Daha çox barama istehsalı gözlənilir

Kәnd Tәsәrrüfatı Nazirliyinin İsmayıllı Dövlәt Aqrar İnkişaf Mәrkәzi vә yerli icra hakimiyyәtinin tәşkilatçılığı ilә təsərrüfatın bu sahəsində təcrübəsi olan 51 ailəyə 180 qutuda barama qurdu paylanıb.  Bu məşğulluq rayonun 29 inzibati ərazisini əhatə edib.

Hər qutuda 19 qram qurd vardır. Otuz gün bəsləndikdən sonra qurdun bir qramından iki kiloqram yaş barama əldə olunması nəzərdə tutulur. Ötən il 150 qutudan 4 ton 205 kiloqram məhsul yetişdirildiyi halda, bu il 7 tondan çox barama istehsal olunacağı gözlənilir.
Bunlardan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son illər rayon ərazisində 37 min tut tingi əkilib. Builki qurdların 150 qutusu, həmçinin tinglərin 26 mini Çindən gətirilib, qalanları yerli növlərdir.
Bütün bu işlər ölkə rəhbərliyinin göstərişləri ilə, həmçinin Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Təsərrüfatın bu növünә investisiyaların cəlb olunması istiqamətində işlər gedir ki, bu da Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında qarşıya qoyulan vəzifələrdən irəli gəlir.

Əsas hədəf baramaçılığın inkişafına töhfə vermək, bu sahәni yeni keyfiyyət mərhələsinə yüksəltmәk və rayonda məşğulluğun artırılmasına nail olmaqdır.

Şərh Yaz