Xəstəliyə tutulub müalicə olunmuş canlı şahiddən… 

                             

Siçan üstə gələn il çox ağır günlərlə – soyuğun isti ilə əvəz olması, hərarətin birdən-birə dəyişməsi, çiçəklər üstünə qar yağması, yenicə pöhrələnmiş ağacların quruyub büzüşməsi ilə iqtisadiyyata böyük ziyan vuracağını büruzə verirdi.

Ramazan ayının başlamasına bir neçə gün qalmış Çində koronavirus adlı bir bəla kəskin sürətlə yayılmağa

başladı. Mənşəyi bəlli olmayan bu xəstəlik aprel-may aylarında  bütün dünyanı alovlandırdı. Yoluxmanın sayı günbəgün artdı, eyni zamanda bu xəstəlikdən ölənlərin sayı çoxaldı. Ölkə rəhbərləri həyəcanlarını gizlətmədən müxtəlif tədbirlərlə xalqlara xəbərdarlıq etdilər.

Ölkəmizin rəhbəri, Prezidentimiz cənab İlham Əliyev çoxsaylı çıxışlarında xalqımızın bu bəladan qurtulması üçün göstərdiyi çoxsaylı səylərə, etdiyi xəbərdarlıqlara baxmayaraq, bir çoxumuz bu virusun olmasına şübhə ilə yanaşdıq, laqeydlik nümayiş etdirdik, cürbəcür fikirlər, rəylər səsləndirdik.

Hazırda bu yazının müəllifi, 56 illik tibb işçisi təcrübəmə baxmayaraq bu xəstəliyə tutulub müalicə olunmuş canlı şahid kimi bu xəstəliklə bağlı həqiqətləri sizlərə açıqlayıram.

Bu xəstəlik virus olaraq yaxın məsafədə təmasda olanlara ildırım sürəti ilə keçir.  Feldşer kimi hərarəti qalxmış qonşuma tibbi yardım göstərməyə çağırılmışdım. Ağzımda maska, əlimdə əlcək də vardı. Müayinədən sonra təcili yardıma müraciət olunmanın vacibliyini bildirdim. Təcili yardım analizlərinin nəticələri həmin ailənin 8 üzvünün, eləcə də onlardan mənim xəstəliyə tutulmamı təsdiqlədi. Ailənin bütün üzvlərini Ağdaş Pandemiya Xəstəxanasına, məni isə Qobustan RMX-nin pandemiya şöbəsinə yerləşdirdilər. Xəstəliyə şübhə ilə yanaşan palata yoldaşlarım ilk yardıma tabe olmaq məcburiyətində qaldılar.

Kürəkdə, sinədə, başda şiddətli ağrılar, ağ ciyərlərdə pnevmaniyanın bütün əlamətləri – təngənəfəslik, ağrılı öskürək, oksigen çatışmazlığı, dad və iybilmənin tamamilə yoxa çıxması, iştahasızlıq, bütün qidalara biganə qalmaq, ümumi zəiflik, taqətsizlik xəstəni əldən salır. Ölümlə üz-üzə durduğunu hiss edirsən. Sanki bir düşmən kimi sənə səslənir: İnanmırdın, şübhə edib, heç nə yoxdur deyirdin. Dur qabağımda indi, dura bilirsənsə!

Gəncsənsə, immunitetin güclüdürsə, mübarizədə üstün gəlmə ehtimalın vardır. Yox əgər, yaşlısan və orqanizmində hər hansı xroniki xəstəlik varsa həyata qayıtmaq daha çox qüvvə tələb edir, yaşamaq şansı tükənə bilir. Dərinin tamamilə rəngini dəyişməsi də bu virusa tutulmanın əlamətlərindəndir.

Bəs belə olduğu halda qabaqlayıcı tədbir kimi niyə üzərimizə düşən sadə vəzifələri yerinə yetirmirik? Əlləri sabunla yumaq, maskadan istifadə etmək, əlcək taxmaq, boş-boşuna evdən çıxmamaq, ara məsafəni saxlamaq, karantim rejiminin digər tələblərinə əməl etmək. 6-9 və 14 günlük inqubasiya dövrünü mütləq gözləmək lazımdır.

Biz hər gün digər məlumatlardan savayı cənab Prezidentimizin ölkəmizi, onun vətəndaşlarını qorumaq üçün etdiyi çağırışları, keçirdiyi narahatlığı gördüyümüz halda niyə buna biganə qalmalıyıq? Əzizlərim, Prezidentimizin fikirlərinə qüvvət olaraq deyirəm: iradənizə sahib olun, sağlamlığınızı qoruyun.

