Komitə sədri İsmayıllıda

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 26 iyul 2019-cu il tarixində İsmayıllıda vətəndaşlarla qəbulu yekunlaşdırdıqdan sonra ulu öndər Heydər  Əliyevin adını daşıyan mərkəzin konfrans zalında ictimai fəallığı ilə seçilən, ayrı-ayrı xidmət sahələrində çalışan qadınların bir qrupu ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova qonaqları, tədbir iştirakçılarını salamlayıb, çıxış üçün Komitənin sədri Hicran Hüseynovaya söz verib. Komitə sədri İsmayıllıda gedən sosial-iqtisadi inkişafdan danışaraq əldə olunan uğurlarda qadınların da xüsusi zəhmət payı olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin ideyalarını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı, yürütdüyü siyasət nəticəsində Azərbaycan qadınları üçün yaradılmış rahat və zəngin həyat şəraiti barədə danışıb.

H.Hüseynova çıxışında müxtəlif dövlət qurumlarında – təhsil və mədəniyyət sahəsində, ictimai həyatda, tərbiyə işində fəallıqla çalışmalarını bildirib. Həmçinin qeyd edib ki, qadınlarımız daha mötəbər vəzifələr tutmaq üçün  daha savadlı olmalı, ailələrin möhkəmliyi, tərbiyə işinin təşkili yolunda daha inamlı addımlar atmalıdırlar.
Yığıncaqda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Rayon Mərkəzi Xəstəxanasının həkimi Narxanım Əkbərova və başqaları çıxış ediblər. Çıxış edənlər dövlət qadın siyasətinin müxtəlif məqamlarına toxunub, göstərilən qayğı və diqqətə görə minnətdarlıq ediblər.

Ş.Soltanov

Şərh Yaz