Yaddas kitabcasi

Tur-aksiya uğurla başa çatıb

13 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə növbəti  – 11-ci “Ölkəmizi tanıyaq” tur-aksiya təşkil edilib.

Təhsildə uğurları ilə fərqlənən 40 nəfər IX-X sinif şagirdi tur-aksiyaya cəlb olunub. Cənub zonasına – Lənkəran, Masallı və Astara rayonlarına olan maarifləndirici tur-aksiyada onları  4 nəfər tarix və coğrafiya ixtisas üzrə müəllim və bir nəfər həkim müşaiyət edib.
Tur-aksiyanın birinci mərhələsində ökəmizi tanımağa gedəcək şagirdlər və onların valideynləri ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Heydər Əliyev Mərkəzində görüşüb.

RİH başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova görüş iştirakçılarına ölkə başçısının təhsilə, gənclərin inkişafına, yetişən nəsilin vətənpərvərlik ruhunda tərbiyəsinə  Dövlət səviyyəsində  göstərilən yüksək qayğıdan söz açıb.

Ertəsi gün tur-aksiyanın yolasalınma mərhələsində məktəblilər RİH rəhbərliyi və müəllimləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Təzəkənd kənd tam orta məktəbinin IX sinif şagirdi Aysel Bağırlı, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin X sinif şagirdi  Rauf Xəlilov təşkil olunan “Ölkəmizi tanıyaq” tur-aksiyasına görə  ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ediblər. Bu qayğı və diqqətə əməli fəaliyyətləri – yaxşı oxumaları və ölkənin layiqli vətəndaşları olmaları ilə cavab verəcəklərini bildiriblər.

İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Afət Vəliyevanın anası Ofelya Alıyeva tur-aksiyanın təşkilinə görə valideynlər adından minnətdarlıq ifadə edib. O bildirib ki, bu gün ölkədə dövlət-vətəndaş anlamı ən önəmli, diqqətdə saxlanılan məsələdir. Təşkil olunan tur-aksiya da bu qayğının bir nümunəsidir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı və xeyir-duası ilə tur-aksiya iştirakçıları səfərə yola salınıb.

Noyabr ayının 16-da, günorta saatlarında səfəri uğurla başa çatdıran məktəblilər rayonun Mərkəzi meydanında qarşılanıblar. Səfər proqramı çərçivəsində keçirilən intellektual yarışların birinciliyini qazanmış məktəbliləri meydana toplaşanlar alqış sədaları ilə qarşılayıblar. Qarşılama mərasimi qürurverici xatirə şəkillərinin çəkilişi ilə başa çatıb.

Ş.Soltanov

Şərh Yaz