Prezidentimiz sağlamlığımızın keşiyində göz qırpmadan duran tibb işçilərimizin saf əməllərinə verdiyi yüksək qiymət hər birimizə bəllidir. Bu gün ölkənin tibb personalı bir əsgər kimi sağlamlığımızın keşiyini çəkir, fədakarlıq göstərir.

Qobustan RMX-nın direktoru 39 yaşlı gənc, özünəməxsus dərəcədə saf, mərhəmətli səhiyyə sahəsində yüksək savada malik reonimotoloq  Rəsul həkim, (soyadlarını qeydə almadığım üçün üzürlü sayın) laboratoriyanın şöbə müdiri Rəşad, şöbənin laborantları – Aybəniz, Əsmər, Təranə, tibb bacıları Arzu Qayıblı, Afət Qədirova, Aynurə Qayıbova, kiçik tibb işçilərinə nəzarət edən Sədaqət  bir komanda olaraq nümunəvi xidmətləri ilə xəstələrin dərin hörmətini qazanıblar.

Xəstəxanada gün ərzində 4 dəfə – saat 8, 12, 16 və 22-də hərarətin, qan təzyiqinin ölçülməsi, ağ çiyərlərin fəaliyyəti üzrə müşahidə aparılır. Xəstələrin istirahəti üçün yaradılmış şərait olduqca qənaətbəxşdir. Xəstələrin qidalanması, təyinatların yerinə yetirilməsi Emin Hüseynlinin və onun gənc, işgüzar komandasının nəzərindən qaçmır. Xəstələrin müraciətləri dərhal dinlənilir və  müvafiq qaydada həll olunur.

Pandemiya xəstəxanasında xəstəliyin qarşısının alınmasında ən vacib olan şərtlərdən biri sanitar-gigienik qaydalara əməl olunmasıdır. Burada hər xəstə  diş fırçası və diş məcunu, sabun və şampunla, üzün təraş olunması üçün tam ləvazımatla təmin olunur. Xəstəxana respublikanın bir çox rayonlarından – Ağsu, İsmayıllı, Şamaxı, Qəbələ və Qobustandan daxil olan xəstələrə xidmət göstərir.

Azərbaycan xalqına bu çətin günlərdə Prezident cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı göz qabağındadır.

Hər birimiz göstərilən diqqətə cavab olaraq  Prezidentin çağırışlarına dəstək verməli, sağlamlığımızın təminatı üçün  olunan tələblərə, qoyulan qaydalara birmənalı şəkildə əməl etməliyik. Belədə bütün dünyaya sivil xalq olduğumuzu nümayiş etdirməklə öz sağlamlığımızın keşikçisi olmuş olduğumuzu sübut edərik.

İyun ayı tibb işçilərinin öz peşə bayramlarını qeyd etdiyi aydır. Cənab Prezidentin tibb işçiləri üçün  söylədiyi fikirlər hər birimizin ürəyindədnir:

– Siz həkimlərə, səhiyyə işçilərinə eşq olsun! Əlləriniz yorulmasın, uğurlarınız gündən-günə yüksəlsin. Bu xəstəliyin müalicəvi dərmanlarının, profilaktik peyvəndlərinin tapılması Azərbaycan həkimlərinə qismət olsun.

Bu bayram ərəfəsində fürsətdən istifadə edib müalicəmdə misilsiz zəhmətləri olan, fədakarlıqları ilə COVID-19 pandemiyasının virusuna tutulan soydaşlarımızı müalicə edib, həyata qaytaran Qobustan RMX-nin pandemiya şöbəsinin yuxarıda adı çəkilən əməkdaşlarına, eləcə də baş tibb bacısı Sənubərə,  texniki işçilərdən  Nübara, Gülnarəyə və başqalarına təşəkkür edib, can sağlığı arzulayıram.

Yazımın sonunda bildirmək istəyirəm ki, sözügedən pandemiya çox ciddi xəstəlikdir. Bunu şaiyə hesab edib,  diqqətsizlik göstərmək, həmin xəstəliyin yayılmasına rəvac verməkdir. COVID-19 pandemiyası ilə bağlı tələb və qaydalara birmənalı şəkildə əməl etməyinizi bu xəstəlikdən dövlətimizin qayğısı, fədakar tibb işçilərimiz yorulmadan çalışmaları sayəsində yaxa qurtarmış canlı şahid kimi sizdən xahiş edirəm. Bu xahiş, hər birinizə olan sevgi və hörmətimdən irəli gəlir. Özümüzü, əzizlərimizi, xalqımızı və bəşəriyyəti qorumaq hər birimizin insanlıq borcumuzdur.

Sovetxan Muradəliyev,

İsmayıllı rayonunun Quşencə kənd sakini, feldşer

 

 

 

 

 

Şərh Yaz