Yaddas kitabcasi

Qəlbin harayı                                                    

 

Sadiq Babaoğlu

 

Poemadan parçalar

 

Bəllidir bu oyunun haqlısı, günahkarı,

Ürəyiniz deyəni diliniz desin barı.

Siz haqqı tanıyırsız, yoxsa ki, üsyankarı?!

Bizim bir yolumuz var, beynəlxalq hüquq yolu,

Günahkar qəbul etmir, qoltuğundadır qolu.

 

Prezidentim daima beynəlqalq hüquq deyir,

Başda oturanlara tarixlərdən dərs deyir.

İşverənlər, daşnaqlar, lobbilər beyin yeyir,

Beynəlxalq hüquq ilə normallaşıb bu dünya,

Paşinyan “Tiqran” – deyir, dünya onundur guya.

 

Prezidentim faktlarla, söylədi Nijde kimdir,

Nijde tərəfdaşları, elə Nijde kimidir.

Nə dəxli paşinyandır, sarkisyan, qaragendir,

Əməllər çıxar üzə, tarix sirri batırmaz,

İnsan oğlu yaşayar, qan üstündə oturmaz.

 

Görəsən Qarabağın nə qədərdir sahəsi,

Neçə rayonu vardır, nə qədər əhalisi?

Düşünsün həmsədrlər, düşündürür hər kəsi,

Bir ovuc ermənidir, torpaq azəri yurdu,

Bir əsgəri olmayıb, nə top-tüfəng, nə ordu?

 

Necə işğal etdi bəs, bu boyda Qarabağı, ətraf yeddi rayonu,

Azərbaycanlılar burda ötüb keçib milyonu.

Yox görən bu şeytanı, bu cini, xomelionu?!

Özünmüdafiə dəsdəsi, deyir hər gün efirlər,

Buncamı qüvvətlidir bu alçaqlar,  səfillər?

 

“Tiqran velikiy” – deyib, utanmır murdar  insan,

Onun kimi rəhbərləri boğazından asasan.

Daşnaqdan doğulmusan, sən quldursan, sən assasan,

Tarixlərdə kimim var, heç sənin xəbərin  yox,

Prezidentim önündə dayanmağa təpərin yox.

 

***

Görürsənmi, ermənidən danışmıram, söhbət gedir daşnaqından,

Mən bu xalqın özünü də qurtaracam vəhşilərin caynağından.

Yaxasını alacağam birdəfəlik lobbilərin qaynağından,

Guya yazıq, məzlumdur o, gör nə qədər yaltağı var?

Alçaq, satqın, mənfur, oğru, quldur kimi sorağı var.

 

Ermənidən söhbət getmir, torpağıma göz dikəndən danışıram,

Ermənistan böyütməkçün sərhədləri sökənlərdən danışıram.

Əllərində top-tüfəngi, qanımızı tökənlərdən danışıram,

Güya yazıqdır, məzlumdur o, nə qədər ki yaltağı var,

Alçaq, satqın, mənfur, oğru, quldur kimi marağı var.

 

Gözü yaşlı, qəlbi dağlı erməniylə nə işimiz, biz onlara toxunmarıq,

Körpəsinin, uşağının, qocasının günahı nə, qadınlara toxunmarıq.

Biz qan içən deyilik ha, tarixlərdə daşnaq kimi oxunmarıq,

Güya yazıq, məzlumdur o, gör nə qədər yaltağı var,

Alçaq, satqın, mənfur, oğru, adambaşı qorxağı var.

 

***

Torpağı al deyir, bilmirəm necə,

Nəvəm deyir bunu gündüz, həm gecə.

Babamdan atama qaldı bu yüklər,

Qorxuram, atam da bizləri yüklər.

 

Zəifsən söyləyib, suçlayır məni,

Nə bilsin, bu qədər bicdir erməni.

Tutub ətəyimdən cavab istəyir,

İşimi, gücümü, məni pisləyir.

 

Xəritə önündə, hər gün baxırlar,

Şuşanı, Ağdamı başa çaxırlar.

Oğlum, qızım deyir, sorur nəvələr,

Şuşa qayıtmasa baş verər nələr?

