Yaddas kitabcasi

Həlak olan hərbçilərimizin qisası alınıb, onların qanı yerdə qalmayıb                          

 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atıb. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtmək məqsədilə artilleriya atəşindən istifadə etməklə hücuma cəhd göstərib. Qüdrətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub. Onların canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər vurulub. Müdafiə Nazirliyinin yaydığı videolardan aydın görünür ki, ordumuz düşmənin hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirərək  düşmənin texnika və canlı qüvvəsini məhv edib.

Azərbaycanın dünya arenasında nüfuzu daim artır, diplomatik uğurlar əldə edilir, dövlət başçımızın irəli sürdüyü təşəbbüslər böyük dövlətlər tərəfindən dəstəklənir. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın səyi nəticəsində BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri eləcəcə də Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edirdi. Bu da çox çəkmədi ki, özünü göstərdi.

Ermənistan hakimiyyətinin getdikcə nüfuzunun enməsi onları təxribatlar yaratmağa yalan məlumatlar yaymağa, ictimaiyyəti çaşdırmağa məcbur edir. Tovuz istiqamətində gedən döyüşlərdə erməni tərəfinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub, əhali və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları kinayə ilə qarşılayaraq etiraz aksiyalarına başlayıblar.

Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə belə təxribatlar törətməklə çirkin əməlləri ilə yaranan problemləri gündəmdən çıxarmaq və çevrilişlə əldə etdiyi iqtidarına qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Bu cür təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Onların bu təxribatları xalqımız tərəfindən hər zaman hiddətlə qarşılanıb. Son vaxtlar sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhəyə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsi bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanımızın əmri ilə sərhədlərimizin keşiyində cəsarətlə dayanacaq.
Həlak olan hərbçilərimizin qisası alınıb və onların qanı yerdə qalmayıb, bundan sonra da qalmayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!

Şərh Yaz