Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı müasir tələblər səviyyəsindədir

Ümummilli lider Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı müvafiq sərəncamla təsis edilən 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü artıq 20 ildir ki, respublikamızın ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş şəkildə qeyd olunur. Ədliyyə işçilərində, eləcə də Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat əməkdaşlarında  mənəvi stimul yaradan bu peşə bayramı, həm də dahi rəhbərin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürüdür. 
Ulu öndərimizin rəhbərliyi altında 1993–2003–cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, bu müddətdə çoxsaylı qanun və digər normativ–­hüquqi aktlar qəbul olunmuşdur. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Bütün sahələrdə əhalinin rifahının, vətəndaşlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan ulu öndərin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 31 iyul 2002–ci il tarixli fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının səyyar qaydada da aparılması müəyyən edilmiş, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüşdür.
2003–cü ildən keyfiyyətcə yeni mərhələdə davam etdirilən məhkəmə–hüquq islahatları çərçivəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, nazirlik dövlətin hüquq siyasətini reallaşdıran əsas orqanlardan birinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev nazirliyin fəaliyyətinin normativ–hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə 18 aprel 2006–cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq etmişdir. Yeni Əsasnaməyə uyğun olaraq nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq–mühafizə orqanı statusu verilmiş, onun fəaliyyət istiqamətləri genişlənmiş, konkret hüquq və vəzifələri müəyyən edilmişdir.
Ədliyyə sisteminin inkişafı ölkəmizdə aparılan genişmiqyaslı islahatların və respublikamızın hərtərəfli tərəqqisinin məntiqi davamıdır.

Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni reallaşdıran Ədliyyə Nazirliyi üzərinə düşən bir sıra vəzifələrlə bərabər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını da uğurla reallaşdırır.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilmiş, Əhalinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılaraq 75 il ərzində toplanmış 15 milyondan çox akt qeydi nəhəng iş sayəsində elektron formata keçirilərək bu sistemə daxil edilmişdir.
Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq son 15 ildə nikahların sayı xeyli çoxalmış, qeydə alınmış doğumların sayı isə 45 faiz artmışdır.
Doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik elektron xidmətlər istifadəyə verilmişdir.
Bu sahədə dövlət qeydiyyatını tənzimləyən yeni normativ–hüquqi aktların hazırlanaraq təsdiq olunması, geniş hüquqi maarifləndirmə işinin aparılması, bununla məşğul olan şəxslərin peşə hazırlığının artırılması məqsədilə seminar və təlim məşğələləri keçirilmişdir.
Məlumdur ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial–müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır, təkrar şəhadətnamələr verirlər.
Ədliyyə Nazirliyinin təklifi ilə doğumun dövlət qeydiyyatının təkmilləşdirilməsi ilə bağlı 20 aprel 2010–cu il tarixli qanunla Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 326–4.3 maddəsinə edilmiş dəyişikliyə görə, üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyənləşdirilən müddətdə müraciət olunmamasına görə xəbərdarlıq edilir və ya 10 manat civarında cərimələnir. Yeri gəlmişkən, onu da qeyd edim ki, qanunvericiliklə müəyyən olunmuş müddət bir aydır.
Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.

Namil Cəbiyev,
İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin rəisi

Şərh Yaz