Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlləri

Azərbaycan Respublikasında narkomaniya və narkomanlığa qarşı mübarizə sahəsində qətiyyətli addımlar atılır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur.

“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanı ilə  insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir.

Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib, müvafiq sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə 2024-cü ilə qədər olan dövrü əhatə edən, sayca beşinci «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı» təsdiq edilmişdir.

1999-cu ildə “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.  2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəlxalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və Prezident İlham Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.

Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin alınması, saxlanması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, istifadə edilməsi, onların dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-241-ci maddələri məhz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə aid edilmişdir. Bu cinayətlərin bilavasitə obyekti əhali sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”  28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun  1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir.  Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı sözügedən qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə  və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir.  Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər.

Narkotik vasitələrin və  psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı  müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunur.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına qyed edilən qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir.  Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinə müvafiq olaraq, narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayətkar yolla əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 1 nömrəli qərarının 17-ci bəndinə əsasən, narkotik vasitələrin könüllü surətdə təhvil verilməsi dedikdə, həmin vasitələrə istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin bu vasitələri hakimiyyət nümayəndəsinə könüllü təhvil verməsi başa düşülür.

Beləliklə, cinayət qanunvericiliyi narkotiklərlə əlaqəli cinayətlər törətmiş, yaxud iştirak etmiş şəxslərin islah olunması, cinayətlərin açılmasında və ya qarşısının alınmasında iştirakı və islah olunması üçün imkanlar yaradır.

Nəriman Əsədov,

İsmayıllı rayon prokurorunun böyük köməkçisi II dərəcəli hüquqşünas

Şərh Yaz