Yaddas kitabcasi

İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri reyd keçirib                     

İsmayıllının dövlət strukturlarının rəhbərləri küçələrdə reyd keçirib, ictimaiyyətin koronavirus təhlükəsinə dair məsuliyyətini iş başında yoxlayıb. İcra hakimiyyətinin başçısı, prokuror, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərləri ticarət obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Küçə ticarətinə son qoyulması, antisanitariya yaradan halların təkrarlanmaması üçün xəbərdarlıqlar olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilib. Reyd zamanı 2 ticarət obyektinin sahibi qərarların məsuliyyətindən yayındığına görə cərimələnib. Digər bir obyektin fəaliyyəti müvəqqəti dayandırılıb.

Vətəndaşların diqqətinə çatdırılıb ki, karantin rejiminə aid məhdudiyyətlərin bir qismi mərhələli şəkildə yumşaldıldıqdan sonra “COVID-19” infeksiyasına yoluxanların sayı kəskin artıb. İctimai məsuliyyətin monitorinqi və xəbərdarlıqlar məhz vəziyyətin bu cür gedişatından, yoluxmanın İsmayıllıda artan təzahürlərindən irəli gəlir.

Reyddə İsmayıllı şəhərinin icra nümayəndəliyi, bələdiyyəsi və Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin əməkdaşları da iştirak edib.

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz