Yaddas kitabcasi

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ! Boş gördüyünüz torpaq sahəsi sahibsiz deyil

Heç bir şərt qoyulmadan zəbt olunmuş örüş sahələri əhalinin ümumi istifadəsinə qaytarılmalı, xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinə zəbt yolu ilə qatılan torpaqlar qanunamüvafiq şəkildə sənədləşdirilməlidir.

Ölkə ərazisində torpaqların elektron uçotunun aparılması, torpaqlardan səmərəli istifadə və sözügedən məsələ zəminində yaranan qanun pozuntuları və digər xoşagəlməzliklər səbəbindən bu mövzuya diqqət tam ciddiləşmişdir.

Rayon ərazisindəki çoxsaylı şikayətləri nəzərə alan İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi məsələnin həllində başlanğıc olaraq rayonun Quşencə və Qalınçaq kəndlərində, həmçinin Pirdinar ərazisində olub, örüş yerlərini qanunsuz çəpərləmiş sakinlərlə görüşüb.

Vətəndaşlara hərəkətlərinin qanunazidd olduğu izah olunduqdan sonra çəpərlər onları çəkənlər tərəfindən sökülüb, hərəkətə maneə məqsədilə qazılmış arxlar doldurulub.

Örüş yerlərini özbaşına zəbt etmiş, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərə qanunun tələbləri izah olunub.

Yerli bələdiyyə və icra nümayəndələrinin iştirakı ilə vətəndaşların diqqətinə çatdırılıb ki, bu cür əməllər, onlara şərait yaratmaq və ya göz yummaq tamamilə qanunaziddir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrini zəbt etməklə onlar Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 110 və 111-ci maddələrinin tələblərini pozublar. Bu da Azərbaycan Respublikası “Cinayət Məcəlləsinin 188.1 maddəsi ilə tənzimlənir.

Sözügedən məsələdə fərqli hallarda cərimə və cəzaların həddi barədə məlumatlar müvafiq qanunvericilik sənədlərində əksini tapmışdır.

Vətəndaşlara bildirilib ki, Qanuna əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmçinin, həyətyanı torpaq sahələri yalnız müvafiq icra qurumlarının rəyi və yerli bələdiyyənin keçirdiyi hərrac yolu ilə alına bilər. Digər formalarla torpaq sahəsi tutulmaları qanunlara hörmətsizlik və özbaşınalıqdır. Bir sözlə, bağışlanılmaz cinayətdir.

Odur ki, İsmayıllı rayonunda ümumi istifadə yerlərini, o cümlədən örüş yerlərini zəbt etmiş sakinlərə çəkdikləri çəpərləri sökmyi, həyətyanı sahəsinə zəbt torpaq əlavə edənlərə isə qanunun tələbləri əsasında sənədləşdirmə işi aparmaq üçün yerli bələdiyyələrə müraciət etməli olduqlarını  bir daha xatırladırıq.

İsmayıllı Rayon Bələdiyyələrinin Əlaqələndirmə Şurası

 

 

 

Şərh Yaz