqtəni, son sözü yox, Xalıq haqqında deyiləsi o qədər söz var ki… onlar da qalsın 80-ə, 90-a!

Şəriki ol xoş arzunun, diləyin,

Qoy el olsun sənin arxan, köməyin,

Onunla qoy bir çırpınsın ürəyin,

Xalqı sevsən, sən xalqınla yaşarsan,

Onunla bir çağlayarsan, daşarsan.

Lətifə ƏLİYEVA,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz