Zubrlar təbiətə qaytarılır

3-5 iyul tarixlərində “Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA ictimai birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib. Düşərgədə İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin 30-dan çox məktəblisi iştirak edib.

“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi reintroduksiya olunmuş zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günü iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunmuş ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə ediblər. Məktəblilər bu nadir canlı növünün təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən layihə ilə bağlı seminar, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə  iştirak ediblər.

Düşərgənin ikinci gününü iştirakçılar Azərbaycanın ən böyük Milli Parkı olan Şahdağ Milli Parkına ekskursiyada keçiriblər. Ekskursiya zamanı onlar Milli Parkın zəngin bioloji müxtəlifliyi ilə yanaşı, Şahdağ Milli Parkının ərazisində zubrların adaptasiya dövrlərini təhlükəsiz keçmələri üçün yaradılan xüsusi komplekslə tanış olub, may ayında ölkəmizə reintroduksiya olunmuş zubrları izləyib, heyvanların bu növü haqqında məlumatlar əldə ediblər. Günün ikinci yarısında rayonun Aşıqbayramlı su anbarına ekskursiya təşkil olunub.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Məlumat üçün bildirək ki, Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təbiətin Mühafizəsi Fondunun Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirilməkdədir. Layihə çərçivəsində vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz – Qafqaz zubru növündən olan 12 baş heyvan may ayında Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra təbiətə sərbəst buraxılacaq. Ölkəmizə bu il daha 8 baş zubrun gətirilməsi nəzərdə tutulur. Sözügedən layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.

IDEA ictimai birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən, hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Lənkəran rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak edib.

Şahin Gənciyev,

İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı

 

Şərh Yaz