 

Çox kəlmə bilsəydim yəqin ki, mən də,

Muncuq tək düzərdim sözləri bəndə.

Cəbrayıl  haqqında deyilənləri,

Ağdama, Laçına zülm edənləri,

Bütün olanları çevirib nəsrə,

Dünyaya hay salıb, qatardım şeirə.

 

Zəifəm, gücsüzəm nəvə önündə,

Oğul, qız önündə, nənə önündə.

Bir qələmə çatır mənim gücüm də,

Qarabağ, İrəvan dilim ucunda.

 

Hər gün yuxularda təkrar edirəm,

Bu yolda ölümə, qana gedirəm.

Nə deyim onlara, sorur nəvələr,

Torpaq alınmasa baş verər nələr?!

 

***

Torpaq alınmasa dünyam  dağılar,

Çaylar məcrasından çıxar arxlanar.

Ağacı, dam-daşı kökündən qopar

Yer üzü çevrilər xarabalığa

Hər şey zəhər olar cana, sağlığa.

Heyvanlar cildini təmiz dəyişər,

İnsan vəhşiləşər, eybəcərləşər.

Nə ildırım çaxar, nə bulud ağlar,

Torpaq alınmasa,  dünyam dağılar!

 

Yer də məhvərindən çıxar, fırlanmaz,

Bir eldə, obada şam, ocaq yanmaz.

Ulduzlar çəkilib girər qınına,

Sevgilim fikir ver insan halına.

Nə günəşi çıxar, nə ayı batar,

Canlılar süstləşib əbədi yatar.

Nə yağış, nə də qar, göydən daş yağar,

Küsər birdəfəlik qayıtmaz bahar.

Bayquşlar sevinib deyər ağılar,

Torpaq alınmasa,  dünyam dağılar!

 

Əl göydən üzülər, ayaq da yerdən,

Qalmaz büllur buxaq, nə mina gərdən.

Bir soraq alınmaz nərdən, ərəndən,

Küsər Natəvanın ruhu, barışmaz,

Susar Vaqif sözü dinməz, danışmaz.

Üzeyir nəğməsi donar, açılmaz,

Bülbül zənguləsi qəlblərə axmaz.

Vulkanlar püskürüb, verər son qərar,

Torpaq alınmasa,  dünyam dağılar!

 

***

Yurdumuzun qız gəlini, ər oğlu

Vətən keşiyində polad, nər oğlu.

Düşmənin əlində qalmaz oba, yurd,

Biz türkük, oğuzuq, qıpçağıq, Boz qurd.

 

Düşməni salarıq bəndə, kəməndə,

Sancarıq bayrağı Şuşa, Xankəndə.

Ey şəhid qardaşım! Rahat yat sən də,

Rədd olub torpaqdan gedər dığalar,

Gəncləşər Qarabağ, yaram sağalar.

 

Yerin məhvərindən, göyün qatından,

Ulu babaların məğrur adından.

Vicdan dünyasından, qeyrət andından,

Qüvvət al, güc topla, çat muradına,

Əyilmək yaraşmaz sənin adına.

 

***

Bax, ölkəmin rəhbəri var, israrlıdır qərarında,

Alnı açıq, üzü ağdır millətinin qabağında.

Öz xalqının önündədir, ilin, günün hər anında,

Bir əmrini gözləyirik biz  Ali Baş Komandanın,

Qoy indidən düşünsünlər qəsbkarlar ölüm anın.

 

***

Ey daşlardan, dalğalardan, tufanlardan sızıb gələn cəsarətim, qalx ayağa!

Koroğludan, Cavanşirdən, Babəkimdən  axıb gələn məharətim, qalx ayağa!

Ululardan, Boz qurdumdan, totemimdən qopub gələn dəyanətim, qalx ayağa!

Torpağına, çaylarına  vurğun olan Azərbaycan məhəbbətim, qalx ayağa!

Prezidentim əmr verib ona əməl edərik biz,

Biz ölümə getməyəcək, öldürməyə gedirik biz!

Sadiq Babaoğlu

Şərh Yaz