Yaddas kitabcasi

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Qoruğun sərgi zalında “Basqal kəlağayısı” sərgisi və kəlağayı sənətkarları ilə dəyirmi masa keçirilib. Tədbir Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına salınmasının beş illiyinə həsr olunub.

Tədbirə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Basqal qəsəbə icra nümayəndəsi Novruz Əsədov, italiyalı sənətşünas Giulio Vinaccia, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Mustafayev, sənətşünas alimlər, professor Kübra Əliyeva, professor Rəna İbrahimbəyova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, epiqrafçı alim Həbibə Əliyeva, “Kəlağayı” İpək mərkəzinin rəhbəri Cəlil Tarverdiyev, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçiləri, “Basqal”, “Lahıc” və “Kiş” Dövlət Tarix-Mədəniyyət Qoruqlarının əməkdaşları, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri, Basqallı kəlağayı sənətkarları (Ələsgər Xəlilov, Mürşüd Talıbov, Abbasəli Talıbov, Nizami Məmmədov və digərləri), halvaçılıq, meyvə məti istehsalı, xalçaçı və muncuqla düzüm üzrə Basqal sənətkarları, rəssamlar, müəllimlər, elmi işçilər qatılıblar.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli dəyirmi masanın Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına salınmasının beş illiyinə həsr olunduğunu bildirib. O, bundan sonra 26 noyabrı “Kəlağayı günü” kimi qeyd etmək istədiklərini vurğulayıb. Məqsəd Basqalda kəlağayı sənətkarlarını bir yerə toplamaq və mövcud vəziyyəti müzakirə etməkdir. Dövlət Turizm Agentliyinin kəlağayı sənətkarlığı ilə bağlı layihə və proqramlarının hazırlandığı diqqətə çatdırılıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev kəlağayı sənətkarlığı üçün lazım olan xammalın – ipəyin istehsalı və baramaçılığın inkişafı üçün İsmayıllı rayonunda şəraitin yaradıldığını qeyd edib. Geniş tut bağlarının salındığını, ilbəil barama istehsalının artdığını, hazırda 6 min tona çatdığını bildirib. Belə bir günün təsis edilməsinin əhəmiyyətini qeyd edib, gələn illərdə “Kəlağayı festivalı” səviyyəsinə qalxacağına ümid etdiyini vurğulayıb.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Mustafayev Agentliyin Basqalda gördüyü işlərdən, hazırladığı layihələrdən danışıb. Kəlağayı sənətkarlarının işinin stimullaşdırılması üçün proqramlar hazırlandığını, ipəyin istehsalından kəlağayının boyanmasına qədər prosesin Basqalda həyata keçirilməsinin turistik əhəmiyyətini qeyd edib. Qoruğun mini kəlağayı tədris mərkəzini qurmaq istədiklərini, bu istiqamətdə professor Kübra Əliyeva, basqallı sənətkar Mürşüd Talıbov və özəl tədris mərkəzlərindən “Nuğay” Sənət, Tədris, Bərpa və Konservasiya mərkəzi ilə müzakirələr apardıqlarını əlavə edib.
İtaliyalı sənətşünas Giulio Vinaccia Basqal kəlağayı ustalarının məlumat bazasını yaratdıqlarını, onların özləri və gördükləri işlər haqqında məlumatı bazada yerləşdirdiklərini, bunun əhəmiyyətini bildirib. Yeni dizaynlar üzərində işlədiklərini və Basqal sənətkarları ilə əməkdaşlığın genişləndiriləcəyini qeyd edib.
Daha sonra professor Rəna İbrahimbəyova, professor Kübra Əliyeva, “Kəlağayı” İpək mərkəzinin rəhbəri Cəlil Tarverdiyev, Basqal kəlağayı sənətkarı Ələsgər Xəlilov çıxış ediblər. Mövcud vəziyyətdən, Basqal sənətkarlarının problemlərindən, sənətin davamlı olması üçün birgə əməkdaşlığın vacibliyindən danışılıb. Mütəxəssislərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçiləri Rüxsarə Muxtarova və Şəhla Xəlilli Basqal Hacı Bədəl məscidindən Basqal Qoruğuna daxil olmuş qədim əlyazmaları sistemləşdiriblər.
İtaliyalı sənətşünas Giulio Vinaccia və Dövlət Turizm Agentliyinin əməkdaşı Leyla Musayeva Basqal sənətkarlarının evlərində və emalatxanalarında olub, mövcud vəziyyəti yerindəcə təhlil ediblər.
Sonda qonaqlar Basqal Qoruğunun hazırladığı sərgi və Şeyx Məhəmməd məscidində aparılan arxeoloji qazıntılarla tanış olublar.

 

Şərh Yaz